вторник, 23 апреля 2013 г.

Masonlar kimlərdir və masonluq necə yaranıb.



 Əfsanəyə görə kral Davud Qüdsdə “Allahın evi” –ni inşa etdirmək üçün ölkənin hər yerindən 40 min işçi toplayır. Bu toplanan işçilərə mason deyilirdi.  “Mason” kəlməsinin mənası divar ustası (bənna), “formason” sözünün mənası isə azad bənna deməkdir. Hələ inşaat işləri başa çatmadığı bir dövrdə kral Davud ölür və işi oğlu Süleyman davam etdirir. Sonradan “Süleyman məbədi” adını almış tikilidə işləyən ustalardan birinin adı Adon Hiram idi. O, dul bir qadının oğlu idi. Hiram tabeçiliyindəki işçiləri çıraq, kalfa və ustaya bölərək hamısına memarlıq sənətinin bir hissəsini öyrətmişdir. Bunların hər birinin özünə aid sirləri olur və onlar bir-birlərinin sirrlərini bilə bilməzmişlər.
  Sonralar Hiram üç kalfa tərəfindən öldürülür və gizlincə dağda basdırılır. Hiramın öldürülməsi və basdırılması sonrakı dövrlərdə masonların keçirdikləri gizli mərasimlərdə icra olunur.
  Masonluğun gizli və imtiyazlı bir cəmiyyət halına gəlməsi orta əsrlərdə olmuşdur. Bu dövr masonluğun fəlsəfi və ticari istiqamətdə inkişaf etdiyi dövrü idi. Ancaq günümüzə doğru fəlsəfi  xüsusiyyətlər,  dini və metafizik anlayışlar büsbütün yox olaraq siyasi və iqtisadi mənada bir imtiyazlılar və mənfəət ortaqlarının zümrəsi formasını almışdır. Mason sözü orta əsrlərdə də bənna (fəhlə) mənasında ifadə edilirdi. Hər yerdə məbədlər, kilsələr inşa edilir və burada yüz minlərlə mason işləyirdi. Bunların əksəriyyəti Suriya, Misir və Fələstindən gəlmişdilər. Onlar bu tikililərə gəldikdə Hiram əfsanəsinin və Tövratın öyrətdiklərini və təlqin etdiyini də özləri ilə gətirirdilər.
  Beləliklə, inşaatçı masonlar müəyyən dərəcələrlə, simvollarla bir-birlərinə bağlandılar. İnşa etdikləri məbədlərə, tikililərə özlərinəməxsus işarələr çəkərək öz müəlliflikliklərini həkk etdirirdilər. Beləliklə bu işarələr getdikcə onların simvollarına çevrilməyə başladı. Onlara əməli masonlar deyilirdi. Artıq onlar Allahın evini tikdikləri üçün ətrafdakılar tərəfindən müqəddəs hesab edilməyə başladılar.Əməli masonlar məsləklərini icra edərkən bir neçə yeni inşaat texnikası və sirrlər də yarandı.Sonralar bu masonlar krallar tərəfindən vergidən azad olundular.Və buna görə də ətraflarındakı insanlar masonluğa cəlb olunurdular. Bəzən onlara toxunulmazlar da deyirdilər. Bu isə cəmiyyətin marağına səbəb olurdu. Onlar bu imtiyazlardan istifadə edərək nüfuzlu bir sinif halına gəlmək üçün aralarına daxil edəcəkləri yeni-yeni şəxslərə də həssaslıqla yanaşmağa başladılar. Artıq bu tarixdən etibarən masonluq bir mənfəət topluluğu xarakteri almağa başlayır. Masonların öz aralarındakı münasibətlərini ilk dəfə olaraq yazılı halda nizamlamaq və ölkənin kralına qəbul etdirmək imkanları da bu illərə təsadüf edilir. Masonluq tarixi baxımdan şox mühüm yazılı sənədlər olan Hallison Manskipisi və Cark konstitusiyası masonluğun 924-cü ildə İngiltərəyə daxil olduğunu və xüsusilə XIII və XIV əsrlərdə gücləndiyini göstərməkdədir.
  Beləliklə masonlar cəmiyyətdə üstün mövqe tutmağa başladılar. Masonluq orta əsrlərdə usta və qalfaların təşkil atdikləri lojalar ((Əsnaf təşkilatlar) Loja-fransızca “loge” tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer). əsasında formalaşıb inkişaf etmiş, dövrümüzə bütün dünya ölkələrini əhatə edən , çoxsaylı özək və dayaq dəstələri  ilə hörümçək torunu xatırladan bir super təşkilat şəklində gəlib çıxmışdır.Bunlar leqal və qeyri-leqaı fəaliyyət göstərməsindən asılı olmayaraq, həmişə və hər yerdə bənnalıq və memarlıq atributlarını öz təşkilatlarına rəmz (emblem) seçmişlər.Həmin rəmzlər içərisində bənna önlüyü, xətkeş, pərgar, mala, sütun və bəzən quru insan kəlləsi ən çox rast gəlinən emblemlərdəndir.
    Sionist təşkilatının üst qurumu olan mason lojalar sisteminin başında duran şəxsə (onun şəxsiyyəti çox zaman məlum olmur) Məşkiri-Əzəm deyilir.Bu şəxsin İsrailin “Mossad” şəşfiyyat servisi və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx işbirliyi içində olması haqqında fikirlər mövcuddur.
  Masonluğun bugünkü formada təşkilata çevirilməsi 1717-ci ildə London Böyük Lojasının qurulması ilə başlamışdır. Modern masonluğun tarixi 1717-ci ilin 20 sentyabrından hesablanır.Bu quruluş çoxdan tacir və ustalar təşkilatı deyil, böyük informasiya kralları, sahibkarlar, mafiozlar, siyasi xadimlər, ziyalılar, dövlət adamlarını və başqalarını varlanmaq, qazanc əldə etmək ideyası, üzdə olan sıravi üzvlər üçün nəzərdə tutulmuş və sionistlərin dünya ağalığına yönəlik hərakatını gizlətmək məqsədi daşıyır.
  Təşkilat keşiş (papaz) olan Anderson tərəfindən hazırlanan, 1723-cü ildə Böyük Loja tərəfindən qəbul edilərək çap atdirilən və zaman-zaman təkmilləşən “Mason qanunlar toplusu” əsasında fəaliyyət göstərir. Bu təşkilatın üzvləri Amerika istiqlalı, Fransa inqilabı kimi böyük tarixi və siyasi hadisələrdə və dövlətlərin idarəsində mühüm rol oynamışdır.
  Masonluq hələ Türkiyədə 1723-cü ildə sistemli şəkildə kök salmağa başlamış və 1738-ci ildə, o zaman Osmanlı imperiyasının tərkibində olan Hələb şəhərində (Suriyada) ilk lojasını qurmuşdur. 1856-61 –ci illərdə Türkiyədəki mason lojalar İngiltərə böyük lojasına bağlandı. Sultan ll Əbdülhəmid xan dövründə masonluq Türkiyədə qadağan edildi və bu səbəbdən də Sultan ll Əbdülhəmid xan indiyə qədər də bir çox ziyalıların təfəkküründə mənfi obraz kimi həkk olunmuşdur. Sultan ll Əbdülhəmid xanın devrilməsində də masonlar bilavasitə rol oynamışlar. Bundan sonra onların fəaliyyəti üçün yeni bir dövr açılmış və 1909-cu ildə “ürkiyə Böyük Lojası” qurulmuşdur. 1935-ci ilə qədər fəaliyyət göstərən bu loja Atatürk tərəfindən ləğv edilmiş və mason olan daxili işlər naziri Şükrü Qayanın əli ilə masonluq dağıdılmışdır.
  1946-cı ildə masonluq “Türkiyə Yüksək Şurası”  adı altında yenidən fəaliyyətə başladı. “Türk Yüksəltmə Cəmiyyəti” adı ilə yad edilən “Türkiyə Böyük Lojası” 1964-cü ildə Şotlandiya, 1970-ci ildə isə İngiltərə Böyük Lojasına bağlandı.

