суббота, 22 октября 2011 г.

Qəzzafinin aqibəti diktatorlara dərs olacaqmı?

«Tarix göstərir ki, diktatorlar başqa diktatorların taleyindən heç vaxt nəticə çıxarmır»


Zəfər Quliyev: «Postsovet məkanındakı avtoritar rejimlər üçün diktatorların aqibətindən nəticə çıxarmaq hələ gec deyil»


Ərəb ölkələrində inqilablar baş qaldırandan sonra bütün ölkələrdə hadisələr təxminən eyni ssenari ilə gedirdi. Nəticə də oxşar oldu. Artıq üç ölkədə xalq diktatura rejiminə son qoymağa nail olub. Lakin diktatorların aqibəti fərqli oldu. Əgər Tunis prezidenti Ben Əlinin ciddi müqavimət göstərmədən hakimiyyətdən getməsi Misir prezidenti Hüsnh Mübarəki də geri çəkilməyə məcbur etdisə, Liviya diktatoru Müəmmər Qəzzafinin ciddi müqavimət göstərməsi, xalqının qanını tökməsi Suriya prezidenti Bəşər Əsədi də bu yolla getməyə həvəsləndirdi. Ancaq Qəzzafinin aqibəti artıq bəllidir. 42 illik diktator qətlə yetirildi. Bəs onun bu aqibəti Bəşər Əsəd və hələ də müqavimət göstərən Yəmən prezidenti Salehə dərs olacaqmı?
Politoloq Zəfər Quliyevin sözlərinə görə, tarix göstərir ki, diktatorlar başqa diktatorların taleyindən özləri üçün heç vaxt nəticə çıxarmır. Onlar, hətta müasir dünyadakı dəyişikliklərlə hesablaşmır: “Dəfələrlə bunun şahidi olmuşuq ki, bir ölkədə diktatura darmadağın olur, diktatorlar cəzalandırılır. Lakin qonşu ölkədəki diktator bundan dərs götürmür. Hesab edir ki, onu belə aqibət gözləmir. Çalışır axıra qədər müqavimət göstərsin. Bunu ərəb ölkələrində də gördük. Tunisdə proseslər nisbətən sakit keçdi, Bin Əli hakimiyyətdən getməli oldu. Ancaq ondan sonra Misir özü üçün heç bir nəticə çıxarmadı. Hüsnü Mübarək hakimiyyəti saxlamaq üçün bir çox imkanlardan istifadə etməyə çalışdı. Yalnız görəndə ki, ordu ona tabe olmur, son məqamda getməyə məcbur oldu. Bundan sonra Liviyada nə qədər qan töküldüyünü gördük. Bütün dünya Qəzzafiyə qarşı ayağa qalxdı. O da bütün şanslardan istifadə edərək, xalqının qanı hesabına hakimiyyətdə qalmağa çalışdı. Axırda aqibəti bəllidir. Nə ordu, nə də milyardlar kömək etdi. Adam heç kəsə belə tale arzulamazdı. 42 il hakimiyyətdə olan insanın cəsədini küçələrlə sürüdülər, insanlar onun üzünə tüpürürdü”.
Ekspert bu dəhşətli hadisələrdən sonra Bəşər Əsədin bir nəticə çıxaracağına da şübhə ilə yanaşır: “Diktaturanın mahiyyəti bundan ibarətdir. Onlar bilir ki, hakimiyyətdən könüllü getsələr də, keçmiş cinayətlərinə görə cavab verməli olacaqlar. Pullarını itirə, məhkəmə qarşısında dura bilərlər. Buna görə ümid bəsləyirlər ki, bəlkə bu tale gözləmir, bəlkə onlar hakimiyyəti axıra qədər saxlamağı bacararlar”.
Z.Quliyevin fikrincə, Yəməndə, Suriyada yalnız hakimiyyətin müqavimət taktikası dəyişə bilər. Bəşər Əsəd vaxt udmaq üçün hansısa danışıqlara gedə bilər. Lakin onun tam şəkildə ciddi islahatlar aparacağı şübhə doğurur. Eyni zamanda könüllü şəkildə hakimiyyətdən getməsi də inandırıcı deyil.
Ekspert hesab edir ki, postsovet məkanındakı avtoritar rejimlər üçün diktatorların aqibətindən nəticə çıxarmaq hələ gec deyil: “Ərəb ölkələrindən fərqli olaraq postsovet məkanında yerləşən avtoritar rejimlərin əlləri o qədər də qana batmayıb. Bəşər Əsəd artıq 3 min adam öldürüb. Ona görə gedə bilmir. Postsovet məkanındakı diktaturaya meylli avtoritar rejimlərin isə demokratik islahatlara başlamaq şansları var. Onlar artıq başa düşməlidirlər ki, dünya dəyişir. Belə rejimlər uzun müddət qala bilməz. Xalqla, beynəlxalq ictimaiyyətlə dialoqa girməklə, əslində, bu cür aqibətdən qaça bilərlər”.
                                                                                                                                                                           Fizzə

Комментариев нет:

Отправить комментарий

Forum