понедельник, 13 мая 2013 г.

Fahişənin namusu

   Fahişə... Balaca uşaqdan, ağ saqqal, ağ birçəklilərə kimi hər birimiz bu adın altında yatan insanları çox gözəl tanıyırıq. Hətta deyərdim ki, o insanlara cəmiyyətimizin ən alçaq bir təbəqəsi kimi baxırıq...
  Hətta bəzən fərqi yoxdur istər kişilər arasında, istərsə də qadınlar arasında bu sözü təhqir kimi işlədirik. Bəzən bu ada görə insanlar ölür, öldürülür...Siyasi arenada da fahişə sözü artıq ümumişlək sözə çevrilməkdədir.
  Əslində fahişələr kimdilər?
- Fahişələr el gözü ilə baxsaq öz cismlərini satan insanlardılar.
  Hər bir kişi özünə mənəvi borc bilir fahişələrlə yatmağı. Hətta fahişəylə yatmayan kişilərə də pis baxılır. Məsələn deyirlər ki, sən necə kişisən ki, indiyə kimi heç bir fahişəylə yatmamısan? -Sən impotetsən ki, hələ də fahişəylə yatmamısan?
  Qadınlar bu məsələyə necə baxır?
- Qadınların bəlkədə arzusudur ki, həyat yoldaşı fahişəylə yatmasın. Onu rəzillik hesab edirlər. Hətta qarşılarındakı insanın, həmsöhbət olduğu insanın fahişə olduğunu bilsələr bəlkə də həmin qadını parça tikə edib yüz yerə bölərlər...Nə bilim, bəlkə özlərini belə göstərirlər, əslində belə deyillər?
Amma insanları tanımaq elə də asan deyil, bu cəmiyyətimizin baxış tərzidir.
Gənclər fahişələri necə tanıyır?
-Gənclərin hər birisinin arzusudur ki, qadınla-fahişəylə yatsınlar, onlarla xüsusi zövq yaşasınlar. Yenə də insan təlabatıdır, üzdə pisləsək də 2 dost bir araya gələndə bununla bir-birləri qarşısında öyünürlər...Necə? Məsələn : "Brad dünən bidəə civiynən yatdım, bilirsən nə bomba şeydi?"
Yəni belə... Hər bir insanın xaricində başqa mən, daxilində isə başqa bir mən gizlənir. Amma cəmiyyət içində özlərini elə göstərirlər ki, sanki bir-birləri ilə fahişəylə yatdığına görə öyünən insan deyillər...Bəzən isə yolda söz atıb tanış ola bilmədikləri qıza fahişə deyib keçirlər... Amma bu sözün mahiyyətini heç də dərk etmirlər...

Ümumilikdə fahişələr kimdilər? (Şəxsi baxışım, subyektiv fikirlərim / fahişələrdən biri ilə söhbətimdən çıxardığım nəticə) (Qısa dialoq)

Mən: Salam. Neçə yaşın var?
O: Salam. Neynirsən, bu sənin üçün niyə maraqlı olsun ki?
Mən: Heç sadəcə soruşdum.
Onun fahişə olduğunu bir kənara qoyub insan kimi danışdım xeyli deyib, güldük. Sonra bir az ciddi görünüş alıb yenə sual verdim
Mən: Niyə belə edirsən ki, sən bura nə vaxt gəlmisən?
O:  Nə edirəm, xalqıma xidmət edirəm də, çoxları heç bunu da bacarmır... Bura 10 il olar gəlmişəm...
Əlimdəki Franz Kafkanın Məhkəmə romanını görüb güldü...
O: Kim oxuyur bu kitabı, sən oxuyursan?
 (xatırladım ki, mən oraya başqa bir dostumla getmişdim)
Mən: Hə mən oxuyuram, nə olub ki?
O: Heç, mən sənin başındakı tüklərin sayı qədər kitab oxumuşam, ali təhsilim var amma indi burdayam. (gülümsəyərək) Sən bunları oxuyub Allah bilir harda olacaqsan...
Mən: Əsində mən fahişələr haqqında bəzi kitablar oxumuşam, çox acınacaqlıdır mənə onların taleyi (üzümü ona tərəf çevirərək)
O: Niyə acınacaqlı olsun ki, sən mənim peşəm haqqında niyə belə düşünürsən?
Mən: Acınacaqlıdır, gündə onlarla kişi ilə yatmaq, məcburi "zövq" yaşamaq... Bilirsən mən fahişələrlə görüşəndən, həmsöhbət olandan sonra vicdan əzabı çəkirəm, niyə ani bir hissin ucbatından belə bir iş görürəm.
O: Xeyr. Sən heç də elə fikirləşmə. Sən yalnız və yalnız bir şey düşün. Birisinin ailəsinə çörək verdin, birinin uşağının ac qalmaması üçün yardım etdin...
Mən: Amma...
O: Gecə saat 3-ə kimi burdayam. (Siqareti ağzına qoyaraq, Səbiş Xədicəyə denən ordan alışqan gətirsin) Gör saat 3-ə kimi nə qədər adama xidmət göstərəcəm (gülümsəyərək).
Mən: Nə bilim, heç bilmirəm nə deyim... Amma onu bilirəm ki, əclaflıq edirəm...
O: Elə düşünmə can. Sadəcə bundan həzz almağa çalış... Nə vaxt istəsən gələ bilərsən. Əslində bizi nə qədər alçaltsalar da, söysələr də, hamı bizim peşəmizi bir-birinə söyüş kimi istifadə etsə də, bizi tanıyanlar bizə qarşı murdar rəftar etsə də vicdanımız təmizdir. Biz xalqın pulunu mənimsəmirik, biz rüşvət almırıq, biz ev yıxmırıq, biz məhkəmədə hakim olub saxta qərar çıxarmırıq (əlimdəki kitabın üzərinə yazılan "Məhkəmə" sözünü göstərib), bizim heç yerdə villamız yoxdur, bizim heç yerdə bank hesabımız yoxdur. Özüm də sosial şəbəkələrdə, odnoklassnikidə yazılanları oxuyuram. Mənə demək olar ki, bütün partnyorlarım belə suallar verirlər. Hər birinə də bu ölkədəki cismi qeyrətli görsənib ruhu, ürəyi fahişə olanlardan bəhz edirəm. Bu xarabadakı haqsızlıqdan bəhz edirəm. Amma o qədər cəmiyyətimiz korlanıb ki, hətta fikir vermişəm danışdıqlarımdan fikirləşmək əvəzinə həzz alırlar. Necə bir ölkədə yaşadığımı da fahişə olsam da, çoxlarından yaxşı bilirəm. Boş ver...(Əlini mənə uzadaraq) Bəlkə bir daha görüşdük, hələlik...

