вторник, 26 апреля 2011 г.

ATA ABDULLAYEV "O DÜNYA"DAN QAYITDI Qalmaqallı gənc barəsində yayılan xəbərlərin yalan olduğunu dedi

Dünən axşam avtoqəzada öldüyü barədə xəbərlər dolaşan Ata Abdullayev bu gün "Yeni Müsavat"a zəng edərək sağ-salamat olduğunu bildirib.


Əməkdaşımızla danışan A.Abdullayev ironik tərzdə deyib: "Getdim, o dünyanı gördüm gəldim, dedilər, iki müxalifət lideri var, onlarsız gəlmə".

Söhbət əsnasında belə məlum olub ki, o, rayonların birində ailə üzvləri ilə dincəlirmiş.

A.Abdullayev jurnalistlərin onun telefonuna zəng etməsi və həmin telefondan "bəli, xəbər doğrudur, hazırda morqdayıq" deyə cavab verilməsini təkzib edib. O deyib ki, onun telefonuna heç bir zəng gəlməyib.

Belədə ortaya sual çıxır: Onsuz da son günlər adı çox hallanan A.Abdullayevi "qəzaya salmaq" kimin işinə yarayırdı?

Redaksiyadan: Yalan xəbərləri redaksiyaya ötürərək, onu normal işindən-gücündən edən, iş artıran adamlar da, özləri barədə yalan informasiya yaydıraraq, sonradan bunu təkzib edənlər də bilməlidirlər ki, belə fəndlərlə heç nə qazana bilməzlər. Bu işin axırı "yalançının evi yandı, heç kəs inanmadı" məsələsinə dönəcək.

CİNAYƏT MƏCƏLLƏSİNƏ DÜZƏLİŞLƏR EDİLƏCƏK


Azərbaycanın Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi planlaşdırılır.


APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı Ali Məhkəmədə İşçi Qrupu yaradılıb. Hazırda qrup tərəfindən Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər üzərində işlər aparılır.

Ə. Hüseynli Cinayət Məcəlləsinə indikindən fərqli olaraq xeyli sayda əlavə və dəyişikliklərin ediləcəyini bildirib.

ÖMÜRLÜK MƏHBUSLAR PREZİDENTƏ MÜRACİƏT EDİB “İnanırıq ki, sizin müdaxiləniz olacaq, problemimizin həlli üçün tezliklə müvafiq addımlar atılacaq”

25 ömürlük məhbus prezident İlham Əliyevə müraciət ünvanlayıb. “Media forum” saytının məlumatına görə, məhbuslar yazır: “Hörmətli prezident! Bu yaxınlarda keçirdiyiniz iclasların birində qəti göstəriş verdiniz ki, haqsızlıqlara uğrayan hər bir vətəndaş müvafiq orqanlara müraciət etməlidir. Vaxtilə haqsız yerə ömürlük həbs cəzasına məhkum edilmiş məhkumlar olaraq qərara gəldik ki, bu çıxışınızı əsas götürərək sizə müraciət edək. Çünki sizdən əvvəl bütün hüquq orqanlarına, hətta Konstitusiya Məhkəməsinə şikayət etməyimizə baxmayaraq heç bir ölçü götürülməyib”.

Məhbuslar 1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmünün ləğv olunduğunu xatırladaraq bildirirlər ki, qanun vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini də nəzərdə tutub. Ölüm cəzasının ləğvinə qədər bu hökm altında olmuş 128 məhkumdan hazırda 80-ninin cəza çəkdiyini xatırladan məhbusların arqumentinə görə, onlara ömürlük həbs cəzası qeyri-məhkəmə qaydasında tətbiq edilib. Məhbuslar bildirir ki, cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipi və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin tələblərinə əsasən, onlara məhkəmə yolu ilə 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud uzağı 20 il azadlıqdan məhrumetmə cəzası verilməli idi.
Məhbuslar Avropa Şurası Parlament Assambleyasının 2007-ci il aprelin 16-da qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə etdiyini xatırladıblar: “Qətnamənin 8.9-cu bəndində qeyd olunur ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.
Ömürlük məhbusların müraciətində daha sonra deyilir: “Cənab prezident! Səsimizi sizə çatdırmaq üçün çoxsaylı aclıq aksiyaları keçirmişik. Hər aksiyada insanı dəhşətə gətirən təzyiqlərə məruz qalmışıq, günahsız olaraq karsərə salınmışıq. Təəssüflər olsun ki, bu günə qədər öz konstitusion hüquqlarımızı bərpa edə bilməmişik.
Sizin 2006-cı il avqustun 17-də imzaladığınız “Dövlət qeydiyyatından keçmiş hüquqi-normativ aktların və normativ xarakterli aktların Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılması” haqqında fərman əsasında 15 illik cəza probleminin həllinə nail olmaq mümkündür. İnanırıq ki, sizin müdaxiləniz olacaq, bizim problemimizin həlli üçün tezliklə müvafiq addımlar atılacaq".

