вторник, 26 апреля 2011 г.

Əliyev kimə bənzəyəcək?


 Yaxud, bu İctimai Palata nəyə lazımdır...

Ərəb dünyası üçüncü diktatrunu da yola saldı. Yəmən prezidenti istefaya razılaşdı. Üç aya yaxın davam edən xalq etirazları onun da kürsüsünü aşırdı. Suriya despotu Bəşər Əsəd isə Qəzzafinin yolunu getmək istəyir. Amma bu gənc, ömründə bir gün də hərbi xidmət etməmiş diktator polkovnikin başına gələnlərin mahiyyətini anlamaqda çətinlik çəkir. Müharibəni udmağın iki şərtindən biri baş komandanın güllə səsinə reaksiyasıdır. Yəni dözümü.
Dünyada yeganə səs güllə səsidir ki, özündən qabaq ölüm gətirir. Və titullara baxmır. Mövzumuz bu deyil. Heç ərəb inqlabları da deyil. Bu, sadəcə, bir xatırlatma idi.
Silah siyasətə gəlməsə yaxşıdır. Klassiklərdən biri deyib: “tamaşanın girişində divardan silah asılıbsa, sonuncu pərdədə mütləq gillə səsi gələcək”. Ona görə də sivil siyasət daha faydalı, xeyirlidir. Miloşoviçin və indi də Qəzzafinin taleyi göstərib ki, demokratik dünya belə məsələlərdə Afrika ilə Avropaya fərq qoymur. Çünki, bu fərqi afrikalı və ya özünü avropalı sayan qoymalıdır. Sən necə davranarsansa, səninlə də elə davranarlar.
Bütün bunları ona görə qeyd etmək zərurəti yaranıb ki, son günlərdə Azərbaycanda ictimai siyasi fəallaşmanı ərəb inqlabları kontekstində şərh etməyə və Ərəb dünyasında baş verənlərin bu proseslərdə müstəsna rolu olduğunu təlqin etməyə çaslışırlar. Burada üzvi bir uyğunsuzluğun olduğunu sübut edəcəyik. Amma bu bənzətmələrin iki mühüm təhlükəli məqamı var. Birincisi, Azərbaycan xalqının suveren şəkildə başlatdığı mücadilənin köklərini başqa bir tendensiyaya bağlamaq cəhdi. Ikincisi də ATƏT məkanındakı Azərbaycan hakimiyyətinə Ərəb diktatorları kimi davranmaq imkanlarının olduğunu təlqin etmək. Hər iki hal ölkənin gələcəyinə ciddi ziyan vura bilən haldır.

Azərbaycan Afrikada deyil...

Əlbəttə, bəzi nəzəriyyəçilər deyə bilərlər ki, diktator bütün qitələrdə eyni cürdür. Hətta müəyyən emprik, yəni praktiki sübutlarla da bunu təsdiqləmək olar. Amma mən iddia edirəm ki, Afrika diktatoru ilə Avropa diktatoru düşüncə və strategiya etibarı ilə eyni olsalar da, imkanlar baxımından xeyli fərqlidirlər. Onların hər biri əbədi hakimiyyət, tükənməz şəxsi sərvət uğrunda bütün cinayətlərə hazır olurlar. Afrikada və ya Ərəb müsəlman dünyasında xalqın üstünə qoşun yeritmək elə də təəccüblü hal deyil. Çünki ölkə bu və ya başqa formada tayfa şüuru ilə yaşayır. Oradaki etirazlar da bir çox hallarda xaotik, və yalnız mövcud sistemdən boğulanların “nəfəslik davası”dır.
Amma Azərbaycan xalqı nəinki, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakiya yeridilməsini, hətta yüz il qabaq baş vermiş qətillərin sifarişçilərini lənətləyir. Bu ölkədə kiminsə, özünü Qorbaçovun, Yazovun yerində təsəvvür edəcəyinə inanmaq çətindir. Çünki, belə bir olaydan sonra hətta heç bir günahı olmayan, amma Bakıda Moskvanın adamı sayılan Vəzirov özünü dar ağacından güclə xilas elədi. Başqa tərəfdən isə Azərbaycan indi bir ATƏT ölkəsidir və bizim də daxil olduğumuz beynəlxalq münasibətlər sistemi nəinki ölkələrin münasibətləri baxımından, hətta hakimiyyətlər və xalqlar münasibətləri üçün də cox ciddi bir məsafə qət edib və insan amili bütün parametrlər üzrə önə çıxıb. Müasir, ATƏT məkanında insan haqları məsələsi dövlətlərüstü bir səviyyəyə çatıb və bu, Avropa diktatorlarının əl-qolunu tamam bağlayan faktordur. Başqa tərəfdən isə Ərəb dünyasında və Afrikada bir çox ölkələr rəsmən də monarxiyadır. Bu xalqlar indi demokratik görünüşə keçid dövrü yaşayırlar. Azərbaycan isə hələ 100 ildir demokratik hakimiyyət bölgüsü qurmuş bir ölkədir. Müəyyən neqativ fasilə olsa da, xalqın da, elitanın da belə bir irsi və ya tarxi yaddaşı mövcuddur. Bundan başqa Azərbaycan respublikası özünü bərpa edərkən ən çağdaş standartlarla prezident seçkisi keçirmiş bir ölkə kimi tanınmışdı. Yəni Azərbaycan AŞ üzvü, AB tərəfdaş proqramlarının iştirakçsı və bir çox sivil konvensiyaların subyekti kimi tamam başqa statusda ölkədir və İlham Əliyevin burada bir cəhənnəm düzəltməsi üçün aparılan müqaisələr yersizdir.