Tarixi faktlar və bəzi hissələr Bəxtiyar Tuncayın 1990-cı il  “Müsavat” qəzetində nəşr edilmiş “Masonluq və Azərbaycan” məqaləsindən götürülüb.

понедельник, 22 апреля 2013 г.

Təhsil və "Təhsil"

  İlk öncə lap əvvəldən başlamaq istəyirəm. Lap birinci sinifdən.
 
Hər birimiz birinci sinifə gedərkən çox həyacanlı oluruq, bir az da qorxu hissi. Nələr baş verəcəyini bilmədiyimiz üçün bəzən ağlayırıq da. İlk dərs günü... Müəllimə gül bağışlamağımız, müəllimlə tanışlığımız...Daha sonra ilk dəfə müəllimin bizə qələm tutmağı öyrətməsi, əlimizdən tutub bizə hərif yazdırması. Çox saf, ülvi hisslərdir bunlar. Hətta bəzən həmin anları xatırlayarkən belə həmin həyacanı yenidən yaşayırıq. İbtidai sinifdə hərifləri, bəzi primitiv hesablama qaydalarını öyrənirik. Və ilk imtahanımız və ibtidai siniflə vidalaşmağımız, 5-ci sinifə qədəm qoymağımız, fərqli fənnlər, fərqli müəllimlərlə qarşılaşmağımız çox gözəl duyğular yaradır. Gözəl duyğularla yanaşı ciddi problemlərin də başlanğıcı məhz həmin illərdən başlayır...
  Dərslərin çətinliyi, hər cür simada müəllimlərlə rastlaşmaq bəzən bizə təhsili sevdirir, bəzən isə bizi təhsildən uzaqlaşdırır. Burada təbii ki, müəllimin rolu mühümdür. O bizə elmi həm sevdirə, həm də niffrət etdirə bilər.Artıq yuxarı sinifə qədəm qoyduqca, qarşımızda məsulliyyət artdıqca problemlərimiz də böyüyür. Şagirdlərin təhsilə itməkdə olan marağına, təcrübəsiz müəllimin təkan verməsi bizi təhsildən uzaqlaşdırması prosesi kəskin hal almağa başlayır. Daha sonra valideyinlərin təkidi, inadı və ali məktəbə hazırlaşmaq mərhələsi...
  Düzü valideyinləri niyə övladlarını təhsil almağa zorladıqları üçün qınaya bilmərəm, haqqımda yoxdur amma bəzən onların övladlarını məcburi şəkildə təhsilə yönətmələri həm övladları üçün, həm də ölkəmizin gələcəyi üçün çox təhlükəlidir. Niyə? -Ona görə ki, təhsilə marağı olmayan bir tələbə sırf univrsitetə qəbul olmaq üçün "oxuyur" (onsuzda ali məktəbə qəbul olmaq o qədər asanlaşıb ki, 200 hətta 150 balla da qəbul olmaq mümkündür) qəbul olur universitetə və qara günlər başlayır. Tamamilə oxumağı bir kənara atır, zatən oxumaq istəsə belə demək olar ali təhsil ocaqlarında təhsil sıfır səviyyəsindədir (istisnalar olmaq şərti ilə).Bir şey düşünür tələbə pul tapmaq semestri yola vermək, qayıbları sildirmək üçün dekana pul vermək və s. Tam təhsilsiz yetişən bu kadr sabah hansısa bir müəssisəyə işləməyə gedir və ölkəmizi çökdürmək prosesi daha da sürətli şəkildə gedir. Savadsız tələbə, sabahın savadsız işçi kadrıdır.
  Təsəvvür edək ki, valideyin universiteti bitirmiş savadsız övladının gələcəyini zorlayır. Övladını pul verərək universitetə müəllim işə düzədir, yaxud da məktəbə müəllim. Bu savadsız kadr qarşısındakı tələbəyə, yaxud şagirdə nə öyrədəcək? Və bu ardıcıllıqla da ölkəmiz süquta doğru gedir. Məcburiyyətlə təhsilə yönəldilmiş bir gənc ölkəni iflasa, uçuruma aparmaqda davam edir. Bu da zəncirvari olaraq günümüzün aktual məsələsidir.