TVERDƏ AZƏRBAYCANLILARLA ERMƏNİLƏR ARASINDA ATIŞMA Hadisə nəticəsində 7 nəfər yaralanıb, 23 nəfər isə bölməyə aparılıb


Rusiyanın Tver şəhərində aprelin 24-də Azərbaycan və Ermənistan diaspora nümayəndəri arasında atışma baş verib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, 60 nəfərin iştirak etdiyi münaqişə xalqlararası zəmində baş verib.

“Komsomolskaya pravda” qəzeti yazır ki, ermənilər qondarma erməni soyqırımının ildönümünü qeyd edirmişlər. Hadisədə travmatik silahdan atəş açılıb, eləcə də soyuq silahlar və bıçaqdan istifadə olunub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin 23 iştirakçısı isə polis bölməsinə aparılıb.
Tver şəhərinin hüquq-mühafizə orqanları hər iki diaspora nümayəndələri ilə danışıqlar aparıblar, şəhərin küçələrində patrul xidmətinin nəzarəti gücləndirilib. Hazırda cinayət işinin açılıb-açılmaması ilə bağlı məsələ nəzərdən keçirilir.

Əliyev kimə bənzəyəcək?


 Yaxud, bu İctimai Palata nəyə lazımdır...

Ərəb dünyası üçüncü diktatrunu da yola saldı. Yəmən prezidenti istefaya razılaşdı. Üç aya yaxın davam edən xalq etirazları onun da kürsüsünü aşırdı. Suriya despotu Bəşər Əsəd isə Qəzzafinin yolunu getmək istəyir. Amma bu gənc, ömründə bir gün də hərbi xidmət etməmiş diktator polkovnikin başına gələnlərin mahiyyətini anlamaqda çətinlik çəkir. Müharibəni udmağın iki şərtindən biri baş komandanın güllə səsinə reaksiyasıdır. Yəni dözümü.
Dünyada yeganə səs güllə səsidir ki, özündən qabaq ölüm gətirir. Və titullara baxmır. Mövzumuz bu deyil. Heç ərəb inqlabları da deyil. Bu, sadəcə, bir xatırlatma idi.
Silah siyasətə gəlməsə yaxşıdır. Klassiklərdən biri deyib: “tamaşanın girişində divardan silah asılıbsa, sonuncu pərdədə mütləq gillə səsi gələcək”. Ona görə də sivil siyasət daha faydalı, xeyirlidir. Miloşoviçin və indi də Qəzzafinin taleyi göstərib ki, demokratik dünya belə məsələlərdə Afrika ilə Avropaya fərq qoymur. Çünki, bu fərqi afrikalı və ya özünü avropalı sayan qoymalıdır. Sən necə davranarsansa, səninlə də elə davranarlar.
Bütün bunları ona görə qeyd etmək zərurəti yaranıb ki, son günlərdə Azərbaycanda ictimai siyasi fəallaşmanı ərəb inqlabları kontekstində şərh etməyə və Ərəb dünyasında baş verənlərin bu proseslərdə müstəsna rolu olduğunu təlqin etməyə çaslışırlar. Burada üzvi bir uyğunsuzluğun olduğunu sübut edəcəyik. Amma bu bənzətmələrin iki mühüm təhlükəli məqamı var. Birincisi, Azərbaycan xalqının suveren şəkildə başlatdığı mücadilənin köklərini başqa bir tendensiyaya bağlamaq cəhdi. Ikincisi də ATƏT məkanındakı Azərbaycan hakimiyyətinə Ərəb diktatorları kimi davranmaq imkanlarının olduğunu təlqin etmək. Hər iki hal ölkənin gələcəyinə ciddi ziyan vura bilən haldır.

Azərbaycan Afrikada deyil...

