понедельник, 8 апреля 2013 г.

Ölkəmizdə acınacaqlı vəziyyət yaranıb.

Əvvəla qeyd etmək istəyirəm ki, hər kəsə, dinindən, irqindən, dərisinin rəngindən, düşüncələrindən, inancından asılı olmayaraq hər kəsə hörmətlə yanaşıram, hər kəsin seçiminə sayğı duyuram. Sadəcə müəyyən məsələlər vardır ki, onlara laqeyid qala bilmirəm.
 Deyə bilmərəm hamı bilir, yoxsa yox amma qabaqcadan vurğulamaq istəyirəm ki, Azərbaycan tolerant bir ölkədir. Heç kim deyə bilməz ki, Azərbaycan müsəlman ölkəsidir. Düzdü müsəlmanların sayı daha çox olsa da, üstünlük təşkil etsə də, digər dinə etiqad edənlər də var. Xristianlar, Yəhudilər və yaxud da inamı olmayan Ateistlər.
Mən isə azacıq da olsa insani hissiyatlara malik olan hər kəsdən rica edirəm ki, digərlərinə də hörmətlə yanaşın. Məsələn ən çox müsəlmanlar digər dinə inanan insanlara qarşı aqressiv münasibət göstərir. Təbii ki, istisnalar var. Amma yəhudilərə yaxud xristianlara qarşı müsəlmanların bir mövqesi var. Onlar kafirdilər.
İstərdim bir az maarifləndirim.
 Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.
Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Siz kafir sözünün mənasını bilmədən kiməsə iftira atırsınızsa elə sizin özünüz müsəlmançılığın şərtini pozur və günaha hasil olunursunuz. Əgər digər dinlərə qarşı belə aqressiya nümayiş etdirirsinizsə o zaman unutmayın siz Allahın işinə də əl uzatmış olursunuz. Bilirsiniz ki, digər dinləri də Allah yaradıb, İsa peyğəmbəri, Musa peyğəmbəri, Məhəmməd peyğəmbəri, Davud peyğəmbəri  də məhz Allah yer üzərinə göndərib. "Qurani-Kərim"-i də, "İncil"-i də, "Tövrat"-ı da Allah nazil edib.
Bu qədər cahillik etməyin.Digərini əzib qəlbini qırmayın. Ən azından bir az maariflənib cahillikdən uzaq olun.
Həmçinin digər bir məsələ. Ateistlər. Düzdür İslam dini bu insanları yəni Allaha inam gətirməyən, Allaha şəkk edən insanları kafir adlandırsa da, bu insanları da Allah yaradıb. Allahın yaratdığı canlıya qarşı belə mövqedə olmayın. Hər kəs öz ayağından asılacaq. Siz onlara qarşı düşmən mövqesində dayanmaqdansa çalışın ki, əsaslı şəkildə onlara öz mövqeyinizi aydınlaşdırın, onları öz tərəfinizə çəkin, necə deyərlər imana gətirin onları, savab qazanın. Yox əgər bunu edə bilmirsinizsə, bunu bacarmırsınızsa o zaman cahillik etməyin.
Bunu yazmaqda məqsədim azda olsa bəzi insanlara mesaj göndərmək idi ki, cahillikdən xilas olun. Bildiyinizi və bilmədiyinizi qeyri-ixtiyari olaraq danışıb özünüzü gülünc göstərməyin. Bəzən mənə daha çox pis təsir edən odur ki, heç müsəlmançılığın 5 mühüm şərtini bilməyən insanlar mənə Allahdan, peyğəmbərdən və "Qurani-Kərim"-dən dərs keçir. 
Susuram. Elə bilməyin ki, sizdən qorxuram yaxud deməyə söz tapa bilmirəm. Sözüm var. Kifayət qədər də əsaslı şəkildə sizə hər şeyi başa sala bilərəm. Sadəcə cahillikdə inad etməyiniz və şivənçilik xarakterli hərəkətlərinizlə özünüzə haqq qazandırdığınız üçün susuram. Nə vaxtsa siz də öz səhvinizi anlayarsınız deyə susuram.