  Mən düşünürəm ki, gəncləri təhsil almağa məcbur etmək lazım deyil. Siz valideyin olaraq öz təklifinizi verin. Əgər övladınız oxumaq istəmirsə onu zorlamayın. O bəlkə də öz sevdiyi peşəsini tapacaq, gələcəyin digər peşəkar mütəxəssislərindən olacaq?
  Hal-hazırda ölkəmizin təhsil sistemi demək olar ki, tam bərbad vəziyyətdədir. Yeni nazir inanmıram ki, bu məsələlərin öhdəsindən gəlsin. Ümid etmək istərdim, istərdim ki, bu məsələləri həll etsin amma artıq proseslər o qədər bir-birinə bağlı cərayan edir ki, tam cidi şəkildə yeni sistem qurulmalıdır ki, köklü müsbətə doğru dəyişikliklər olsun. Qanunlarda olan boşluqlar istənilən şəxsə şərait yaradır ki, savadsız ola - ola vəzifəyə gəlsin, təhsilimizdə olan boşluqlar savadsız insanın alim olmasına tam şəkildə şərait yaradır. Bütün bunların həlli açarı puldur. Zənnimcə pulun bu vəya digər məsələlərdə rolunu sıfıra endirmək lazımdır.
  Ən əsası isə böyük məsuliyyət bizlərin, vətəndaşların, valideyinlərin üzərinə düşür. Övladlarına seçim azadlığı verilməlidir, onlar robot kimi valideyinin qərarları ilə gələcəklərini təyin etməməlidirlər. Əgər bir insanı məcburiyyətlə təhsilə dəvət edirsinizsə əmin ola bilərsiniz ki, vaxtınızı boşuna xərcləyirsiniz və siz heç nəyə nail ola bilməyəcəksiniz. Hal-hazırda nəyəsə nail ola bilərsiniz (təbii ki, pul hesabına) amma müəyyən müddət keçdikdən sonra rejim savadsızların ucbatından çökəcək o zaman sizin bütün əldə etdiyiniz "nailiyyət"-lər sıfır olacaq.
- Əgər övladınızın təhsilə marağı varsa siz onu lap bütün günü işə istismar etsəniz belə heç nəyə nail ola bilməyəcəksiniz, övladınız oxumaq yolunu seçəcək, əgər övladınızın oxumağa marağı yoxdursa, siz onu məcbur edib oxudursunuzsa enində, sonunda o yenə avaralıq yolunu seçəcək. Əgər övladınız narkoman olmaq istəyirsə (bilirəm sizin üçün buna seyici qalmaq çox çətindir) toxunmayın narkoman olsun amma savadsız biri olmasın, cahil biri olmasın. Əgər sizin övladınız alim olmaq istəyirsə siz onu narkomanlığa sövq etsəniz belə o alim olacaq. Bu həyatın isbata ehtiyyac olmayan bir aksiomudur...

пятница, 19 апреля 2013 г.

Azad olmayan ölkənin "Azad qadın"-ı.

Əvvəla bir qısa arayış verim ki, bu yazı tam reallığa əsaslanır. Müşahidə etdiyim bir xanımın bir neçə gündə başına gələn hadisələrdən bəhz edəcəyəm.