Əlbəttə, bəzi nəzəriyyəçilər deyə bilərlər ki, diktator bütün qitələrdə eyni cürdür. Hətta müəyyən emprik, yəni praktiki sübutlarla da bunu təsdiqləmək olar. Amma mən iddia edirəm ki, Afrika diktatoru ilə Avropa diktatoru düşüncə və strategiya etibarı ilə eyni olsalar da, imkanlar baxımından xeyli fərqlidirlər. Onların hər biri əbədi hakimiyyət, tükənməz şəxsi sərvət uğrunda bütün cinayətlərə hazır olurlar. Afrikada və ya Ərəb müsəlman dünyasında xalqın üstünə qoşun yeritmək elə də təəccüblü hal deyil. Çünki ölkə bu və ya başqa formada tayfa şüuru ilə yaşayır. Oradaki etirazlar da bir çox hallarda xaotik, və yalnız mövcud sistemdən boğulanların “nəfəslik davası”dır.
Amma Azərbaycan xalqı nəinki, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakiya yeridilməsini, hətta yüz il qabaq baş vermiş qətillərin sifarişçilərini lənətləyir. Bu ölkədə kiminsə, özünü Qorbaçovun, Yazovun yerində təsəvvür edəcəyinə inanmaq çətindir. Çünki, belə bir olaydan sonra hətta heç bir günahı olmayan, amma Bakıda Moskvanın adamı sayılan Vəzirov özünü dar ağacından güclə xilas elədi. Başqa tərəfdən isə Azərbaycan indi bir ATƏT ölkəsidir və bizim də daxil olduğumuz beynəlxalq münasibətlər sistemi nəinki ölkələrin münasibətləri baxımından, hətta hakimiyyətlər və xalqlar münasibətləri üçün də cox ciddi bir məsafə qət edib və insan amili bütün parametrlər üzrə önə çıxıb. Müasir, ATƏT məkanında insan haqları məsələsi dövlətlərüstü bir səviyyəyə çatıb və bu, Avropa diktatorlarının əl-qolunu tamam bağlayan faktordur. Başqa tərəfdən isə Ərəb dünyasında və Afrikada bir çox ölkələr rəsmən də monarxiyadır. Bu xalqlar indi demokratik görünüşə keçid dövrü yaşayırlar. Azərbaycan isə hələ 100 ildir demokratik hakimiyyət bölgüsü qurmuş bir ölkədir. Müəyyən neqativ fasilə olsa da, xalqın da, elitanın da belə bir irsi və ya tarxi yaddaşı mövcuddur. Bundan başqa Azərbaycan respublikası özünü bərpa edərkən ən çağdaş standartlarla prezident seçkisi keçirmiş bir ölkə kimi tanınmışdı. Yəni Azərbaycan AŞ üzvü, AB tərəfdaş proqramlarının iştirakçsı və bir çox sivil konvensiyaların subyekti kimi tamam başqa statusda ölkədir və İlham Əliyevin burada bir cəhənnəm düzəltməsi üçün aparılan müqaisələr yersizdir.

Azərbaycan müxalifəti və...

Azərbaycanda müxalifət daxili tənqidi diskussiyalarını yaşayan açıq sistemli bir hərəkatdır. Burada çoxpartiyalılıq və ictimailik faktoru əsas olsa da, ölkənin ən müxtəlif çətin anlarında birləşə bilən qüvvələr mövcuddur. Avropada və ölkədə təhsil alan yeni gənclik elitasının tənqidi və fəal iştirakı bu düşərgənin qandəyişiminə açıq olmasına və davamlılığın təmin ediləcəyinə bir işarədir. Eyni zamanda, tarixilik də bu düşərgənin tərəfindədir. Belə ki, indiki müxalifət siyasi hakimiyyətə və təşəbbüslərə sahib olduğu dövrlərdə müstəqilliyin qazanılmasında və torpaqların işğaldan azad olunmasında (sonradan Əliyevlər hakimiyyəti bu nailiyyətləri qoruya bilmədi) ciddi uğur qazanmış komandadır. Ən müxtəlif istiqamətlər üzrə hakimiyyətin tənqid kampaniyasına baxmayaraq, bir illik demokratik hakimiyyətin yaratdığı azad ictimai şüur və demokratik ənənələrə sadiq komanda ölkə üçün çox ciddi avantajdır. Bu mənada İctimai Palata adlı vətəndaş hərəkatının yaranması heç bir müxalifəti olmayan ərəb ölkələrindən daha bir fərqi ortaya qoydu; Azərbaycan müxalifəti daha ciddi proqramlı, spontanlığa və təsadüfiliyə üstünlük verməyən komandalaşmağı və sabitliyin idarəçilərini öncədən bəlirləyən vahid orqanizmə çevrilib.

Dinc dəyişikliyin əleyhinə...