  Bu tərbiyəsiz, əxlaqsız adlandırdığımız bir xanımın mənə dediyi bu sözlər həqiqətən ürəyimə iynə kimi sancıldı. Bu fahişənin düşündüklərini, gücü çatıb deyə bildiklərini kaş ki, hər bir vətəndaş deyə biləydi... Həqiqətən etiraf edirəm ki, fahişələri cəmiyyətimizin ən pis nümayəndələri hesab edirik. Amma daha mən belə düşünmürəm. Heç vaxt da elə düşünməyəcəm. Çünki əgər normal insanlar bunu bilib, düşünüb susursa, onlar buna susmayıb danışırsa onlar haqqında neqativ düşünməyə zənnimcə haqqım yoxdur... Onların cismi fahişə olsa da, ürəkləri fərqli olaraq fahişə deyil...

  • Fikirlərinizi aşağıda qeyd edə bilərsiniz.

вторник, 7 мая 2013 г.

Qanuni vətəndaş olmalıyıq...

  İnsanlar müxtəlif olurlar. Bu qəbulediləndir. Eyni xüsusiyyət və xarakterə malik insanlar çox az hallarda rast gəlinir. Amma ümumu baxışdan insanlar eynidir. İstisna hallarda bəziləri idarəolunan küt kütlədən seçilməyi irəli çıxıb mən küt deyiləm deməyi bacarır. Bəzən isə həmin insanlarda küt olaraq kütləyə qarışırlar. Ən acınacaqlısı isə insanlarda genişmiqyaslı laqeyidlik hissinin kəskin formada formalaşmasıdır.
  Misal üçün. Əvvəl iki nəfər bir-biri ilə savaşıb dalaşarkən döyülən adam polisə şikayət verməzdi, iki nəfərin dalaşdığını görənlər onları aralaşdırmağa cəhd edərdi və s. Amma indi vəziyyət necədir? İndi bəzi insanlar qəsdən dava salıb ilişdirmək üçün hətta başlarını irəli edirlər ki, kişisənsə vur. Sən həmin an onun başını sığallasan belə həkimdən kağız alıb polisə şikayət verəcəklər ki, kəllə beyin travması alıb, cərimələnir hətta cinayət işi də açılır ki, qəsdən sağlamlığa zərər vurma maddəsi ilə. Yaxud iki nəfər yolda dalaşan adam görəndə hamı kənar gəzir ki, əşi ac qulağım, dinc qulağım nəyimə lazımdı kim kimi döydü öldürdü neynədi, bəzən hələ telefon da çıxarıb video çəkirlər sonra youtube-yə yerləşdirirlər ki, yolda bir qaqaş o birisin peysər çıxartdı, yaxud sındırdılar razborkada və s...
  Yaxınlarda rast gəldiyim bir hadisədən bəhz edim sizə. Bir yaxın dostumla yol gedərkən dostum özünü çox piss hiss etdi, qeyri-iradi olaraq qıçları qatlandı və özünü itirdi. Tez yaxında olan stula otuzdurduq. Hamı yığışdı ətrafımıza. Amma cəmi 2 nəfər kömək üçün yaxınlaşdı. Hamısı yığışıb, bir az həyəcanlı olduğum üçün ətrafda deyilənləri dinləyə bilmədim amma bəzilərin digər dostlar dinləyib dedilər ki, gör nə qədər içibsə yolda yıxıldı, yəqin bu nəysə çəkib eliyib, artislik edir görmürsən? bu kimi replikalar atırlar, hələ utanmasalar telefonda çıxardıb çəkərlər. Amma bəhz etdiyim iki nəfər, biri cavan qız, digəri isə yaşlı rus xanım. Əlindən gələn köməklik etdilər, hətta rus anım çantasından naşatr spirti də tapdı çıxartdı dostumuza qoxulatdı ki, huşunu itirməsin ayılsın. Əllərini ovdu, bir sözlə ilk tibbi yardımı etdilər. Hələ bu azmış kimi polislər müdaxilə etdi. İlk baxışdan yaxşı təsir bağışladılar düzü. Kömək lazımdır, təcili yardım çağıraq? Bir az dostumuz özünə gəldikdən sonra qərara gəldik ki, təcili yardıma ehtiyyac yoxdur. Daha sonra eçdik polislərin sorğu sualına. Bir əlində ötürücü rəislə canlı bağlantıda olan polis bizi sorğu-suala tutdu. Kimdi bu, adı nədi, siz kimsiniz, bunun nəyisiniz, telefon nömrəniz nədir, harda yaşayırsınız, harda qeydiyyatdasınız, ev telefon nömrəniz neçədir və s. dostumuzu taksiyə otuzdurub evlərinə yola saldıq hələ də polis sorğu sualdan əl çəkmədi. Bütün məlumatları verdikdən sonra nəhayət bizi buraxdı.Və həmin əraziyə söhbət yayıldı. Hamı eyni söz danışırdı: - Ayə gördünüz orda bir nəfər yıxılmışdı?
  Bu hadisədən sonra millətimizi bu düşüncə tərzinə görə qınadım. Adamlarda bir qram da olsun insaf yoxdur. Yolun ortasında yıxılıb ölsən belə bir nəfər halına yanmaz ki, ay adam niyə ölürsən? Yaxşı ki, ölkəmizdə ruslar, digər millət nümayəndələri var yoxsa dostum da bəlkə indi xəstəxanada idi. Bilirsiniz heç milləti də qınamıram. Həqiqətən etiraf etmək lazımdır ki, bu milləti bu günə rejim qoyub. Sual yarana bilər ki, niyə?
-Ona görə ki, artıq ölkədə elə bir situasiya yaranıb ki, hər kəs öz başının hayındadır, hər kəs ac qulağım dinc qulağım prinsipi ilə yaşamaq məcburiyyətindədir. Həqiqətən acınacaqlı vəziyyətdir. Bir ölkədə ki, qanunlar tərsinə işləyir, bir ölkədə ki, pul qanundan yüksəkdə dayanırsa, bir ölkədə polis sistemi bərbad vəziyyətdədirsə, bir ölkədə polislərin sayı adi vətəndaşların sayına bərabərdirsə o zaman da elə olacaq. Artıq başqaları üçün kimsə önəmli deyil, hətta ölsən də bəlkə də gəlib üzünə bir dəsmal sərəcəklər ki, Allah rəhmət eləsin, heç gözlərini ndə yummayacaqlar.  Amma bir məqamda xalqımızı, millətimizi qınayıram ki, bunlara da biz şərait yaratmışıq, bunları da başımıza biz çıxartmışıq, ölkədə hər şeyi pulun həll etməsi üçün hamıdan qabaq əlimizdə pul idarələrin qarçısında dayanmışıq, sözümüzü demək üçün çəkinmişik, övladımızı polis olub 350 manat maaş alsın deyə 15 min manat verib ya polis akadeiyasında, ya da qanunsuz yolla rəislərə rüşvət verib işə düzəltmişik ki, getsin pul qazansın. Qanun bilməyən insan gedib polis olub digərlərinin haqqını necə müdafiə edəcək ki? Bu baxımdan da mən hesab edirəm ki, ilk növbədə problem millətimizdə, xalqımızda sonra bu rejimdədir. Amma müəyyən mənada indiki hakimiyyət də xalqın təlabatəna uyğun olaraq belə edir. Xalq tələb etsə onlar da məcburiyyətdən düz yola dönərlər.
  Hər birimiz vətəndaş olaraq hüquqlarımızı bilməliyik, haqqımızı müdafiə etməyi bacarmalı, sözümüzü deməyi bacarmalıyıq. Fərd olaraq korrupsiyaya qarşı mübarizə aparmalıyıq. İlk öncə özümüz nə yolu ilə olursa olsun pul vermədən işimizi qanun çərçivəsində həll etməli, qanunsuz işlərdən uzaq olmalı, qanunsuz işlərimizi korrupsiya hesabına qanun çərçivəsinə salmamalıyıq. Bu da zənnimcə ölkədəki vəziyyətə ələ almağa müsbət təkan verəcəkdir.

