вторник, 26 апреля 2011 г.

İCTİMAİ PALATANIN MİTİNQLƏRİ DAVAM EDƏCƏK Aqil Səmədbəyli: “Hakimiyyətin uzun illərdir apardığı təbliğat bizim aksiyalarla alt-üst oldu” Gözəl Bayramlı: “Mitinqlər mütləq davam etdirilməlidir”




               
“Mitinqlər başlamamışdan əvvəl ictimai rəydə belə fikir dolaşırdı ki, müxalifət hakimiyyətdən pul alacaq, camaatı meydanlara çıxmağa qoymayacaq və Azərbaycanda əvvəlki qaydada yenə də heç nə baş verməyəcək”.                                                       

İctimai Palata (İP) Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli bunu mitinqlərin keçirilməsinin əleyhinə çıxan şəxslərin dediklərini şərh edərkən söylədi. Son vaxtlar ayrı-ayrı müxalifət təmsilçiləri, xüsusilə də İP-dən kənar fəaliyyət göstərən şəxslər 2 və 17 aprel mitinqlərini yanlış sayaraq kütləvi aksiyalara başlanmasını vaxtından tez addım kimi qiymətləndirib. Ancaq A.Səmədbəyli bu fikirləri qəbul etmir. Deyir ki, mitinqlər bu sözlərin yalan və şayiə olduğunu bir daha təsdiqlədi: “Xüsusilə də diktatura rejimlərinin hökm sürdüyü ölkələrdə ən gözəl mübarizə vasitələrindən biri kütləvi etiraz aksiyalarıdır. Bu mənada mitinq keçirilməsi qərarı çox düzgün idi. O aksiyalardan sonra hakimiyyətin siması xalqa və bütün dünyaya aydın şəkildə göründü. Məhz bu aksiyalardan sonra mövcud rejim özünü bütün dünyada rüsvay elədi. Uzun illərdir apardıqları təbliğat məhz bu aksiyalarla alt-üst oldu. Bunlar özlərini ifşa etdi. Məlum oldu ki, bunların illərlə apardığı təbliğat tam yalan, saxta imiş və bunlar hakimiyyətlərini yalan, saxtakarlıq üzərində qurubmuş”.
A.Səmədbəyli deyir ki, mitinqlər beynəlxalq təşkilatlardan ciddi reaksiya gəlməsi baxımından da önəmli oldu: “Bunlar mitinqlərin keçirilməsi qərarının doğru olduğunu bir daha göstərir. Bundan sonra da kütləvi aksiyalar keçiriləcək. İctimai Palata hansı vaxtı uyğun bilsə və qərar versə, məqsədəuyğun sayılan yerdə növbəti mitinq keçiriləcək .
AXCP sədrinin müavini, İP Qadınlar Şurasının sədri Gözəl Bayramlı da bu iradları rədd edir: “İctimai Palata aksiyalarla bağlı zamanında qərar verib. Kütləvi etiraz aksiyaları keçirmək hər bir vətəndaşın, siyasi partiyanın təbii haqqıdır və onlar da bu hüquqdan istifadə edir. Mən bundan sonra da mitinqlərin davam etdirilməsinin tərəfdarıyam. İctimai Palatanın növbəti yığıncağında da bu barədə fikrimi deyəcəyəm. Mitinqlər mütləq davam etdirilməlidir. Hakimiyyətə bu mitinqlərlə bağlı müəyyən mesajlarımız var idi və aksiyalar da ona görə keçirilir. O məsələlərin heç biri həll olunmayıb. Əksinə, hakimiyyət sübut etdi ki, o, nəinki hər hansı demokratik islahata getmək istəmir, hətta əksinə, polis rejimini daha da möhkəmləndirmək niyyətindədir. İnsanlara cinayət işi açılır, mitinqə çıxanlar heç bir əsas olmadan təzyiq və zorakılığa məruz qalır. Bizim heç bir tələbimiz yerinə yetirilməyib. Biz öz haqlı tələbimizi səsləndirməkdə davam edəcəyik. Şübhə etmirəm ki, aparılan həbslərə və qanunsuz davranışlara rəğmən növbəti aksiyada da kütləvilik olacaq”.
Qeyd edək ki, İP-in növbəti iclası aprelin 29-da keçiriləcək. Məhz bu iclasda növbəti mitinqlə bağlı geniş müzakirələrin aparılacağı, aksiyanın vaxtı və yeri haqda qərarın konkretləşdiriləcəyi gözlənilir.

E.PAŞASOY

Комментариев нет:

Отправить комментарий

Forum