Azərbaycan müxalifəti və...

Azərbaycanda müxalifət daxili tənqidi diskussiyalarını yaşayan açıq sistemli bir hərəkatdır. Burada çoxpartiyalılıq və ictimailik faktoru əsas olsa da, ölkənin ən müxtəlif çətin anlarında birləşə bilən qüvvələr mövcuddur. Avropada və ölkədə təhsil alan yeni gənclik elitasının tənqidi və fəal iştirakı bu düşərgənin qandəyişiminə açıq olmasına və davamlılığın təmin ediləcəyinə bir işarədir. Eyni zamanda, tarixilik də bu düşərgənin tərəfindədir. Belə ki, indiki müxalifət siyasi hakimiyyətə və təşəbbüslərə sahib olduğu dövrlərdə müstəqilliyin qazanılmasında və torpaqların işğaldan azad olunmasında (sonradan Əliyevlər hakimiyyəti bu nailiyyətləri qoruya bilmədi) ciddi uğur qazanmış komandadır. Ən müxtəlif istiqamətlər üzrə hakimiyyətin tənqid kampaniyasına baxmayaraq, bir illik demokratik hakimiyyətin yaratdığı azad ictimai şüur və demokratik ənənələrə sadiq komanda ölkə üçün çox ciddi avantajdır. Bu mənada İctimai Palata adlı vətəndaş hərəkatının yaranması heç bir müxalifəti olmayan ərəb ölkələrindən daha bir fərqi ortaya qoydu; Azərbaycan müxalifəti daha ciddi proqramlı, spontanlığa və təsadüfiliyə üstünlük verməyən komandalaşmağı və sabitliyin idarəçilərini öncədən bəlirləyən vahid orqanizmə çevrilib.

Dinc dəyişikliyin əleyhinə...

2 aprel mitinqində hakimiyyət orqanlarının şüşə və vitirinləri sındıran provakatorlar vasitəsi ilə gərginlikdə maraqlı olması bir reallığı ortaya qoydu. Ölkədə dinc və demokratik dəyişikliyin hüquqi və siyasi məsuliyyəti hakimiyyətin üzərində olsa da, mənəvi məsuliyyət müxalifətin üzərinə düşür. Burada, məhz Gürcüstan və Ukrayna modelinin ətrafında düşünmək lazımdır. Birincisi, Azərbaycanın yenidən vətəndaş qarşıdurmasına səhnə olmasına heç kim rəvac verə və bunun altından çıxa bilməz. Bu xalqla əbədi düşmənçiliyin təməli olardı. Ikincisi, bu variantda hər kəs növbəti hakimiyyət dövründə ölkədəki azadlıqlardan bəhrələnə bilir. Azərbaycanda da artmaqda olan vətəndaş fəallığı və ölkənin ən müxtəlif təbəqələrinin siyasi dəyişikliklərə marağının artması deməyə əsas verir ki, belə bir dinc dəyişikliyin olmasına çox qalmayıb...

Seymur Həzi

Комментариев нет:

Отправить комментарий

Forum