вторник, 23 апреля 2013 г.

Masonlar kimlərdir və masonluq necə yaranıb.



 Əfsanəyə görə kral Davud Qüdsdə “Allahın evi” –ni inşa etdirmək üçün ölkənin hər yerindən 40 min işçi toplayır. Bu toplanan işçilərə mason deyilirdi.  “Mason” kəlməsinin mənası divar ustası (bənna), “formason” sözünün mənası isə azad bənna deməkdir. Hələ inşaat işləri başa çatmadığı bir dövrdə kral Davud ölür və işi oğlu Süleyman davam etdirir. Sonradan “Süleyman məbədi” adını almış tikilidə işləyən ustalardan birinin adı Adon Hiram idi. O, dul bir qadının oğlu idi. Hiram tabeçiliyindəki işçiləri çıraq, kalfa və ustaya bölərək hamısına memarlıq sənətinin bir hissəsini öyrətmişdir. Bunların hər birinin özünə aid sirləri olur və onlar bir-birlərinin sirrlərini bilə bilməzmişlər.
  Sonralar Hiram üç kalfa tərəfindən öldürülür və gizlincə dağda basdırılır. Hiramın öldürülməsi və basdırılması sonrakı dövrlərdə masonların keçirdikləri gizli mərasimlərdə icra olunur.
  Masonluğun gizli və imtiyazlı bir cəmiyyət halına gəlməsi orta əsrlərdə olmuşdur. Bu dövr masonluğun fəlsəfi və ticari istiqamətdə inkişaf etdiyi dövrü idi. Ancaq günümüzə doğru fəlsəfi  xüsusiyyətlər,  dini və metafizik anlayışlar büsbütün yox olaraq siyasi və iqtisadi mənada bir imtiyazlılar və mənfəət ortaqlarının zümrəsi formasını almışdır. Mason sözü orta əsrlərdə də bənna (fəhlə) mənasında ifadə edilirdi. Hər yerdə məbədlər, kilsələr inşa edilir və burada yüz minlərlə mason işləyirdi. Bunların əksəriyyəti Suriya, Misir və Fələstindən gəlmişdilər. Onlar bu tikililərə gəldikdə Hiram əfsanəsinin və Tövratın öyrətdiklərini və təlqin etdiyini də özləri ilə gətirirdilər.
  Beləliklə, inşaatçı masonlar müəyyən dərəcələrlə, simvollarla bir-birlərinə bağlandılar. İnşa etdikləri məbədlərə, tikililərə özlərinəməxsus işarələr çəkərək öz müəlliflikliklərini həkk etdirirdilər. Beləliklə bu işarələr getdikcə onların simvollarına çevrilməyə başladı. Onlara əməli masonlar deyilirdi. Artıq onlar Allahın evini tikdikləri üçün ətrafdakılar tərəfindən müqəddəs hesab edilməyə başladılar.Əməli masonlar məsləklərini icra edərkən bir neçə yeni inşaat texnikası və sirrlər də yarandı.Sonralar bu masonlar krallar tərəfindən vergidən azad olundular.Və buna görə də ətraflarındakı insanlar masonluğa cəlb olunurdular. Bəzən onlara toxunulmazlar da deyirdilər. Bu isə cəmiyyətin marağına səbəb olurdu. Onlar bu imtiyazlardan istifadə edərək nüfuzlu bir sinif halına gəlmək üçün aralarına daxil edəcəkləri yeni-yeni şəxslərə də həssaslıqla yanaşmağa başladılar. Artıq bu tarixdən etibarən masonluq bir mənfəət topluluğu xarakteri almağa başlayır. Masonların öz aralarındakı münasibətlərini ilk dəfə olaraq yazılı halda nizamlamaq və ölkənin kralına qəbul etdirmək imkanları da bu illərə təsadüf edilir. Masonluq tarixi baxımdan şox mühüm yazılı sənədlər olan Hallison Manskipisi və Cark konstitusiyası masonluğun 924-cü ildə İngiltərəyə daxil olduğunu və xüsusilə XIII və XIV əsrlərdə gücləndiyini göstərməkdədir.
  Beləliklə masonlar cəmiyyətdə üstün mövqe tutmağa başladılar. Masonluq orta əsrlərdə usta və qalfaların təşkil atdikləri lojalar ((Əsnaf təşkilatlar) Loja-fransızca “loge” tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer). əsasında formalaşıb inkişaf etmiş, dövrümüzə bütün dünya ölkələrini əhatə edən , çoxsaylı özək və dayaq dəstələri  ilə hörümçək torunu xatırladan bir super təşkilat şəklində gəlib çıxmışdır.Bunlar leqal və qeyri-leqaı fəaliyyət göstərməsindən asılı olmayaraq, həmişə və hər yerdə bənnalıq və memarlıq atributlarını öz təşkilatlarına rəmz (emblem) seçmişlər.Həmin rəmzlər içərisində bənna önlüyü, xətkeş, pərgar, mala, sütun və bəzən quru insan kəlləsi ən çox rast gəlinən emblemlərdəndir.
    Sionist təşkilatının üst qurumu olan mason lojalar sisteminin başında duran şəxsə (onun şəxsiyyəti çox zaman məlum olmur) Məşkiri-Əzəm deyilir.Bu şəxsin İsrailin “Mossad” şəşfiyyat servisi və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx işbirliyi içində olması haqqında fikirlər mövcuddur.
  Masonluğun bugünkü formada təşkilata çevirilməsi 1717-ci ildə London Böyük Lojasının qurulması ilə başlamışdır. Modern masonluğun tarixi 1717-ci ilin 20 sentyabrından hesablanır.Bu quruluş çoxdan tacir və ustalar təşkilatı deyil, böyük informasiya kralları, sahibkarlar, mafiozlar, siyasi xadimlər, ziyalılar, dövlət adamlarını və başqalarını varlanmaq, qazanc əldə etmək ideyası, üzdə olan sıravi üzvlər üçün nəzərdə tutulmuş və sionistlərin dünya ağalığına yönəlik hərakatını gizlətmək məqsədi daşıyır.
  Təşkilat keşiş (papaz) olan Anderson tərəfindən hazırlanan, 1723-cü ildə Böyük Loja tərəfindən qəbul edilərək çap atdirilən və zaman-zaman təkmilləşən “Mason qanunlar toplusu” əsasında fəaliyyət göstərir. Bu təşkilatın üzvləri Amerika istiqlalı, Fransa inqilabı kimi böyük tarixi və siyasi hadisələrdə və dövlətlərin idarəsində mühüm rol oynamışdır.
  Masonluq hələ Türkiyədə 1723-cü ildə sistemli şəkildə kök salmağa başlamış və 1738-ci ildə, o zaman Osmanlı imperiyasının tərkibində olan Hələb şəhərində (Suriyada) ilk lojasını qurmuşdur. 1856-61 –ci illərdə Türkiyədəki mason lojalar İngiltərə böyük lojasına bağlandı. Sultan ll Əbdülhəmid xan dövründə masonluq Türkiyədə qadağan edildi və bu səbəbdən də Sultan ll Əbdülhəmid xan indiyə qədər də bir çox ziyalıların təfəkküründə mənfi obraz kimi həkk olunmuşdur. Sultan ll Əbdülhəmid xanın devrilməsində də masonlar bilavasitə rol oynamışlar. Bundan sonra onların fəaliyyəti üçün yeni bir dövr açılmış və 1909-cu ildə “ürkiyə Böyük Lojası” qurulmuşdur. 1935-ci ilə qədər fəaliyyət göstərən bu loja Atatürk tərəfindən ləğv edilmiş və mason olan daxili işlər naziri Şükrü Qayanın əli ilə masonluq dağıdılmışdır.
  1946-cı ildə masonluq “Türkiyə Yüksək Şurası”  adı altında yenidən fəaliyyətə başladı. “Türk Yüksəltmə Cəmiyyəti” adı ilə yad edilən “Türkiyə Böyük Lojası” 1964-cü ildə Şotlandiya, 1970-ci ildə isə İngiltərə Böyük Lojasına bağlandı.

