вторник, 26 апреля 2011 г.

MÜƏLLİMLƏRƏ YAŞ SENZİ MƏSƏLƏSİNƏ İKİ BAXIŞ Rafiq bəy İsmayıl: “Minimal xərclərimi ödəyəcək dərəcədə təqaüd versələr, məmnuniyyətlə təqaüdə çıxardım” Vüqar Bayramov: “Pensiya islahatları aparmadan yaş senzini tətbiq etmək ədalətsizlikdir”


Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov müəllimlərə yaş senzinin qoyulacağı ilə bağlı açıqlama verib. Eyni zamanda təhsil naziri Misir Mərdanov yaşı 65-ə çatmış müəllimlərin təqaüdə göndərilməsi məsələsinin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, müəllimlərə dövlət qulluqçusu statusu veriləndən sonra belə bir yaş məhdudiyyəti tətbiq oluna bilər.

Bakı Dövlət Universitetinin müəllimi Rafiq bəy İsmayıl yeni qəbul olunmuş təhsil qanununda da yaş senzi ilə bağlı belə bir maddənin olduğunu dedi: “Orada da yaş senzi nəzərdə tutulur. Amma uzun müddətdir Azərbaycanda təhsil sahəsində təqaüdə çıxma məsələsi bir problemə çevrilib. Müəllimlərin böyük əksəriyyəti təqaüd yaşının çatmasına baxmayaraq işləyirlər. Bunun da əsas səbəbi odu ki, təqaüdlər kifayət qədər aşağıdır. Yaxud da sosial fondda təqaüdçülərə veriləcək səviyyədə kifayət qədər pul yoxdur. Görünür, neftin bahalaşması belə bir addımı atmağı zəruri edir. Birincisi, deyildiyi kimi yaşlıların getməsi zəminində gənc nəslin təhsil sisteminə cəlb edilməsi prosesi gedəcək. Yəni hazırda pedaqoji heyət kifayət qədər yaşlıdır. Yaşlı insanın düşüncəsi ilə hərəkəti və fəaliyyəti ilə gəncinki ilə eyni deyil. Düzdü, yaşlıların təcrübəsini və ya müəyyən biliklərini inkar etmirəm. Amma gənclərin də yetişməsi lazımdır axı". R. İsmayılın sözlərinə görə, şəxsən ona yetərincə təqaüd verilsə məmnuniyyətlə işdən gedər: “Yetərincə deyərkən hazırkı əmək haqqımın 80 faizi qədər nəzərdə tuturam. Nə olursa-olsun hamı üçün rəqəm ədalətli olmalıdır. Təbii ki, burada staj da nəzərə alınmalıdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov isə müəllimlərə yaş senzinin qoyulmasını sosial baxımdan ədalətli qərar hesab etmir: “Xüsusi ilə pedaqoji sahədə. Çünki müəllimlər işlədikcə onların təcrübəsi artır və bu, onlara tədrisin keyfiyyətini artırmağa imkan verir. Yaş senzi ilə bağlı qərarın qüvvəyə minməsi o halda ədalətli ola bilər ki, həmin insanların sosial təminatı yaxşılaşdırılsın. Hesab edirəm ki, pensiya sistemində islahatlar aparıldıqdan - yəni pensiyaların hesablanması qaydalarının təkmilləşdirilməsindən sonra yaş senzi ilə bağlı islahatlar həyata keçirmək olar. Əks halda, az təqaüdlə bu insanların pensiyaya göndərilməsi ədalətli qərar olmayacaq”.
V. Bayramov onu da qeyd etdi ki, orta təqaüd məbləği real yaşayış minimumundan aşağıdır: “Orta pensiyanın məbləğinin 114 manat, orta aylıq əmək haqqının isə 340 manat olduğunu nəzərə alsaq, bu gün orta əmək haqqı ilə orta aylıq pensiya arasında kəskin fərqlər var. Bundan əlavə, orta təqaüd məbləği real yaşayış minimumundan aşağıdır. Yəni pensiya sisteminin özündə ciddi problemlər var. Sözügedən insanların pensiyaya göndərildikdən sonra hazırki pensiya hesablamaları qaydalarına uyğun onlara təyin ediləcək pensiya məbləği ilə nə dərəcədə normal dolanacaqları şübhə doğurur. İnkişaf etmiş ölkələrdə orta pensiyanın məbləği orta aylıq əmək haqqından ən pis halda iki dəfə az olur. Amma Azərbaycanda bu rəqəm üç dəfədən çoxdur. Bu səbəbdən də pensiyaların hesablanması istiqamətində islahatlar aparılmadan yaş senzi ilə bağlı qərarın qüvvəyə minməsi sosial ədalətsizlik olar”.

Zülfiyyə SAKİTQIZI

Комментариев нет:

Отправить комментарий

Forum