суббота, 22 октября 2011 г.

Diktatorların aqibəti Qəzzafi kimi olur


"Klintonun I müavini ilə görüşdə məmurlara sanksiya barədə danışıldı"
Leyla Yunus: "Diplomatlar deyir ki, bəli, sizdə vəziyyət çox pisdir. Ancaq biz desant göndərib hərbi əməliyyatlara başlaya bilmərik. Sizin vətəndaşlar öz hüquqları uğrunda mübarizə aparmalıdır"

Bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam Börns vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus da görüşdə iştirak edənlər sırasında olub və ölkədə insan haqlarının durumu ilə bağlı dövlət katibinin müavininə geniş məlumat verib. Görüş barədə təəssüratlar və digər məsələlərlə bağlı hüquq müdafiəçisinin fikirləri ilə tanış olduq.
Vətəndaşlar cinayətkar hakimiyyət qarşısında tamamilə müdafiəsizdi
- Dövlət katibinin müavini Uilyam Börnslə görüşdə hansı məsələlər müzakirə olundu və sizin təqdim etdiyiniz faktlara onun reaksiyası necə oldu?
- Söhbətin mövzusunu o təklif etdi. Dedi ki, Azərbaycandakı vəziyyəti yaxşı bilir, ayrıca qanun pozuntuları faktlarını sadalamağa ehtiyac yoxdur. Mənimlə salamlaşanda dedi ki, evinin sökülməyindən xəbərim var və prezidentlə görüşdə bu barədə danışmışam. O, bunu hüquq-müdafiə təşkilatlarının fəaliyyətinə mane olan qanunsuzluq kimi qiymətləndirdi. Əsasən insan haqları və demokratik islahatlardan danışmışıq. Mən dedim ki, Azərbaycanda təkcə avtoritar və polis rejimi deyil, cinayətkar-mafioz rejim hökm sürür. Hər gün vətəndaşların konstitusion hüquqları, praktiki olaraq bütün qanunlar pozulur. Ədalətli məhkəmə, işgəncələrdən müdafiə, sərbəst toplaşmaq və söz azadlığı yoxdur. Cinayətləri hakimiyyətdə təmsil olunanlar törədir. Azərbaycan vətəndaşları cinayətkar hakimiyyət qarşısında tamamilə müdafiəsizdi. Əsasən siyasi məhbuslardan danışdım. Əgər bu ilin əvvəlinə təxminən 60 siyasi məhbus var idisə, təkcə 2011-ci ildə onlara daha 20-si əlavə edilib. Bunlar gənc fəallar, sərbəst toplaşmaq hüququndan istifadə edib mitinqdə iştiraka görə həbs olunan Ictimai Palatanın fəalları, söz azadlığı hüququndan istifadə edən Mövsüm Səmədovun başçılığı altında Islam Partiyasının üzvləridir. Bildirdim ki, Mövsüm Səmədov partiyanın toplantısında ölkə başçısı Əliyevi kəskin tənqid edib, bundan iki gün sonra həbs olunub. Həmçinin onun diqqətini Azərbaycanda cəmiyyətin, vətəndaşlarımızın bölünməsinə səbəb olan mənfi tendensiyanın formalaşdığına yönəltdim. Vətəndaş cəmiyyətinin bütün fəalları Azərbaycanda siyasi məhbus probleminin olduğunu etiraf edir. Beynəlxalq təşkilatlar onların əksəriyyətini vicdan məhbusu kimi qəbul edir. Ancaq demokratik müxalifətin fəallarının işi üzrə ədalətli məhkəmə tələbi ilə çıxış edən həm Vaşinqton, həm Brüssel, həm Strasburq həbs olunan islamçılar barədə heç nə demir. Eyni zamanda həbs olunan Islam partiyasının fəallarını Tehranda müdafiə edirlər. Ancaq Ictimai Palatanın həbs olunan fəalları barədə Tehranda heç nə demirlər. Bu, düzgün deyil. Digər tərəfdən, Islam partiyasının fəallarının dəstəyi daha çoxdur. Çünki Azərbaycan dilində olan “Səhər” televiziyasında terror, silah saxlanılması, dövlət çevrilişi maddələri ilə həbs olunanlar barədə ətraflı söhbət açılır. Ictimai Palata nümayəndələrinin isə belə bir imkanı yoxdur. Çünki hətta “Azadlıq” radiosunu FM tezliyində dinləmək olmur. Dedim ki, vətəndaş cəmiyyətinin fəalları üçün Azərbaycan cəmiyyətinin birliyi, bütün vətəndaşların qanun qarşısında bərabərliyi çox vacibdi. Qanun hamı üçün birdi. Əgər vətəndaş qanunu pozmayıbsa, ona hökm çıxaran hakimlər cinayət törədib. Ona görə Arif Hacılıya, Mövsüm Səmədova, gənc fəallara, AXCP və Müsavat fəallarına hökm çıxaran hakimlər həbsdə oturmalıdır. Biz isə bütün siyasi məhbusların siyahısını hazırlayırıq və birliyin olmasını tələb edirik. Azərbaycan cəmiyyətini inanclı və qeyri-inanclı əlamətlərinə görə bölmək çox təhlükəlidir. Bizim hakimiyyət Harvardda təhsil alan Bəxtiyar Hacıyevlə islamçıları eyni tərzdə həbs edir. Ancaq bir şey aydındır ki, cinayətkar hakimiyyət cəmiyyətdə ekstremizmin artmasına səbəb olur. Bu da Azərbaycan üçün təhlükəlidir.