Tarixi faktlar və bəzi hissələr Bəxtiyar Tuncayın 1990-cı il  “Müsavat” qəzetində nəşr edilmiş “Masonluq və Azərbaycan” məqaləsindən götürülüb.

понедельник, 22 апреля 2013 г.

Təhsil və "Təhsil"

  İlk öncə lap əvvəldən başlamaq istəyirəm. Lap birinci sinifdən.
 
Hər birimiz birinci sinifə gedərkən çox həyacanlı oluruq, bir az da qorxu hissi. Nələr baş verəcəyini bilmədiyimiz üçün bəzən ağlayırıq da. İlk dərs günü... Müəllimə gül bağışlamağımız, müəllimlə tanışlığımız...Daha sonra ilk dəfə müəllimin bizə qələm tutmağı öyrətməsi, əlimizdən tutub bizə hərif yazdırması. Çox saf, ülvi hisslərdir bunlar. Hətta bəzən həmin anları xatırlayarkən belə həmin həyacanı yenidən yaşayırıq. İbtidai sinifdə hərifləri, bəzi primitiv hesablama qaydalarını öyrənirik. Və ilk imtahanımız və ibtidai siniflə vidalaşmağımız, 5-ci sinifə qədəm qoymağımız, fərqli fənnlər, fərqli müəllimlərlə qarşılaşmağımız çox gözəl duyğular yaradır. Gözəl duyğularla yanaşı ciddi problemlərin də başlanğıcı məhz həmin illərdən başlayır...
  Dərslərin çətinliyi, hər cür simada müəllimlərlə rastlaşmaq bəzən bizə təhsili sevdirir, bəzən isə bizi təhsildən uzaqlaşdırır. Burada təbii ki, müəllimin rolu mühümdür. O bizə elmi həm sevdirə, həm də niffrət etdirə bilər.Artıq yuxarı sinifə qədəm qoyduqca, qarşımızda məsulliyyət artdıqca problemlərimiz də böyüyür. Şagirdlərin təhsilə itməkdə olan marağına, təcrübəsiz müəllimin təkan verməsi bizi təhsildən uzaqlaşdırması prosesi kəskin hal almağa başlayır. Daha sonra valideyinlərin təkidi, inadı və ali məktəbə hazırlaşmaq mərhələsi...
  Düzü valideyinləri niyə övladlarını təhsil almağa zorladıqları üçün qınaya bilmərəm, haqqımda yoxdur amma bəzən onların övladlarını məcburi şəkildə təhsilə yönətmələri həm övladları üçün, həm də ölkəmizin gələcəyi üçün çox təhlükəlidir. Niyə? -Ona görə ki, təhsilə marağı olmayan bir tələbə sırf univrsitetə qəbul olmaq üçün "oxuyur" (onsuzda ali məktəbə qəbul olmaq o qədər asanlaşıb ki, 200 hətta 150 balla da qəbul olmaq mümkündür) qəbul olur universitetə və qara günlər başlayır. Tamamilə oxumağı bir kənara atır, zatən oxumaq istəsə belə demək olar ali təhsil ocaqlarında təhsil sıfır səviyyəsindədir (istisnalar olmaq şərti ilə).Bir şey düşünür tələbə pul tapmaq semestri yola vermək, qayıbları sildirmək üçün dekana pul vermək və s. Tam təhsilsiz yetişən bu kadr sabah hansısa bir müəssisəyə işləməyə gedir və ölkəmizi çökdürmək prosesi daha da sürətli şəkildə gedir. Savadsız tələbə, sabahın savadsız işçi kadrıdır.
  Təsəvvür edək ki, valideyin universiteti bitirmiş savadsız övladının gələcəyini zorlayır. Övladını pul verərək universitetə müəllim işə düzədir, yaxud da məktəbə müəllim. Bu savadsız kadr qarşısındakı tələbəyə, yaxud şagirdə nə öyrədəcək? Və bu ardıcıllıqla da ölkəmiz süquta doğru gedir. Məcburiyyətlə təhsilə yönəldilmiş bir gənc ölkəni iflasa, uçuruma aparmaqda davam edir. Bu da zəncirvari olaraq günümüzün aktual məsələsidir.