 Xanımın adı Sevil-dir. 27 yaşı var. Bu yazını yazmaq üçün təbii ki, həmin xanımdan icazə aldım. Xanımın iki övladı var. Bir oğlan, bir qız. Daha hamilə ikən Sevilə həyat yoldaşı çox mənəvi və fiziki əzablar verir, xanımı vəhşicəsinə alçaldırmış. Səbəbi isə qaynanasının (yoldaşının anasının) Sevilin ikinci hamiləliyinə narazı olması imiş.
  Sevil ikinci dəfə hamiləliyində oğlan uşağına hamilə imiş. Bu gözü götürməyən yoldaşının bacıları və anası Rasimi (Sevilin yoldaşı) öz yoldaşının üstünə qaldırır o isə iradəsizcəsinə öz yoldaşına əl qaldırır və döyürmüş.
Hətta hamilə ikən Rasim Sevilin qarnına belə təpik vurmaqdan çəkinmirmiş. Rasim isə iradəsiz və aciz içki düşkünün biridir. O bütün gün içir, çəkir restoranlarda keflənir evə içkili vəziyyətdə gələrkən isə anası, subay və boşanmış bacıları onu qızışdırır, o isə utanmazcasına öz yoldaşını döyürmüş. Bu azmış kimi qaynatası da oğlunun "ailə sevgisindən" istifadə edib öz gəlininə əl qaldırır və döyürmüş. Hətta qaynatasının ayağına düşüb yalvaran Sevilə acımayaraq ayağı ilə təpik də vururmuş. Sevil hətta gecələr belə çöldə gecələmək məcburiyyətində qalırmış.
  Təsəvvür edin. Hamilə qadın gecəni hətədə donaraq keçirdir...Buna doğulmuş övladına və doğulacaq övladına görə dözən Sevil uzun müddət dözür.Övladı dünyaya gəlir. Nəhayət yeni ümidlər yaranır. Bəlkə hər ey yaxşı olacaq deyə. Amma təəssüf ki, bu ümid olaraqda qalır... Rasimin anası gəlinin bir kənara çəkərək ya boşanacaqsan, ya da sənə gün verib işıq verməyəcəm bu evdə deyir, başqalarının yanında isə müqəddəs görkəm alırmış. Normal ailə münasibətlərin olmayacağını anlayan Sevil boşanmaq qərarına gəlir.
  Onlar boşanırlar. Oğlanın atası hakimlərə pul verərək Sevili fahişə kimi qələmə verib uşaqları ondan aldırtmağa çalışırmış. Maraqlıdır qaynatana gəlininə fahişə iftirası atır. Oğulu da təsdiqləyir... Hakimə rüşvət verərək oğlunun maaşını az yazdırıb ki, Sevilə aliment az düşsün. Buna ad vermirəm.
  Təbii ki, ailənin dağılmasını istəməyən Sevilin valideyinləri qızlarının boşanmağına da pis münasibət göstəriblər. Bu sıxıntılardan, rişxəndlərdən bezən Sevil Bakıya üz tutur. İnternetdən özünə kirayə ev tapır. Üzərində olan az miqdarda pul ilə dolanmaq qərarına gəlir.
  Bu arada Sevil də çox istedadlı bir xanımdır. Rus dilini mükəmməl bilir, tərcümələr edir, toxuculuq bacarır, modelyer-dizaynerdir, ibtidai sinif müəlliməsidir. Təbii ki, işsizdir. İstedadına güvənən Sevil iş tapmaq arzusundadır. O düşünür mən ideal bir cəmiyyətdə yaşayıram. Bakıya gedirəm iş tapıram, işləyirəm, hər şey yaxşı olacaq, başımı aşağı salıb işə, işdən də evə gələcəm. Övladlarını bağçaya həvalə edir və iş axtarışına çıxır.
  Şəhərdə kimsəsiz bir tənha qadın...Hara gedir cəmiyyətimizin xarakteristikası ilə rastlaşır. Mənimlə bölüşdüyü bir neçə hadisələri bölüşmək istərdim. ( İstərdim o hadisələri Sevilin dilinən sizə çatdırım).
O deyir: 
- "Hər gün şəhərə iş axtarmaq üçün çıxırdım. Yol ilə gedərkən bir day-day bəlkədə atamdan da böyük olardı. Maşını saxladı mənə müştəri gözü ilə. 
-Görürəm yeni gəlmisən bəlkə səni aparım hara lazımdır?
-Yox çox sağolun.
Maşını arxamca sürdü hiss edirdim ki, maşınla məni divara tərəf sıxmağa başlayır. Yolumu dəyişdim. Hər dəfə də o yolu getmək məcburiyyətində idim. Hər dəfə də mənə baxırdı. Fikir vermirdim. Artıq məni orda yeni görən sürücülər də ilişməyə başlayırdı. Yol ilə gedərkən yanımda maşın da saxlayırdılar. Hələ bu nədir ki, iş yerlərinə gedirdim müdirlər mənə yuxarıdan aşağı baxırdılar, bəzən onlara yaxınlaşırdım söz soruşmağa onlar dəyqələrlə telefonu qulaqlarında saxlayıb mənə cava vermirdilər. Amma mən işsiz idim buna görə dözürdüm. Bəlkə bir həftə ərzində yüzə yaxın "iş yeri"-nə daxil oldum. Amma təəssüf ki, maaş çox az idi. Təbii ki, Bakıda o maaşa nəinki kommunal xərcləri ödəmək, heç sağ qalmaqda olmaz. Saat 6-ya kimi uşaq bağçada olur. İş isə 200 manata səhər saat 9-dan, axşam saat 9-dək. Qane etmirdi. Bu qədər istedadım ola - ola necə belə çarəsiz qaldığımı heç başa düşə bilmirdim. Həyat heç də mən düşünən kimi deyilmiş...
