среда, 14 декабря 2011 г.

Qədir Rüstəmov vəfat etdi.O, 2-ci Fəxri Xiyabanda dəfn ediləcək

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmovla vidalaşma mərasimi dekabrın 15-də olacaq.
Bu barədə AzadlıqRadiosuna Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, cənazə gecə Bakıya gətiriləcək və mərhumla vida mərasimi səhər saat 10.00-da Bakı Musiqi Akademiyasının akt zalında başlanacaq.
Dəfnin günün ikinci yarısı olması nəzərdə tutulur.
Mərhum Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov dekabrın 14-də səhər saatlarında vəfat edib.
Bu barədə məlumat verən sənətkarın oğlu atasının ürəyinin bu gün dayandığını deyib.
Hazırda Azərbaycanın İstanbuldakı baş Konsulluğunun nümayəndələri “Acıbadem” Xəstəxanasındadırlar.
Qədir Rüstəmovun cənazəsinin Bakıya gətirilməsi üzrə danışıqlar aparılır (APA).
Sənətçinin həkimi Ceyhun Solakoğlunun ANS-ə verdiyi xəbərə görə, müğənni bu gün saat 11:00 radələrində dünyasını dəyişib. Onun ölümünün səbəbi yayılmış herpes virusu ilə bağlı orqan çatışmazlığıdır.
Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məhşurlaşmışdı.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarırdı.



ANN.AZ


 Allah rəhmət eləsin!