  Mən düşünürəm ki, gəncləri təhsil almağa məcbur etmək lazım deyil. Siz valideyin olaraq öz təklifinizi verin. Əgər övladınız oxumaq istəmirsə onu zorlamayın. O bəlkə də öz sevdiyi peşəsini tapacaq, gələcəyin digər peşəkar mütəxəssislərindən olacaq?
  Hal-hazırda ölkəmizin təhsil sistemi demək olar ki, tam bərbad vəziyyətdədir. Yeni nazir inanmıram ki, bu məsələlərin öhdəsindən gəlsin. Ümid etmək istərdim, istərdim ki, bu məsələləri həll etsin amma artıq proseslər o qədər bir-birinə bağlı cərayan edir ki, tam cidi şəkildə yeni sistem qurulmalıdır ki, köklü müsbətə doğru dəyişikliklər olsun. Qanunlarda olan boşluqlar istənilən şəxsə şərait yaradır ki, savadsız ola - ola vəzifəyə gəlsin, təhsilimizdə olan boşluqlar savadsız insanın alim olmasına tam şəkildə şərait yaradır. Bütün bunların həlli açarı puldur. Zənnimcə pulun bu vəya digər məsələlərdə rolunu sıfıra endirmək lazımdır.
  Ən əsası isə böyük məsuliyyət bizlərin, vətəndaşların, valideyinlərin üzərinə düşür. Övladlarına seçim azadlığı verilməlidir, onlar robot kimi valideyinin qərarları ilə gələcəklərini təyin etməməlidirlər. Əgər bir insanı məcburiyyətlə təhsilə dəvət edirsinizsə əmin ola bilərsiniz ki, vaxtınızı boşuna xərcləyirsiniz və siz heç nəyə nail ola bilməyəcəksiniz. Hal-hazırda nəyəsə nail ola bilərsiniz (təbii ki, pul hesabına) amma müəyyən müddət keçdikdən sonra rejim savadsızların ucbatından çökəcək o zaman sizin bütün əldə etdiyiniz "nailiyyət"-lər sıfır olacaq.
- Əgər övladınızın təhsilə marağı varsa siz onu lap bütün günü işə istismar etsəniz belə heç nəyə nail ola bilməyəcəksiniz, övladınız oxumaq yolunu seçəcək, əgər övladınızın oxumağa marağı yoxdursa, siz onu məcbur edib oxudursunuzsa enində, sonunda o yenə avaralıq yolunu seçəcək. Əgər övladınız narkoman olmaq istəyirsə (bilirəm sizin üçün buna seyici qalmaq çox çətindir) toxunmayın narkoman olsun amma savadsız biri olmasın, cahil biri olmasın. Əgər sizin övladınız alim olmaq istəyirsə siz onu narkomanlığa sövq etsəniz belə o alim olacaq. Bu həyatın isbata ehtiyyac olmayan bir aksiomudur...

пятница, 19 апреля 2013 г.

Azad olmayan ölkənin "Azad qadın"-ı.

Əvvəla bir qısa arayış verim ki, bu yazı tam reallığa əsaslanır. Müşahidə etdiyim bir xanımın bir neçə gündə başına gələn hadisələrdən bəhz edəcəyəm.