  Sonra iş agentliklərinə rast gəldim internetdə. Getdim danışdım. Müqavilə bağladıq. Pulum azalırdı nə etmək olar müqaviləyə 5 manat verməli idim, əvəzində isə onlar məni vakansiya olan iş yerlərinə göndərməliydilər. Getdim bir neçəsinə alınmadı.Buna iş demək olmaz, bu sadəcə insan istismarıdır. Daha sonra bir dənə də agentlik tapdım. Çarəsiz idim son ümidlərim idi. üzərimdə çox az pul qalmışdı. 5 manatda burada müqaviləyə verdim. ona yaxın iş yerinə getdim yenə uğursuz alındı. Mənə insan kimi yox, hansısa bir istismara buraxılmış texnika kimi baxırdılar. Amma bu mənim son ümidlərim idi. Yenə alınmadı. Amma alınmasa da heç vaxt vicdanımı pula görə satmadım. Bir şey düşündüm. Ac ölərəm amma heç vaxt vicdanımı, namusumu satmaram. Heç vaxt da satmayacağam. Lap tək qalsam da, hər nə olsa da, işsiz olsam da namusuma, vicdanıma ləkə gətirmərəm.
  Xeyli düşündüm bu qədər istedadım ola-ola mən niyə iş axtarıram ki? Qərar verdim ki, Rus dilindən Azərbaycan dilinə kitab tərcümə edim və boş vaxtlarımda toxuculuqla məşğul olum.Bu arada anam məni nə qədər qınasa da, bəzən xətrimə dəysə də, atam hər zaman mənə dəstək olub. O yenə də mənə dedi ki, sənə dəstəyəm hər zaman. Çətinliyim bir neçə aya kimi olacaq, gecələr yatmayacağam, tərcümələr edəcəm, bacarığımla, istedadımla halal zəhmətimlə pul qazanacağam.
  İndi mənim heç də aciz olmadığımı görən Rasimin valideyinləri evimizə adamlar göndərir ki, barışaq. Özü də bilirsən nə deyirlər? Deyirlər ki, gəlsin üzr istəsin onu bəlkə bağışladıq sonra barışaq.Sanki onların mənə etdiklərin, mən onlara etmişəm. Mən heç vaxt ounla barışmaram. Acından ölərəm amma heç vaxt barışmaram.Amma mən heç ölməyi də seçmirəm. Əziyyət çəkəcəm, tərcümələr edəcəm, paltar toxuyacam amma övladlarıma halal zəhmətimlə qazandığım çörəyi yedizdirəcəm."
   Yol ilə keçən bütün xanımla yatmaq xəyalı quran insanların sayı zənnimcə artıb, bu insanların sayı nə qədər artsa cəmiyyətimiz o sürətlə də məhvə doğru yuvarlanır. Zənnimcə bundan daha önəmli insanlıq hissləri vardır. Mən Sevili dinləyərkən çox pis hisslər keçirdim. Doğurdanmı cəmiyyətimiz bu qədər çirklənib?
  •    Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, cəmiyyətimiz çox acınacaqlı şəkildə çirklənib, insanların beyinləri tamamilə çirklənib. İndi hər kəsin beynində (istisnalarla/qocalı, cavanlı) bir şey var. Qız tutmaq, gəlinlə tanış olmaq və s. Heç bir kəsdə mərhəmət, insanlıq deyilən hisslər yoxdur. Mərhəmət deyərkən bəlkədə çoxları çöldə, bayırda əl açıb dilənən dilənçiyə 20 qəpik verməyi nəzərdə tutsa da bu mərhəmət deyil. Əsl mərhəmət, əsl insanlıq fikrimcə tam başqadır. 
  Əsl insanlıq hissi, mərhəmət hissi qəlblərdə olmalıdır, davranışda olmalıdır, əxlaqda olmalıdır, xasiyyətdə olmalıdır. Əgər sən ailənin, ata, ananın yanında özünü normal aparırsansa çıxıb bayırda dilənçiyə 20 qpik verib, yolla keçən başqa bir qıza söz atırsansa, tərbiyəsiz sözlər deyirsənsə, əxlaqsız təklif edirsənsə, əlinə telefon nömrəni yazıb qıza reklam edirsənsə, kağıza nömrəni yazıb qıza verirsən almayanda "qəhbə" sözünü həmin qıza eşitdirirsənsə sən əsl tərbiyəsiz, ləyaqətsiz, mənəviyyatsız, əxlaqsız, ailə qədri bilməyən bir insansan.
  Əxlaq, tərbiyə yalnız ailəyə nümayiş etdirmək üçün deyil. Sən ictimaət içərisində də əxlaq qaydalarına, nitq mədəniyyətinə fikir verməlisən.Cəmiyyətimizin ən böyük qüsuru onun tərbiyəsizliyidir zənnimcə.Və bu tərbiyəsizlik bir zaman ölkəmizi də uçuruma yuvarladacaq.Və bu tərbiyəsizlik normal, sivil yaxud elit bir cəmiyyət kimi formalaşmasında böyük bir nameəyə çevriləcəkdir.
  Sevillə söhbətim zamanı bir şeyi dəqiq anladım ki, cəmiyyətimiz istər xanımların, istərsə də bəylərin pozğun yollara düşməsinə elverişli mühit və şərait yaradır. Məlum məsələdir ki, bu kimi xüsusiyyətlərin qurbanı olan vətəndaşlarla heç bir birlikdən, heç bir demokratiyadan, heç bir azadlıqdan söhbət edə bilmərik. Düşünürəm ki, insanlar ilk öncə özlərinə, hisslərinə sahib olmağı bacarmalıdırlar.
  Bu arada Sevil kimi qadınların, vicdanlı namuslu, əyilməyən, sarsılmayan, satılmayan, övladına halal zəhmətinin məhsulunu yedizdirən, övladlarını sevən qadınların daha çox olmasını istəyərdim. Sevil kimi cürətli qadınlarla və Sevillə qürur duyuram və onu bloqumun qəhrəmanı kimi Azad olmayan ölkənin "Azad qadın"-ı adlandırıram.