Görüşdə iştirak edən Şahin Hacıyev ölkədə demokratik islahatların həyata keçirilmədiyindən danışdı. Prezidentin ilin əvvəlində korrupsiya ilə mübarizə aparacaqları haqda söylədiklərinin Azərbaycan rəhbərliyinin ərəb inqilabları qarşısında qorxusu və bu qorxudan doğan reaksiyası olduğunu dedi. Bizim institutun Prezident Administrasiyasına Kərəm Həsənov, Hacıbala Abutalıbovun iri miqyaslı korrupsiyalar, iqtisadi cinayətləri barədə təqdim etdiyi məlumatlar tamamilə diqqətdən kənarda qaldı. Ona görə də korrupsiya ilə mübarizə barədə deyilənlər sadəcə sözlərdir. Mübarizə iki-üç manat ala bilən tibb bacıları ilə aparılır. Ancaq adını çəkdiyim məmurlarla mübarizə aparılmır. Rövnəq Abdullayevin fiziki şəxs Rufan Kazımovun hesabına nə vaxt nə qədər pul köçürdüyünü, bu pulların Hacıbala Abutalıbovun tapşırığı ilə köçürüldüyünü yazıb Prezident Administrasiyasına, prokurorluğa göndərmişəm. Bunların heç biri araşdırılmır.
Börns bir neçə dəfə məndən nə qədər pulun, necə köçürüldüyünü soruşdu. Abutalıbov Rövnəq Abdullayevə Kazımovun bank hesabına altı milyon manat köçürülməsi barədə göstəriş verib. Börns soruşdu ki, Kazımov kimdi? Dedim dəqiq bilmirəm, deyəsən sürücüdü. Börns də soruşur ki, Rövnəq Abdullayev altı milyon manatı onun hesabına köçürür? Dedim, hə. Soruşdu ki, siz deyin görüm Abutalıbovun Rövnəq Abdullayevə göstəriş verməyə səlahiyyəti çatırmı? ARDNŞ BŞIH-nin tabeçiliyindədir? Xeyr. Onda niyə belə edirlər? Iri iqtisadi cinayətlər barədə ətraflı danışdım. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “Azinko” şirkətini yaradıb, bu şirkətə “Avroviziya” üçün bütün tikintiləri həyata keçirmək tapşırılıb. Bu şirkət evləri sökülən insanlara ev verir. Bunun üçün də heç bir rəsmi sənəd yoxdur. Iqtisadi cinayətlər barədə bütün məlumatları, bu cinayətlərdə əli olanların adlarını çəkdik. Hesablara pul köçürüldüyünü, bunun təxminən 900 milyon manat olduğunu dedim. Mən deyəndə ki, Abutalıbov 1987-ci ilin dövlət planına istinad edir, Börns üç dəfə soruşdu - nə vaxt? Dedim Sovet vaxtı. Şahin Hacıyev korrupsiya ilə bağlı ətraflı danışdı. Söz azadlığının olmadığını dedi. 2011-ci ildən Metyu Brayza vətəndaş cəmiyyəti fəalları ilə görüşlər keçirir. Hakimiyyətlə vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqa nail olmaq kimi xoş niyyəti var. Əgər ilin əvvəlində bu dialoqun mümkünlüyü ilə bağlı nikbinlik çox idisə, indi bu minimuma enib. Əsasən də son həbslərdən sonra buna ümid yoxdu. Orada fikir səsləndi ki, bu hakimiyyətlə hansı mövzuda danışmaq olar. Hansı mövzuda danışanda hakimiyyət az hirslənər və eyni zamanda bu danışıq nəticə verər. Brayzanın fikrincə, bu, mülkiyyət məsələsi ola bilər.
“Hakimiyyət nümayəndələrinə qarşı sanksiyalar müsbət nəticə verə bilər”
- Bir müddət əvvəl Obama Dövlət Departamentinə öz ölkələrində insan haqlarını pozan məmurların siyahısını hazırlamağı tapşırıb. Bu şəxslərin ABŞ-a girişi qadağan oluna bilər. Azərbaycandan bu siyahıya kimlərin düşə biləcəyi ilə bağlı təklifləriniz oldu?
- Börnslə görüşdə bu barədə Eldar Namazov ətraflı danışdı. O, Rusiya, Belarus nümunəsinə istinad etdi. Bildirdi ki, əgər məmurların ABŞ-a, Avropa Birliyi ölkələrinə girişi qadağan olunsa, onların bank hesabları dondurulsa, bu, çox böyük effekt verərdi. Ilk növbədə müxalifət fəallarına hökm çıxaran hakimlər, onlara cinayət işi açan prokurorlar qeyd olundu. Eldar Namazov hakimiyyətlə iş təcrübəsinə istinad etdi və hakimiyyət nümayəndələrinə qarşı sanksiyaların müsbət nəticə verəcəyini dedi.