 Xanımın adı Sevil-dir. 27 yaşı var. Bu yazını yazmaq üçün təbii ki, həmin xanımdan icazə aldım. Xanımın iki övladı var. Bir oğlan, bir qız. Daha hamilə ikən Sevilə həyat yoldaşı çox mənəvi və fiziki əzablar verir, xanımı vəhşicəsinə alçaldırmış. Səbəbi isə qaynanasının (yoldaşının anasının) Sevilin ikinci hamiləliyinə narazı olması imiş.
  Sevil ikinci dəfə hamiləliyində oğlan uşağına hamilə imiş. Bu gözü götürməyən yoldaşının bacıları və anası Rasimi (Sevilin yoldaşı) öz yoldaşının üstünə qaldırır o isə iradəsizcəsinə öz yoldaşına əl qaldırır və döyürmüş.
Hətta hamilə ikən Rasim Sevilin qarnına belə təpik vurmaqdan çəkinmirmiş. Rasim isə iradəsiz və aciz içki düşkünün biridir. O bütün gün içir, çəkir restoranlarda keflənir evə içkili vəziyyətdə gələrkən isə anası, subay və boşanmış bacıları onu qızışdırır, o isə utanmazcasına öz yoldaşını döyürmüş. Bu azmış kimi qaynatası da oğlunun "ailə sevgisindən" istifadə edib öz gəlininə əl qaldırır və döyürmüş. Hətta qaynatasının ayağına düşüb yalvaran Sevilə acımayaraq ayağı ilə təpik də vururmuş. Sevil hətta gecələr belə çöldə gecələmək məcburiyyətində qalırmış.
  Təsəvvür edin. Hamilə qadın gecəni hətədə donaraq keçirdir...Buna doğulmuş övladına və doğulacaq övladına görə dözən Sevil uzun müddət dözür.Övladı dünyaya gəlir. Nəhayət yeni ümidlər yaranır. Bəlkə hər ey yaxşı olacaq deyə. Amma təəssüf ki, bu ümid olaraqda qalır... Rasimin anası gəlinin bir kənara çəkərək ya boşanacaqsan, ya da sənə gün verib işıq verməyəcəm bu evdə deyir, başqalarının yanında isə müqəddəs görkəm alırmış. Normal ailə münasibətlərin olmayacağını anlayan Sevil boşanmaq qərarına gəlir.
  Onlar boşanırlar. Oğlanın atası hakimlərə pul verərək Sevili fahişə kimi qələmə verib uşaqları ondan aldırtmağa çalışırmış. Maraqlıdır qaynatana gəlininə fahişə iftirası atır. Oğulu da təsdiqləyir... Hakimə rüşvət verərək oğlunun maaşını az yazdırıb ki, Sevilə aliment az düşsün. Buna ad vermirəm.
  Təbii ki, ailənin dağılmasını istəməyən Sevilin valideyinləri qızlarının boşanmağına da pis münasibət göstəriblər. Bu sıxıntılardan, rişxəndlərdən bezən Sevil Bakıya üz tutur. İnternetdən özünə kirayə ev tapır. Üzərində olan az miqdarda pul ilə dolanmaq qərarına gəlir.
  Bu arada Sevil də çox istedadlı bir xanımdır. Rus dilini mükəmməl bilir, tərcümələr edir, toxuculuq bacarır, modelyer-dizaynerdir, ibtidai sinif müəlliməsidir. Təbii ki, işsizdir. İstedadına güvənən Sevil iş tapmaq arzusundadır. O düşünür mən ideal bir cəmiyyətdə yaşayıram. Bakıya gedirəm iş tapıram, işləyirəm, hər şey yaxşı olacaq, başımı aşağı salıb işə, işdən də evə gələcəm. Övladlarını bağçaya həvalə edir və iş axtarışına çıxır.
  Şəhərdə kimsəsiz bir tənha qadın...Hara gedir cəmiyyətimizin xarakteristikası ilə rastlaşır. Mənimlə bölüşdüyü bir neçə hadisələri bölüşmək istərdim. ( İstərdim o hadisələri Sevilin dilinən sizə çatdırım).
O deyir: 
- "Hər gün şəhərə iş axtarmaq üçün çıxırdım. Yol ilə gedərkən bir day-day bəlkədə atamdan da böyük olardı. Maşını saxladı mənə müştəri gözü ilə. 
-Görürəm yeni gəlmisən bəlkə səni aparım hara lazımdır?
-Yox çox sağolun.
Maşını arxamca sürdü hiss edirdim ki, maşınla məni divara tərəf sıxmağa başlayır. Yolumu dəyişdim. Hər dəfə də o yolu getmək məcburiyyətində idim. Hər dəfə də mənə baxırdı. Fikir vermirdim. Artıq məni orda yeni görən sürücülər də ilişməyə başlayırdı. Yol ilə gedərkən yanımda maşın da saxlayırdılar. Hələ bu nədir ki, iş yerlərinə gedirdim müdirlər mənə yuxarıdan aşağı baxırdılar, bəzən onlara yaxınlaşırdım söz soruşmağa onlar dəyqələrlə telefonu qulaqlarında saxlayıb mənə cava vermirdilər. Amma mən işsiz idim buna görə dözürdüm. Bəlkə bir həftə ərzində yüzə yaxın "iş yeri"-nə daxil oldum. Amma təəssüf ki, maaş çox az idi. Təbii ki, Bakıda o maaşa nəinki kommunal xərcləri ödəmək, heç sağ qalmaqda olmaz. Saat 6-ya kimi uşaq bağçada olur. İş isə 200 manata səhər saat 9-dan, axşam saat 9-dək. Qane etmirdi. Bu qədər istedadım ola - ola necə belə çarəsiz qaldığımı heç başa düşə bilmirdim. Həyat heç də mən düşünən kimi deyilmiş...
  Sonra iş agentliklərinə rast gəldim internetdə. Getdim danışdım. Müqavilə bağladıq. Pulum azalırdı nə etmək olar müqaviləyə 5 manat verməli idim, əvəzində isə onlar məni vakansiya olan iş yerlərinə göndərməliydilər. Getdim bir neçəsinə alınmadı.Buna iş demək olmaz, bu sadəcə insan istismarıdır. Daha sonra bir dənə də agentlik tapdım. Çarəsiz idim son ümidlərim idi. üzərimdə çox az pul qalmışdı. 5 manatda burada müqaviləyə verdim. ona yaxın iş yerinə getdim yenə uğursuz alındı. Mənə insan kimi yox, hansısa bir istismara buraxılmış texnika kimi baxırdılar. Amma bu mənim son ümidlərim idi. Yenə alınmadı. Amma alınmasa da heç vaxt vicdanımı pula görə satmadım. Bir şey düşündüm. Ac ölərəm amma heç vaxt vicdanımı, namusumu satmaram. Heç vaxt da satmayacağam. Lap tək qalsam da, hər nə olsa da, işsiz olsam da namusuma, vicdanıma ləkə gətirmərəm.
  Xeyli düşündüm bu qədər istedadım ola-ola mən niyə iş axtarıram ki? Qərar verdim ki, Rus dilindən Azərbaycan dilinə kitab tərcümə edim və boş vaxtlarımda toxuculuqla məşğul olum.Bu arada anam məni nə qədər qınasa da, bəzən xətrimə dəysə də, atam hər zaman mənə dəstək olub. O yenə də mənə dedi ki, sənə dəstəyəm hər zaman. Çətinliyim bir neçə aya kimi olacaq, gecələr yatmayacağam, tərcümələr edəcəm, bacarığımla, istedadımla halal zəhmətimlə pul qazanacağam.
  İndi mənim heç də aciz olmadığımı görən Rasimin valideyinləri evimizə adamlar göndərir ki, barışaq. Özü də bilirsən nə deyirlər? Deyirlər ki, gəlsin üzr istəsin onu bəlkə bağışladıq sonra barışaq.Sanki onların mənə etdiklərin, mən onlara etmişəm. Mən heç vaxt ounla barışmaram. Acından ölərəm amma heç vaxt barışmaram.Amma mən heç ölməyi də seçmirəm. Əziyyət çəkəcəm, tərcümələr edəcəm, paltar toxuyacam amma övladlarıma halal zəhmətimlə qazandığım çörəyi yedizdirəcəm."
   Yol ilə keçən bütün xanımla yatmaq xəyalı quran insanların sayı zənnimcə artıb, bu insanların sayı nə qədər artsa cəmiyyətimiz o sürətlə də məhvə doğru yuvarlanır. Zənnimcə bundan daha önəmli insanlıq hissləri vardır. Mən Sevili dinləyərkən çox pis hisslər keçirdim. Doğurdanmı cəmiyyətimiz bu qədər çirklənib?
  •    Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, cəmiyyətimiz çox acınacaqlı şəkildə çirklənib, insanların beyinləri tamamilə çirklənib. İndi hər kəsin beynində (istisnalarla/qocalı, cavanlı) bir şey var. Qız tutmaq, gəlinlə tanış olmaq və s. Heç bir kəsdə mərhəmət, insanlıq deyilən hisslər yoxdur. Mərhəmət deyərkən bəlkədə çoxları çöldə, bayırda əl açıb dilənən dilənçiyə 20 qəpik verməyi nəzərdə tutsa da bu mərhəmət deyil. Əsl mərhəmət, əsl insanlıq fikrimcə tam başqadır. 
  Əsl insanlıq hissi, mərhəmət hissi qəlblərdə olmalıdır, davranışda olmalıdır, əxlaqda olmalıdır, xasiyyətdə olmalıdır. Əgər sən ailənin, ata, ananın yanında özünü normal aparırsansa çıxıb bayırda dilənçiyə 20 qpik verib, yolla keçən başqa bir qıza söz atırsansa, tərbiyəsiz sözlər deyirsənsə, əxlaqsız təklif edirsənsə, əlinə telefon nömrəni yazıb qıza reklam edirsənsə, kağıza nömrəni yazıb qıza verirsən almayanda "qəhbə" sözünü həmin qıza eşitdirirsənsə sən əsl tərbiyəsiz, ləyaqətsiz, mənəviyyatsız, əxlaqsız, ailə qədri bilməyən bir insansan.
  Əxlaq, tərbiyə yalnız ailəyə nümayiş etdirmək üçün deyil. Sən ictimaət içərisində də əxlaq qaydalarına, nitq mədəniyyətinə fikir verməlisən.Cəmiyyətimizin ən böyük qüsuru onun tərbiyəsizliyidir zənnimcə.Və bu tərbiyəsizlik bir zaman ölkəmizi də uçuruma yuvarladacaq.Və bu tərbiyəsizlik normal, sivil yaxud elit bir cəmiyyət kimi formalaşmasında böyük bir nameəyə çevriləcəkdir.
  Sevillə söhbətim zamanı bir şeyi dəqiq anladım ki, cəmiyyətimiz istər xanımların, istərsə də bəylərin pozğun yollara düşməsinə elverişli mühit və şərait yaradır. Məlum məsələdir ki, bu kimi xüsusiyyətlərin qurbanı olan vətəndaşlarla heç bir birlikdən, heç bir demokratiyadan, heç bir azadlıqdan söhbət edə bilmərik. Düşünürəm ki, insanlar ilk öncə özlərinə, hisslərinə sahib olmağı bacarmalıdırlar.
  Bu arada Sevil kimi qadınların, vicdanlı namuslu, əyilməyən, sarsılmayan, satılmayan, övladına halal zəhmətinin məhsulunu yedizdirən, övladlarını sevən qadınların daha çox olmasını istəyərdim. Sevil kimi cürətli qadınlarla və Sevillə qürur duyuram və onu bloqumun qəhrəmanı kimi Azad olmayan ölkənin "Azad qadın"-ı adlandırıram.