вторник, 9 апреля 2013 г.

Sizə bir sözüm var...

      Artıq hər birimizə bu hakimiyyətin nə etmək istədiyini, nələrə qadir olacağını gördük. Onlar da birmənalı olaraq heç nəyi düşünmürlər. Həm gənclərin gənclik illərini, həm onların gələcəyini, həm də xalqımızı rifahını. Yetər ki, onlar hakimiyyətin təhlükəsizliyini təmin etsinlər. Çünki bu gənclər onların hakimiyyəti üçün çox təhlükəlidir. Onların özünü dərk etməsi və ölkəmizdəki vəziyyəti düzgün dəyərləndirməsi və digər insanlarla təmasda olaraq onları da demokratik bir mühitə səsləməsi demək olar ki, onların hakimiyyəti üçün tam təhlükədir. Artıq hər kəs həqiqəti görməyə, oyanış mərhələsinə qədəm qoymaq üzrədir, artıq xalqımız onlara qarşı olunan saymamazlığa, haqsızlığı dözüm gətirməmək ərəfəsindədir. Bu isə rejimi ciddi şəkildə narahat edir. Sadəcə onlar bu prosesi bir müddətlik ləngitməyə nail olacaqlar. Bu həbslər, bu hədələr, bu istintaqa çağırılıb, oğurlanmalar bizi aqressivləşdirir, sıralarımızı genişləndirir, bizim daha da tez birləşməmizi təmin edir. Artıq hər kəs ayılır. Sıralarımız sıxlaşır. Sadəcə bir müddətlik bu prosesi ləngitməyə nail olsalar da bu proses davam edir. Elə düşünməsinlər ki, onlar nələrisə dayandıra bilməyəcəklər. Tükənsək də, bitsək də mübarizəmiz davam edəcək. Daha ciddi, daha aqressiv, daha sərt...Repressiyalar kimi...
         Mən də gəncəm. Mən bu ölkənin gələcəyiyəm. Mənim kimi yüzlərlə, minlərlə gənclər var. Hər gün daha da sayları artır bu gənclərin. Biz maariflənirik. Biz gəlmək üçün maariflənirik. Biz yenilik üçün, demokratiya üçün, azadlığımız və rifahımız üçün maariflənirik. Biz nida qoymaq üçün maariflənirik. Və zaman gələcək siz bizim qarşımızda çox aciz görünəcəksiniz. Dostlarımızı həbs etdiyiniz zindanları bir gün əllərimizlə sökəcəyik. Bir gün biz qalib gələcəyik. O zaman siz məğlub olub rüsvay olacaqsınız. 
        Gənc olaraq əksəriyyətimizin günü məhkəmə önündə, İstintaq İdarəsi önündə, polis bölmələri qarşında keçir siz buna görə cavab verəcəksiniz. Əminəm lap  siz bizim hər birimizi həbs etsəniz də, öldürsəniz də, dərimizi soysanız da, AzTv-yə məcbur edib çıxarsanız da bu prosesslər bir gün sizin əleyhinizə işləyəcək. Damarınızda qanın işlədiyi sürətlə işləyəcək...Bir gün məndə azad olacam, bir gün hər kəs, bütün gənclik, bütün Azərbaycan azad olacaq. Bir gün bizim ölkəmiz azad günlər görəcək, rüşvətsiz, qanunların hakim olduğu ölkədə yaşayacağıq. 
       Bilirəm hər birimizin həyatı təhlükədədir. Sizin nələrə qadir olduğunuzu da bilirəm. Utanmazcasına gəncləri oğurladığınızı, işgəncə verib etmədiklərimizi etiraf etdirməyi də bacarırsınız. Bəlkədə hər birimizi həbsə atacaqsınız, hamımızı, gəncli, orta yaşlı, qocalı, körpəli, səsini çıxarda biləcək hər kəsi həbsə atacaqsınız ona görə də sizə bir neçə deyəcəklərimi ünvanlamaq istəyirəm.
-Əslində istəyərdim ki, bütün blog yazan dostlarım bu mövzuda bir blog yazsınlar.
       Əgər mən həbs olunsam.
-Əgər mən həbs olunsam bu rejimə, bu hakimiyyətə qarşı olan nifrətim daha da artacaq. Yəni hədsiz dərəcədə artacaq. Hər nə qədər müddətlik həbs olunsam həmin müddətdə dayanmadan kitablar oxuyacam. Daha da kamilləşəcəm. Mütaliəmi artıracağam. Daha da savadlı olacam. Sizin 100-lərlə rüşvətxor rektorlarınızın verdiyi analoqu olmayan təhsildənsə həbsdə oturub kitab oxumaq daha da əlverişli və rahatdır. Məsələn orda imtahana pul istəyən olmayacaq, orda marşrutda probkaya düşmək olmayacaq, orda qanunsuzluqlar olmayacaq. Bəzən barmaqlıqlar arxası olsa da belə azadlıqdan daha əlverişlidir. Hər gün sizin bizə bəxş etdiyiniz "AZADLIQ" -dansa birmənalı olaraq həbsdə azad olmaq ondan gözəldir.  Kifayət qədər məlumatlı olacam hər bir sahədən. Elmi kitablar oxuyacam. Hətta bəlkə orda yazılar da yazdım. Məhbəsdən məhbəsə adında yazacam Gözəl addır o ad. Əgər həbs olunsam heç kefinizi pozmayın. Əgər həbs olunsam heç fikir eləməyin. Düşünün ki, statuslarınızı like edən bir nəfər azalıb. Amma mübarizənizdə mətin olun. Bir şeyi qəbul edin. Bizi bu yolun sonunda qalibiyyət gözləyir, buna tam əmin olun.  Həbs olunsam Adeledən, Halil Sezaidən həftədə-ayda bir dəfə mahnı paylaşarsınız. Yada düşsəm paylaşarsınız.Bir az gülməli olsa da N!DA yazılan profil şəklimi paylaşarsınız ;) . Ən önəmli məsələ həbs olunsam profilimi şikayət edib bağlamayın. Profilim tam güvənli və etibarlı insandadır. =)
      Amma əgər həbs olunmasam yenədə bacardığım qədər bu rejimin iç üzünü hamıya, hər kəsə çatdıracağam. Hər kəsi ciddi şəkildə bu rejimin iç üzü ilə tanış edəcəm. Gəncləri həbs etməsini, insanlara qarşı, müəllimlərə, həkimlərə, ölkənin təhsilinə vurduqları amansız zərbələrdən bəhz edib hər kəsin "Allah filankəsin canın sağ eləsin" fikirlərində dönüş ayaradacağam. Artıq tam əminliklə deyə bilərəm ki, fikirlərində dönüş yaratdığım insanlar kifayət qədərdir. Və mən həmin insanları bu yuxudan ayıltdığım üçün, onların gözlərini açdığım üçün fəxr edirəm. Yenə də mübarizəyə davam, yenə də işimizə davam. 
      Sonda onu da qeyd etmək istəyirəm ki, heç nədən qorxmuram, çəkinmirəm. Həbslər də qətiyyən məni narahat etmir. Bayaq qeyd etdiyim kimi, bir ölkədə "AZAD" yaşamaqdansa, 4 divar arasında AZAD olaram. 

понедельник, 8 апреля 2013 г.

Ölkəmizdə acınacaqlı vəziyyət yaranıb.

