понедельник, 22 апреля 2013 г.

Təhsil və "Təhsil"

  İlk öncə lap əvvəldən başlamaq istəyirəm. Lap birinci sinifdən.
 
Hər birimiz birinci sinifə gedərkən çox həyacanlı oluruq, bir az da qorxu hissi. Nələr baş verəcəyini bilmədiyimiz üçün bəzən ağlayırıq da. İlk dərs günü... Müəllimə gül bağışlamağımız, müəllimlə tanışlığımız...Daha sonra ilk dəfə müəllimin bizə qələm tutmağı öyrətməsi, əlimizdən tutub bizə hərif yazdırması. Çox saf, ülvi hisslərdir bunlar. Hətta bəzən həmin anları xatırlayarkən belə həmin həyacanı yenidən yaşayırıq. İbtidai sinifdə hərifləri, bəzi primitiv hesablama qaydalarını öyrənirik. Və ilk imtahanımız və ibtidai siniflə vidalaşmağımız, 5-ci sinifə qədəm qoymağımız, fərqli fənnlər, fərqli müəllimlərlə qarşılaşmağımız çox gözəl duyğular yaradır. Gözəl duyğularla yanaşı ciddi problemlərin də başlanğıcı məhz həmin illərdən başlayır...
  Dərslərin çətinliyi, hər cür simada müəllimlərlə rastlaşmaq bəzən bizə təhsili sevdirir, bəzən isə bizi təhsildən uzaqlaşdırır. Burada təbii ki, müəllimin rolu mühümdür. O bizə elmi həm sevdirə, həm də niffrət etdirə bilər.Artıq yuxarı sinifə qədəm qoyduqca, qarşımızda məsulliyyət artdıqca problemlərimiz də böyüyür. Şagirdlərin təhsilə itməkdə olan marağına, təcrübəsiz müəllimin təkan verməsi bizi təhsildən uzaqlaşdırması prosesi kəskin hal almağa başlayır. Daha sonra valideyinlərin təkidi, inadı və ali məktəbə hazırlaşmaq mərhələsi...
  Düzü valideyinləri niyə övladlarını təhsil almağa zorladıqları üçün qınaya bilmərəm, haqqımda yoxdur amma bəzən onların övladlarını məcburi şəkildə təhsilə yönətmələri həm övladları üçün, həm də ölkəmizin gələcəyi üçün çox təhlükəlidir. Niyə? -Ona görə ki, təhsilə marağı olmayan bir tələbə sırf univrsitetə qəbul olmaq üçün "oxuyur" (onsuzda ali məktəbə qəbul olmaq o qədər asanlaşıb ki, 200 hətta 150 balla da qəbul olmaq mümkündür) qəbul olur universitetə və qara günlər başlayır. Tamamilə oxumağı bir kənara atır, zatən oxumaq istəsə belə demək olar ali təhsil ocaqlarında təhsil sıfır səviyyəsindədir (istisnalar olmaq şərti ilə).Bir şey düşünür tələbə pul tapmaq semestri yola vermək, qayıbları sildirmək üçün dekana pul vermək və s. Tam təhsilsiz yetişən bu kadr sabah hansısa bir müəssisəyə işləməyə gedir və ölkəmizi çökdürmək prosesi daha da sürətli şəkildə gedir. Savadsız tələbə, sabahın savadsız işçi kadrıdır.
  Təsəvvür edək ki, valideyin universiteti bitirmiş savadsız övladının gələcəyini zorlayır. Övladını pul verərək universitetə müəllim işə düzədir, yaxud da məktəbə müəllim. Bu savadsız kadr qarşısındakı tələbəyə, yaxud şagirdə nə öyrədəcək? Və bu ardıcıllıqla da ölkəmiz süquta doğru gedir. Məcburiyyətlə təhsilə yönəldilmiş bir gənc ölkəni iflasa, uçuruma aparmaqda davam edir. Bu da zəncirvari olaraq günümüzün aktual məsələsidir.

  Mən düşünürəm ki, gəncləri təhsil almağa məcbur etmək lazım deyil. Siz valideyin olaraq öz təklifinizi verin. Əgər övladınız oxumaq istəmirsə onu zorlamayın. O bəlkə də öz sevdiyi peşəsini tapacaq, gələcəyin digər peşəkar mütəxəssislərindən olacaq?
  Hal-hazırda ölkəmizin təhsil sistemi demək olar ki, tam bərbad vəziyyətdədir. Yeni nazir inanmıram ki, bu məsələlərin öhdəsindən gəlsin. Ümid etmək istərdim, istərdim ki, bu məsələləri həll etsin amma artıq proseslər o qədər bir-birinə bağlı cərayan edir ki, tam cidi şəkildə yeni sistem qurulmalıdır ki, köklü müsbətə doğru dəyişikliklər olsun. Qanunlarda olan boşluqlar istənilən şəxsə şərait yaradır ki, savadsız ola - ola vəzifəyə gəlsin, təhsilimizdə olan boşluqlar savadsız insanın alim olmasına tam şəkildə şərait yaradır. Bütün bunların həlli açarı puldur. Zənnimcə pulun bu vəya digər məsələlərdə rolunu sıfıra endirmək lazımdır.
  Ən əsası isə böyük məsuliyyət bizlərin, vətəndaşların, valideyinlərin üzərinə düşür. Övladlarına seçim azadlığı verilməlidir, onlar robot kimi valideyinin qərarları ilə gələcəklərini təyin etməməlidirlər. Əgər bir insanı məcburiyyətlə təhsilə dəvət edirsinizsə əmin ola bilərsiniz ki, vaxtınızı boşuna xərcləyirsiniz və siz heç nəyə nail ola bilməyəcəksiniz. Hal-hazırda nəyəsə nail ola bilərsiniz (təbii ki, pul hesabına) amma müəyyən müddət keçdikdən sonra rejim savadsızların ucbatından çökəcək o zaman sizin bütün əldə etdiyiniz "nailiyyət"-lər sıfır olacaq.
- Əgər övladınızın təhsilə marağı varsa siz onu lap bütün günü işə istismar etsəniz belə heç nəyə nail ola bilməyəcəksiniz, övladınız oxumaq yolunu seçəcək, əgər övladınızın oxumağa marağı yoxdursa, siz onu məcbur edib oxudursunuzsa enində, sonunda o yenə avaralıq yolunu seçəcək. Əgər övladınız narkoman olmaq istəyirsə (bilirəm sizin üçün buna seyici qalmaq çox çətindir) toxunmayın narkoman olsun amma savadsız biri olmasın, cahil biri olmasın. Əgər sizin övladınız alim olmaq istəyirsə siz onu narkomanlığa sövq etsəniz belə o alim olacaq. Bu həyatın isbata ehtiyyac olmayan bir aksiomudur...