вторник, 9 апреля 2013 г.

Sizə bir sözüm var...

      Artıq hər birimizə bu hakimiyyətin nə etmək istədiyini, nələrə qadir olacağını gördük. Onlar da birmənalı olaraq heç nəyi düşünmürlər. Həm gənclərin gənclik illərini, həm onların gələcəyini, həm də xalqımızı rifahını. Yetər ki, onlar hakimiyyətin təhlükəsizliyini təmin etsinlər. Çünki bu gənclər onların hakimiyyəti üçün çox təhlükəlidir. Onların özünü dərk etməsi və ölkəmizdəki vəziyyəti düzgün dəyərləndirməsi və digər insanlarla təmasda olaraq onları da demokratik bir mühitə səsləməsi demək olar ki, onların hakimiyyəti üçün tam təhlükədir. Artıq hər kəs həqiqəti görməyə, oyanış mərhələsinə qədəm qoymaq üzrədir, artıq xalqımız onlara qarşı olunan saymamazlığa, haqsızlığı dözüm gətirməmək ərəfəsindədir. Bu isə rejimi ciddi şəkildə narahat edir. Sadəcə onlar bu prosesi bir müddətlik ləngitməyə nail olacaqlar. Bu həbslər, bu hədələr, bu istintaqa çağırılıb, oğurlanmalar bizi aqressivləşdirir, sıralarımızı genişləndirir, bizim daha da tez birləşməmizi təmin edir. Artıq hər kəs ayılır. Sıralarımız sıxlaşır. Sadəcə bir müddətlik bu prosesi ləngitməyə nail olsalar da bu proses davam edir. Elə düşünməsinlər ki, onlar nələrisə dayandıra bilməyəcəklər. Tükənsək də, bitsək də mübarizəmiz davam edəcək. Daha ciddi, daha aqressiv, daha sərt...Repressiyalar kimi...
         Mən də gəncəm. Mən bu ölkənin gələcəyiyəm. Mənim kimi yüzlərlə, minlərlə gənclər var. Hər gün daha da sayları artır bu gənclərin. Biz maariflənirik. Biz gəlmək üçün maariflənirik. Biz yenilik üçün, demokratiya üçün, azadlığımız və rifahımız üçün maariflənirik. Biz nida qoymaq üçün maariflənirik. Və zaman gələcək siz bizim qarşımızda çox aciz görünəcəksiniz. Dostlarımızı həbs etdiyiniz zindanları bir gün əllərimizlə sökəcəyik. Bir gün biz qalib gələcəyik. O zaman siz məğlub olub rüsvay olacaqsınız. 
        Gənc olaraq əksəriyyətimizin günü məhkəmə önündə, İstintaq İdarəsi önündə, polis bölmələri qarşında keçir siz buna görə cavab verəcəksiniz. Əminəm lap  siz bizim hər birimizi həbs etsəniz də, öldürsəniz də, dərimizi soysanız da, AzTv-yə məcbur edib çıxarsanız da bu prosesslər bir gün sizin əleyhinizə işləyəcək. Damarınızda qanın işlədiyi sürətlə işləyəcək...Bir gün məndə azad olacam, bir gün hər kəs, bütün gənclik, bütün Azərbaycan azad olacaq. Bir gün bizim ölkəmiz azad günlər görəcək, rüşvətsiz, qanunların hakim olduğu ölkədə yaşayacağıq. 
       Bilirəm hər birimizin həyatı təhlükədədir. Sizin nələrə qadir olduğunuzu da bilirəm. Utanmazcasına gəncləri oğurladığınızı, işgəncə verib etmədiklərimizi etiraf etdirməyi də bacarırsınız. Bəlkədə hər birimizi həbsə atacaqsınız, hamımızı, gəncli, orta yaşlı, qocalı, körpəli, səsini çıxarda biləcək hər kəsi həbsə atacaqsınız ona görə də sizə bir neçə deyəcəklərimi ünvanlamaq istəyirəm.
-Əslində istəyərdim ki, bütün blog yazan dostlarım bu mövzuda bir blog yazsınlar.
       Əgər mən həbs olunsam.
-Əgər mən həbs olunsam bu rejimə, bu hakimiyyətə qarşı olan nifrətim daha da artacaq. Yəni hədsiz dərəcədə artacaq. Hər nə qədər müddətlik həbs olunsam həmin müddətdə dayanmadan kitablar oxuyacam. Daha da kamilləşəcəm. Mütaliəmi artıracağam. Daha da savadlı olacam. Sizin 100-lərlə rüşvətxor rektorlarınızın verdiyi analoqu olmayan təhsildənsə həbsdə oturub kitab oxumaq daha da əlverişli və rahatdır. Məsələn orda imtahana pul istəyən olmayacaq, orda marşrutda probkaya düşmək olmayacaq, orda qanunsuzluqlar olmayacaq. Bəzən barmaqlıqlar arxası olsa da belə azadlıqdan daha əlverişlidir. Hər gün sizin bizə bəxş etdiyiniz "AZADLIQ" -dansa birmənalı olaraq həbsdə azad olmaq ondan gözəldir.  Kifayət qədər məlumatlı olacam hər bir sahədən. Elmi kitablar oxuyacam. Hətta bəlkə orda yazılar da yazdım. Məhbəsdən məhbəsə adında yazacam Gözəl addır o ad. Əgər həbs olunsam heç kefinizi pozmayın. Əgər həbs olunsam heç fikir eləməyin. Düşünün ki, statuslarınızı like edən bir nəfər azalıb. Amma mübarizənizdə mətin olun. Bir şeyi qəbul edin. Bizi bu yolun sonunda qalibiyyət gözləyir, buna tam əmin olun.  Həbs olunsam Adeledən, Halil Sezaidən həftədə-ayda bir dəfə mahnı paylaşarsınız. Yada düşsəm paylaşarsınız.Bir az gülməli olsa da N!DA yazılan profil şəklimi paylaşarsınız ;) . Ən önəmli məsələ həbs olunsam profilimi şikayət edib bağlamayın. Profilim tam güvənli və etibarlı insandadır. =)
      Amma əgər həbs olunmasam yenədə bacardığım qədər bu rejimin iç üzünü hamıya, hər kəsə çatdıracağam. Hər kəsi ciddi şəkildə bu rejimin iç üzü ilə tanış edəcəm. Gəncləri həbs etməsini, insanlara qarşı, müəllimlərə, həkimlərə, ölkənin təhsilinə vurduqları amansız zərbələrdən bəhz edib hər kəsin "Allah filankəsin canın sağ eləsin" fikirlərində dönüş ayaradacağam. Artıq tam əminliklə deyə bilərəm ki, fikirlərində dönüş yaratdığım insanlar kifayət qədərdir. Və mən həmin insanları bu yuxudan ayıltdığım üçün, onların gözlərini açdığım üçün fəxr edirəm. Yenə də mübarizəyə davam, yenə də işimizə davam. 
      Sonda onu da qeyd etmək istəyirəm ki, heç nədən qorxmuram, çəkinmirəm. Həbslər də qətiyyən məni narahat etmir. Bayaq qeyd etdiyim kimi, bir ölkədə "AZAD" yaşamaqdansa, 4 divar arasında AZAD olaram. 