“Hər diktator elə düşünür ki, bu əqibət onu gözləmir”
- Ərəb ölkələrində baş verənlər digər avtoritar rejimlərə dərs olmayıb. Bəs Qəzzafinin aqibəti başqa diktatorlara dərs olacaqmı?
- Tarixçi kimi deyə bilərəm ki, tarix heç nəyi öyrətmir. Biz tarixi proseslərin şahidiyik. Hər diktator, öz vətəndaşlarını öldürən hər cinayətkar düşünür ki, bu əqibət onu gözləmir. Ancaq bunun üçün o daha qəddar olmalıdı, daha çox öldürməlidir, qan tökməlidir. Bu, bütün vaxtlarda baş verib. Çox nadir halda avtoritar hökmdarların hakimiyyətdən öz xoşu ilə getməsini görmüşük. Bunlar, adətən, o qədər də çox cinayət törətməyən diktatorlardı. Diktator xalqına, insanlığa qarşı nə qədər çox cinayət törədibsə, o qədər çox hakimiyyətdə qalmağa çalışır və axırı da Qəzzafi kimi olur.
“Ilham Əliyev özünü vətəndaşların ona imkan verdiyi kimi aparır”
- Bəs Ilham Əliyev bundan hansı nəticə çıxarmalıdır?
- Ilham Əliyevdən əvvəl Azərbaycan vətəndaşları barədə danışmaq lazımdır. Mən ölkəmizdəki situasiyanı müşahidə edəndə daha çox o nəticəyə gəlirəm ki, “hər xalq öz rəhbərinə layiqdir” aforizmi doğrudur. Çünki Ilham Əliyev və hakimiyyətdə olanlar özlərini vətəndaşlar onlara imkan verdiyi kimi aparır. Yanıma gələn vətəndaşlar deyir ki, Vaşinqton günahkardı, bunlara imkan verir. Ancaq görüşlərdə diplomatlar deyir ki, bəli, sizdə vəziyyət çox pisdir. Ancaq biz desant göndərib burda hərbi əməliyyatlara başlaya bilmərik. Bu sizin vətəndaşlardı. Onlar özləri öz hüquqları, uşaqlarının gələcəyi uğrunda mübarizə aparmalıdır.
- Azərbaycan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına qoşuldu. Bundan sonra hansı istiqamətdə dəyişikliklər gözləmək olar? Azərbaycana qarşı şərtlərin sərtləşəcəyini gözləmək olarmı?
- Ötən il Bakıda Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində öhdəliklərlə bağlı görüş oldu. Bu il isə noyabrın 24-də Brüsseldə görüş olacaq və bu məsələlər müzakirə olunacaq. Avropa Birliyindən məndən hesabat tələb ediblər. Həm işgəncələr, həm siyasi məhbuslar, həm də mülkiyyət hüquqları ilə bağlı hesabat hazırlamışam. Çünki birinci görüşdə mənim evimin sökülməsi ilə bağlı məhkəmə qərarı barədə danışanda Prezident Administrasiyasının nümayəndəsi dedi ki, Azərbaycanda Inzibati-Iqtisad Məhkəməsi yoxdu, siz nədən danışırsız? Ya bu adam açıq-aşkar yalan danışır, bu da dəhşətdir, ya da o qədər savadsızdı ki, 2011-ci ildən Azərbaycanda bu məhkəmələrin fəaliyyətə başladığını bilmir. Ona görə də bizim məmurlarla görüşməyə hazırlaşan AB-nin nümayəndəsi məndən bütün faktları istəyir. Tam aydındır ki, bizim nümayəndələrə AB-nin suallarına cavab vermək çətin olacaq. Onlar nəinki qanun pozuntularına, həm də cinayət faktlarına istinad edəcək. Hacıbala Abutalıbov, Kərəm Həsənov cinayət törədib. Onların hamısı həbsxanada oturmalıdır. Ona görə də mən yalnız qanun pozuntuları barədə yazmıram, həm də cinayət məcəlləsinin pozulan maddələrini göstərirəm.
- AŞ PA prezidenti Çavuşoğlunun fəaliyyət müddəti bitdi. Onun yerinə gələn fransalı nümayəndədən nə gözləyirsiniz?
- Onu tanımıram. Çavuşoğlunu tanıyırdım, onun prezidentliyinin necə olacağını da ehtimal edirdim.
- Çavuşoğlunun prezidentliyini necə qiymətləndirirsiniz?
- AŞ PA-da Çavuşoğlu, britaniyalı diplomat Maykl Heneken kimi tamamilə qeyri-obyektiv adamlar var. Onların Azərbaycandakı vəziyyətlə bağlı verdiyi qiymət də ədalətsizdir. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətində fəal adamlar azdı. Onların işini analiz edib seçicilərinə və jurnalistlərə təqdim etmək yaxşı olardı.
Fizzə Heydərli

Комментариев нет:

Отправить комментарий

Forum