Əvvəla qeyd etmək istəyirəm ki, hər kəsə, dinindən, irqindən, dərisinin rəngindən, düşüncələrindən, inancından asılı olmayaraq hər kəsə hörmətlə yanaşıram, hər kəsin seçiminə sayğı duyuram. Sadəcə müəyyən məsələlər vardır ki, onlara laqeyid qala bilmirəm.
 Deyə bilmərəm hamı bilir, yoxsa yox amma qabaqcadan vurğulamaq istəyirəm ki, Azərbaycan tolerant bir ölkədir. Heç kim deyə bilməz ki, Azərbaycan müsəlman ölkəsidir. Düzdü müsəlmanların sayı daha çox olsa da, üstünlük təşkil etsə də, digər dinə etiqad edənlər də var. Xristianlar, Yəhudilər və yaxud da inamı olmayan Ateistlər.
Mən isə azacıq da olsa insani hissiyatlara malik olan hər kəsdən rica edirəm ki, digərlərinə də hörmətlə yanaşın. Məsələn ən çox müsəlmanlar digər dinə inanan insanlara qarşı aqressiv münasibət göstərir. Təbii ki, istisnalar var. Amma yəhudilərə yaxud xristianlara qarşı müsəlmanların bir mövqesi var. Onlar kafirdilər.
İstərdim bir az maarifləndirim.
 Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.
Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Siz kafir sözünün mənasını bilmədən kiməsə iftira atırsınızsa elə sizin özünüz müsəlmançılığın şərtini pozur və günaha hasil olunursunuz. Əgər digər dinlərə qarşı belə aqressiya nümayiş etdirirsinizsə o zaman unutmayın siz Allahın işinə də əl uzatmış olursunuz. Bilirsiniz ki, digər dinləri də Allah yaradıb, İsa peyğəmbəri, Musa peyğəmbəri, Məhəmməd peyğəmbəri, Davud peyğəmbəri  də məhz Allah yer üzərinə göndərib. "Qurani-Kərim"-i də, "İncil"-i də, "Tövrat"-ı da Allah nazil edib.
Bu qədər cahillik etməyin.Digərini əzib qəlbini qırmayın. Ən azından bir az maariflənib cahillikdən uzaq olun.
Həmçinin digər bir məsələ. Ateistlər. Düzdür İslam dini bu insanları yəni Allaha inam gətirməyən, Allaha şəkk edən insanları kafir adlandırsa da, bu insanları da Allah yaradıb. Allahın yaratdığı canlıya qarşı belə mövqedə olmayın. Hər kəs öz ayağından asılacaq. Siz onlara qarşı düşmən mövqesində dayanmaqdansa çalışın ki, əsaslı şəkildə onlara öz mövqeyinizi aydınlaşdırın, onları öz tərəfinizə çəkin, necə deyərlər imana gətirin onları, savab qazanın. Yox əgər bunu edə bilmirsinizsə, bunu bacarmırsınızsa o zaman cahillik etməyin.
Bunu yazmaqda məqsədim azda olsa bəzi insanlara mesaj göndərmək idi ki, cahillikdən xilas olun. Bildiyinizi və bilmədiyinizi qeyri-ixtiyari olaraq danışıb özünüzü gülünc göstərməyin. Bəzən mənə daha çox pis təsir edən odur ki, heç müsəlmançılığın 5 mühüm şərtini bilməyən insanlar mənə Allahdan, peyğəmbərdən və "Qurani-Kərim"-dən dərs keçir. 
Susuram. Elə bilməyin ki, sizdən qorxuram yaxud deməyə söz tapa bilmirəm. Sözüm var. Kifayət qədər də əsaslı şəkildə sizə hər şeyi başa sala bilərəm. Sadəcə cahillikdə inad etməyiniz və şivənçilik xarakterli hərəkətlərinizlə özünüzə haqq qazandırdığınız üçün susuram. Nə vaxtsa siz də öz səhvinizi anlayarsınız deyə susuram.

понедельник, 1 апреля 2013 г.

Gileylənir, gileylənir, Vallah hamı gileylənir...

Əvvəla uzun müddətdir bloq yazmadığım üçün hər birinizdən üzr istəyirəm. Daha sonra onu qeyd etmək istəyirəm ki, son zamanlar ölkədə siyasi arenada baş verənlərə laqeyid qala bilmədim. Susa bilmədim, vicdanım yol vermədi susmağa yazacam, ölsəmdə, qalsamda yazacam. Həbs olunsamda yazacam. Bəlkədə bu mənim son blog yazımdır. Ona görə daha geniş və ətraflı yazacam.
  Hər gün evdən şəhərə gələrkən, şəhərdən evə gələrkən müşahidə etdiklərimi yazıb sizinlə bölüşəcəm.
-Evdən çıxıram xeyli yol piyada getmək məcburiyyətindəyəm. Ona görə kimlərləsə yol-yoldaşı oluram. Hər kəs danışır. Ay qardaş belə ölkədə yaşamaq olmaz. Soruşuram niyə? Cavabı isə çox uzun olur. Qardaş filan universitet bitirmişəm. Filan dərəcələrim var indi heç kim diplomuma baxmır. Tikintidə işləyirəm. Fəhlə işləyirəm. Yenədə vicdanım təmizdir halal zəhmətimlə pul qazanıram. Amma narazıyam bu hökumətdən. Harasa işə düzəlmək üçün kiməsə gərək rüşvət verim, ya da gərək yaxşı day-dayım olsun.
Digərləri deyir. Qaçqınam şikayət ərizələrimə heç kim baxmır. Evim başıma uçur. Prezidentə yazmışam baxmırlar.
Kimlərsə deyir. Yollar bərbad gündədir. Hər gün maşınımı təmir etdirməyə imkanım yoxdur. Taksi sürüb ailəmə bir tikə çörək qazanıram yarısını Nəqliyyat Deportamenti əlimdən alır yarısın da  texniki avadanlıqlara verirəm evimə gündə bir çörək güclə alıram qardaş. Narazıyam bu hökumətdən. Heç olmasa əvvəl zavodlar, fabriklər vardı dolanırdıq. Nə olsun ki, müstəqilik, neynirik belə müstəqil olub. Müstəmləkədə olaq amma bir tikə çörəyimiz olsun.
 Daha sonra marşruta minirəm. Sərnişinlər...
 (Bəziləri) Axı bu necə sürücülərdir. Camaatı bel-belə mindiriblər. Utanmırlar. Hələ bir marşrutu çala-çökəkə də salıb bizi öldürürlər burda. Bir tikə çörək qazanmağa yer tapmışıq onu da bu marşrutlarda gecikə-gecikə itiririk. İşdən çıxardırlar bizi. Gah probka, gah filan...
(Digər sərnişinlər) Allah bu hökumətin evin yıxsın. Əvvəl Elektiçkalar vardı, Trolleybuslar, tranvaylar vardı rahat gedib gəlirdik. İndi özlərindən Amerika kəşf ediblər. Marşrutlar bel-belə minir. İnsanlar marşrutlarda bel-belə minir. Sürücüləri qınamıram. Onlar da rahat maaş alsalar belə bir vəziyyət olmaz. Onlar üzün də ayrıca alternativ yollar olsa hər şey qaydasınca olar. Heç kəs bir-birindən narazı qalmaz. Bu ölkədə yaşamaq olmur. Qaçıb gedib başqa ölkədə həyat yaşamaq lazımdır və s.
 Sürücülər. Ay qardaş Vallah yaşamaq olmur. Heç olmasa Sovetlərdə adam kimi yaşayırdıq. Bir tikə çörəyimiz vardı. Allah evin yıxsın bunların. Bizi dilənçi kökünə salıblar. Hər gün ondan-bundan söz götürməkdən artıq bezmişik. Bilmirik axşam plan verək, bilmirik marşrutun təmirinə pul verək, bilmirik də evimizə çörəkpulu aparaq. Səhərdən axşama kimi rol arxasında oluruq. Evimizə elə olur 3 manat pul aparırıq olmaz belə. Məcburuq çox adam götürək marşruta ki, heç olmasa axşam plana verəndən sonra bizədə pul qalsın. Güya bizim xoşumuza gəlir camaatı bel-belə mindirmək? Axı bizdə bu xalqın övladıyıq. Bizimdə valideyinlərimiz var. Bizim də öz qayğılarımız var. Allah bəlaların versin. Bir yönlü yollar da yoxdur ki, bir təhər edib vaxtında çatdırasan. Probkaya düşürük 5 qəpik pul alırıq oda zəhər olur.