понедельник, 8 апреля 2013 г.

Ölkəmizdə acınacaqlı vəziyyət yaranıb.

Əvvəla qeyd etmək istəyirəm ki, hər kəsə, dinindən, irqindən, dərisinin rəngindən, düşüncələrindən, inancından asılı olmayaraq hər kəsə hörmətlə yanaşıram, hər kəsin seçiminə sayğı duyuram. Sadəcə müəyyən məsələlər vardır ki, onlara laqeyid qala bilmirəm.
 Deyə bilmərəm hamı bilir, yoxsa yox amma qabaqcadan vurğulamaq istəyirəm ki, Azərbaycan tolerant bir ölkədir. Heç kim deyə bilməz ki, Azərbaycan müsəlman ölkəsidir. Düzdü müsəlmanların sayı daha çox olsa da, üstünlük təşkil etsə də, digər dinə etiqad edənlər də var. Xristianlar, Yəhudilər və yaxud da inamı olmayan Ateistlər.
Mən isə azacıq da olsa insani hissiyatlara malik olan hər kəsdən rica edirəm ki, digərlərinə də hörmətlə yanaşın. Məsələn ən çox müsəlmanlar digər dinə inanan insanlara qarşı aqressiv münasibət göstərir. Təbii ki, istisnalar var. Amma yəhudilərə yaxud xristianlara qarşı müsəlmanların bir mövqesi var. Onlar kafirdilər.
İstərdim bir az maarifləndirim.
 Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.
Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Siz kafir sözünün mənasını bilmədən kiməsə iftira atırsınızsa elə sizin özünüz müsəlmançılığın şərtini pozur və günaha hasil olunursunuz. Əgər digər dinlərə qarşı belə aqressiya nümayiş etdirirsinizsə o zaman unutmayın siz Allahın işinə də əl uzatmış olursunuz. Bilirsiniz ki, digər dinləri də Allah yaradıb, İsa peyğəmbəri, Musa peyğəmbəri, Məhəmməd peyğəmbəri, Davud peyğəmbəri  də məhz Allah yer üzərinə göndərib. "Qurani-Kərim"-i də, "İncil"-i də, "Tövrat"-ı da Allah nazil edib.
Bu qədər cahillik etməyin.Digərini əzib qəlbini qırmayın. Ən azından bir az maariflənib cahillikdən uzaq olun.
Həmçinin digər bir məsələ. Ateistlər. Düzdür İslam dini bu insanları yəni Allaha inam gətirməyən, Allaha şəkk edən insanları kafir adlandırsa da, bu insanları da Allah yaradıb. Allahın yaratdığı canlıya qarşı belə mövqedə olmayın. Hər kəs öz ayağından asılacaq. Siz onlara qarşı düşmən mövqesində dayanmaqdansa çalışın ki, əsaslı şəkildə onlara öz mövqeyinizi aydınlaşdırın, onları öz tərəfinizə çəkin, necə deyərlər imana gətirin onları, savab qazanın. Yox əgər bunu edə bilmirsinizsə, bunu bacarmırsınızsa o zaman cahillik etməyin.
Bunu yazmaqda məqsədim azda olsa bəzi insanlara mesaj göndərmək idi ki, cahillikdən xilas olun. Bildiyinizi və bilmədiyinizi qeyri-ixtiyari olaraq danışıb özünüzü gülünc göstərməyin. Bəzən mənə daha çox pis təsir edən odur ki, heç müsəlmançılığın 5 mühüm şərtini bilməyən insanlar mənə Allahdan, peyğəmbərdən və "Qurani-Kərim"-dən dərs keçir. 
Susuram. Elə bilməyin ki, sizdən qorxuram yaxud deməyə söz tapa bilmirəm. Sözüm var. Kifayət qədər də əsaslı şəkildə sizə hər şeyi başa sala bilərəm. Sadəcə cahillikdə inad etməyiniz və şivənçilik xarakterli hərəkətlərinizlə özünüzə haqq qazandırdığınız üçün susuram. Nə vaxtsa siz də öz səhvinizi anlayarsınız deyə susuram.