среда, 27 апреля 2011 г.

MİTİNQLƏRƏ NORMAL YER AYRILMASI GÖZLƏNİLİR Hakimiyyət inadından əl çəkə bilər

“Hakimiyyətin kütləvi aksiyalara nisbətən normal yer ayıracağı gözlənilir”. Bu barədə dünən hakimiyyətə yaxın mənbə redaksiyamıza məlumat verib. Xəbərdə deyilir ki, ATƏT, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən ABŞ-ın həm açıq, həm gizli diplomatik yollarla “Ölkədə sərbəst toplaşmaq azadlığını bərpa edin” çağırışları artıb. Beynəlxalq birlik sərbəst toplaşmaq azadlığına qadağanın götürülməməsinin Azərbaycanda siyasi, ictimai gərginlik yaratdığının fərqindədir.

Beynəlxalq birlik Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Lakin onu da görür ki, kütləvi aksiyalara imkan verilməməsi sabitliyi pozan faktora çevrilib. Odur ki, hakimiyyəti kütləvi aksiyalara normal yerlər ayırmağa çağırırlar. Mənbənin dediyinə görə, hakimiyyətə müxalifətin mitinqlərə yer ayrılması məsələsində danışıqlar aparmaq təklifinin qəbul edilməsinin məqsədəuyğunluğu da tövsiyə olunub. Hakimiyyətin də bu çağırışlarla razılaşmaq üzrə olduğu bildirilir. İctimai Palatanın növbəti dəfə mitinq təyin edəcəyi halda Müsavat Partiyasının başqanı İsa Qəmbərin ötən həftə Hacıbala Abutalıbova ünvanladığı məktub əsas kimi göstərilərək İctimai Palatanın nümayəndələri Bakı Şəhər İcra Hakimiyyətinə danışıqlara dəvət olunacaq. Ortaya əlavə problemlər çıxmayacağı təqdirdə “Ulduz” metro stansiyasının yaxınlığındakı meydanın İP-ə təklif ediləcəyi deyilir. Başqa hansısa normal yerin də ayrılacağı istisna olunmur.
Hakimiyyətin mitinqlərə normal yer ayırmaq istədiyi barədə məlumatların əsaslı olduğu iqtidar mətbəxindən məlumatlı şəxslərdən sayılan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin də iki gün öncə mediaya müsahibəsindəki fikirlərindən görünür. A.Mollazadənin sözlərinə görə, qarşıdurmaların əsas yaranma səbəbi ondan ibarətdir ki, azad toplaşmaq hüququndan istifadə edən qüvvələrə aksiyalar keçirmək üçün yerlər ayrılmır. Belə yerlərin ayrılmağına ehtiyac var: “Beynəlxalq ənənələrdən irəli gələrək demokratik ölkələrdə mövcud olduğu kimi, bizdə də siyasi partiyaların, ictimai-siyasi təşkilatların, birliklərin öz fikirlərini ifadə edə bilməsi üçün müvafiq yerlər ayrılmalıdır. Məncə, müəyyən qarşıdurmaları aradan qaldırmaq üçün çox asan üsullar var. Düşünürəm ki, şəhər rəhbərliyi toplantı keçirmək istəyən qüvvələrlə danışıqlar apararaq razılığa gəlməlidir. O zaman şəhərin mərkəzində hansısa qarşıdurma olmayacaqdır”.
Kifayət qədər ehtiyatlı davranışları ilə seçilən A.Mollazadənin həm beynəlxalq birliyin çağırışlarından, həm də hakimiyyətin gec-tez aksiyalara yer ayıracağından məlumatlı olduğu üçün bu cür mövqe ortaya qoyması şübhəsizdir.

Комментариев нет:

Отправить комментарий

Forum