 Nəhayət marşrutdan düşürəm və metroya daxil oluram.
 Metroda əksər vaxt sıxlıq olur. (Hamı bildiyi kimi) Metroya daxil olursan yazılır "İçərişəhər". Minirsən metroya səni "Dərnəgül" stansiyasına aparır. Hər kəs söyə-söyə geri qayıdıb yenidən yoluna davam edir. Axı bu ölkədə nə vaxt nəysə düzgün işləyəcək? "Dərnəgül" yazılanda minirsən metroya "İçərişəhər"-ə aparır, "İçərişəhər" yazılanda minirsən "Dərnəgül"-ə aparır. Bütün gün inkişafdan dəm vururlar. Metroların xarici görünüşün dəyişsələr də eramızdan əvvəlin qatarları hələdə hər kəsin həyatına təhlükədir. Hələ metroda başqa-başqa problemlər də var onları dərinliyə kimi qeyd etmirəm.

Gəlirəm Universitetə. Dekan.
-(Xatırladım ki, dekanla çox yaxın hətta dost münasibətim var) Ay qardaş bu necə olan işdi yuxarıdan gündə bir söz deyirlər. Qalırsan belə. Hələ deyirlər ki, uşaqların adına kəsir yazılıb ona görə bir gün deyirlər həll edin getsin bir gün deyirlər 555 manat yığın uşaqlardan. Kimə də pul deyirsən elə adama zəng eliyir ki, üzdən-gözdən olursan. Alınmır qardaş bu işlə rektor özü məşğul olmalıdır. Bəsdir həyatımızı 200 manat maaşa görə təhlükəyə atdıq. Bunlar onsuzda cinayətkar insandılar. Sabah bürüsü gün nəsə olsa bizim yaxamız əldə qalacaq. Onsuzda dilənçi kökünə salıb bu rejim bizi. Qardaş açır aydın az qala əl açıb dilənirik. Gedib fəhlə işləsək günü 10 manata daha çox maaş alarıq nəinki burda. Sadəcə ayıbıma gəlir ali təhsilli ağsaqqal adam gedim fəhlə işləyim. Çökəcək bu rejim Vallah çökəcək qardaş. Bu çox uzun çəkməyəcək.
Müəllimlərim. Oğul bilirəm enerjili gəncsən ged özünə iş tap peşə tap. Səni də bu quldurlar oğurlayacaqlar. Ailənə problem yaratma. Başını sal aşağı diplomunu al ged işini qur yaşa nəyinə lazımdır?
-Susuram. Başımı aşağı salıb. Müəllim davam edir.
Oğul bir bəri gəl. Bax bilirsən əslində mən səni istəyib deyirəm bunları. Bilirəm ölkə qarışıb. Səni də araya salıb aparacaqlar. Başını sal aşağı. Bax mən ali təhsilli müəlliməm. BDU, AZİ və s. yerlərdə dərs demişəm professoram. Amma gör qədr qiymətimi bilən varmı? İki yerdə işləyirəm indi ümumi maaşım 450 manatdır. Ay qardaş bax mən bunla Bakıda necə ailə saxlayım hə? Bilirəm səni də başa düşürəm, susmaq istəmirsən. Sənə əhsən deyirəm. Amma oğul Vallah sən bu quldurlara bata bilməyəcəksən. Sənin kimi 10-20 gənc var onlar üçün hazır yemsiniz. Məndə sizin vaxtınızda belə edirdim. Birdə ayıldım ki, iş tapmaq evlənmək lazımdır. Gec oldu. İndi 450 manat maaşa ağsaqqal adam onun-bunun day-daylı uşağıyla söyüşürəm. Daha ağsaqqal da saymırlar. Az qalırlar başımıza çıxalar. Hələ bunlar cəhənnəm qınamıram gəncdilər bax bu bizi bu kökə salanlar utansınlar. Ali təhsil nədir bilmirlər. Biz ölkənin gələcəyini qoruyan tələbələr yetişdirməliyik. Bizi elə bir vəziyyətə salırlar ki, az qalırıq küçələrə düşüb dilənək. Ay oğul bu ölkədə qədir qiymət bilinmir. İstedadlı uşaqsan. Get imkan varsa buralardan həyatını yaşa. Qardaş sən bacaran iş deyil.

Evə qayıdarkən yenə eyni ssituasiya yaşanır. Hər kəs, hər kəs bu rejimdən narazıdır. Zaman gələcək heç bizim də heç nədən xəbərimiz olmadan bu narazı olan etirazçı kütlə öz haqlarını tələb etmək üçün meydanlara axışacaqlar. Haqlarını tələb edəcəklər. Bu olacaq, gec-tez olacaq. Hər kəs meydanlara axışacaq. O zaman nə polislər, nə ordu, nədə kimsə o kütlənin qarışısında dura bilməyəcək. Bu rejim devriləcək...

-Oxuduğunuz üçün təşəkkürlər.