2 aprel mitinqində hakimiyyət orqanlarının şüşə və vitirinləri sındıran provakatorlar vasitəsi ilə gərginlikdə maraqlı olması bir reallığı ortaya qoydu. Ölkədə dinc və demokratik dəyişikliyin hüquqi və siyasi məsuliyyəti hakimiyyətin üzərində olsa da, mənəvi məsuliyyət müxalifətin üzərinə düşür. Burada, məhz Gürcüstan və Ukrayna modelinin ətrafında düşünmək lazımdır. Birincisi, Azərbaycanın yenidən vətəndaş qarşıdurmasına səhnə olmasına heç kim rəvac verə və bunun altından çıxa bilməz. Bu xalqla əbədi düşmənçiliyin təməli olardı. Ikincisi, bu variantda hər kəs növbəti hakimiyyət dövründə ölkədəki azadlıqlardan bəhrələnə bilir. Azərbaycanda da artmaqda olan vətəndaş fəallığı və ölkənin ən müxtəlif təbəqələrinin siyasi dəyişikliklərə marağının artması deməyə əsas verir ki, belə bir dinc dəyişikliyin olmasına çox qalmayıb...

Seymur Həzi

MÜƏLLİMLƏRƏ YAŞ SENZİ MƏSƏLƏSİNƏ İKİ BAXIŞ Rafiq bəy İsmayıl: “Minimal xərclərimi ödəyəcək dərəcədə təqaüd versələr, məmnuniyyətlə təqaüdə çıxardım” Vüqar Bayramov: “Pensiya islahatları aparmadan yaş senzini tətbiq etmək ədalətsizlikdir”


Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov müəllimlərə yaş senzinin qoyulacağı ilə bağlı açıqlama verib. Eyni zamanda təhsil naziri Misir Mərdanov yaşı 65-ə çatmış müəllimlərin təqaüdə göndərilməsi məsələsinin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, müəllimlərə dövlət qulluqçusu statusu veriləndən sonra belə bir yaş məhdudiyyəti tətbiq oluna bilər.

Bakı Dövlət Universitetinin müəllimi Rafiq bəy İsmayıl yeni qəbul olunmuş təhsil qanununda da yaş senzi ilə bağlı belə bir maddənin olduğunu dedi: “Orada da yaş senzi nəzərdə tutulur. Amma uzun müddətdir Azərbaycanda təhsil sahəsində təqaüdə çıxma məsələsi bir problemə çevrilib. Müəllimlərin böyük əksəriyyəti təqaüd yaşının çatmasına baxmayaraq işləyirlər. Bunun da əsas səbəbi odu ki, təqaüdlər kifayət qədər aşağıdır. Yaxud da sosial fondda təqaüdçülərə veriləcək səviyyədə kifayət qədər pul yoxdur. Görünür, neftin bahalaşması belə bir addımı atmağı zəruri edir. Birincisi, deyildiyi kimi yaşlıların getməsi zəminində gənc nəslin təhsil sisteminə cəlb edilməsi prosesi gedəcək. Yəni hazırda pedaqoji heyət kifayət qədər yaşlıdır. Yaşlı insanın düşüncəsi ilə hərəkəti və fəaliyyəti ilə gəncinki ilə eyni deyil. Düzdü, yaşlıların təcrübəsini və ya müəyyən biliklərini inkar etmirəm. Amma gənclərin də yetişməsi lazımdır axı". R. İsmayılın sözlərinə görə, şəxsən ona yetərincə təqaüd verilsə məmnuniyyətlə işdən gedər: “Yetərincə deyərkən hazırkı əmək haqqımın 80 faizi qədər nəzərdə tuturam. Nə olursa-olsun hamı üçün rəqəm ədalətli olmalıdır. Təbii ki, burada staj da nəzərə alınmalıdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov isə müəllimlərə yaş senzinin qoyulmasını sosial baxımdan ədalətli qərar hesab etmir: “Xüsusi ilə pedaqoji sahədə. Çünki müəllimlər işlədikcə onların təcrübəsi artır və bu, onlara tədrisin keyfiyyətini artırmağa imkan verir. Yaş senzi ilə bağlı qərarın qüvvəyə minməsi o halda ədalətli ola bilər ki, həmin insanların sosial təminatı yaxşılaşdırılsın. Hesab edirəm ki, pensiya sistemində islahatlar aparıldıqdan - yəni pensiyaların hesablanması qaydalarının təkmilləşdirilməsindən sonra yaş senzi ilə bağlı islahatlar həyata keçirmək olar. Əks halda, az təqaüdlə bu insanların pensiyaya göndərilməsi ədalətli qərar olmayacaq”.
V. Bayramov onu da qeyd etdi ki, orta təqaüd məbləği real yaşayış minimumundan aşağıdır: “Orta pensiyanın məbləğinin 114 manat, orta aylıq əmək haqqının isə 340 manat olduğunu nəzərə alsaq, bu gün orta əmək haqqı ilə orta aylıq pensiya arasında kəskin fərqlər var. Bundan əlavə, orta təqaüd məbləği real yaşayış minimumundan aşağıdır. Yəni pensiya sisteminin özündə ciddi problemlər var. Sözügedən insanların pensiyaya göndərildikdən sonra hazırki pensiya hesablamaları qaydalarına uyğun onlara təyin ediləcək pensiya məbləği ilə nə dərəcədə normal dolanacaqları şübhə doğurur. İnkişaf etmiş ölkələrdə orta pensiyanın məbləği orta aylıq əmək haqqından ən pis halda iki dəfə az olur. Amma Azərbaycanda bu rəqəm üç dəfədən çoxdur. Bu səbəbdən də pensiyaların hesablanması istiqamətində islahatlar aparılmadan yaş senzi ilə bağlı qərarın qüvvəyə minməsi sosial ədalətsizlik olar”.

Zülfiyyə SAKİTQIZI

İCTİMAİ PALATANIN MİTİNQLƏRİ DAVAM EDƏCƏK Aqil Səmədbəyli: “Hakimiyyətin uzun illərdir apardığı təbliğat bizim aksiyalarla alt-üst oldu” Gözəl Bayramlı: “Mitinqlər mütləq davam etdirilməlidir”




               
“Mitinqlər başlamamışdan əvvəl ictimai rəydə belə fikir dolaşırdı ki, müxalifət hakimiyyətdən pul alacaq, camaatı meydanlara çıxmağa qoymayacaq və Azərbaycanda əvvəlki qaydada yenə də heç nə baş verməyəcək”.                                                       

İctimai Palata (İP) Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli bunu mitinqlərin keçirilməsinin əleyhinə çıxan şəxslərin dediklərini şərh edərkən söylədi. Son vaxtlar ayrı-ayrı müxalifət təmsilçiləri, xüsusilə də İP-dən kənar fəaliyyət göstərən şəxslər 2 və 17 aprel mitinqlərini yanlış sayaraq kütləvi aksiyalara başlanmasını vaxtından tez addım kimi qiymətləndirib. Ancaq A.Səmədbəyli bu fikirləri qəbul etmir. Deyir ki, mitinqlər bu sözlərin yalan və şayiə olduğunu bir daha təsdiqlədi: “Xüsusilə də diktatura rejimlərinin hökm sürdüyü ölkələrdə ən gözəl mübarizə vasitələrindən biri kütləvi etiraz aksiyalarıdır. Bu mənada mitinq keçirilməsi qərarı çox düzgün idi. O aksiyalardan sonra hakimiyyətin siması xalqa və bütün dünyaya aydın şəkildə göründü. Məhz bu aksiyalardan sonra mövcud rejim özünü bütün dünyada rüsvay elədi. Uzun illərdir apardıqları təbliğat məhz bu aksiyalarla alt-üst oldu. Bunlar özlərini ifşa etdi. Məlum oldu ki, bunların illərlə apardığı təbliğat tam yalan, saxta imiş və bunlar hakimiyyətlərini yalan, saxtakarlıq üzərində qurubmuş”.
A.Səmədbəyli deyir ki, mitinqlər beynəlxalq təşkilatlardan ciddi reaksiya gəlməsi baxımından da önəmli oldu: “Bunlar mitinqlərin keçirilməsi qərarının doğru olduğunu bir daha göstərir. Bundan sonra da kütləvi aksiyalar keçiriləcək. İctimai Palata hansı vaxtı uyğun bilsə və qərar versə, məqsədəuyğun sayılan yerdə növbəti mitinq keçiriləcək .
AXCP sədrinin müavini, İP Qadınlar Şurasının sədri Gözəl Bayramlı da bu iradları rədd edir: “İctimai Palata aksiyalarla bağlı zamanında qərar verib. Kütləvi etiraz aksiyaları keçirmək hər bir vətəndaşın, siyasi partiyanın təbii haqqıdır və onlar da bu hüquqdan istifadə edir. Mən bundan sonra da mitinqlərin davam etdirilməsinin tərəfdarıyam. İctimai Palatanın növbəti yığıncağında da bu barədə fikrimi deyəcəyəm. Mitinqlər mütləq davam etdirilməlidir. Hakimiyyətə bu mitinqlərlə bağlı müəyyən mesajlarımız var idi və aksiyalar da ona görə keçirilir. O məsələlərin heç biri həll olunmayıb. Əksinə, hakimiyyət sübut etdi ki, o, nəinki hər hansı demokratik islahata getmək istəmir, hətta əksinə, polis rejimini daha da möhkəmləndirmək niyyətindədir. İnsanlara cinayət işi açılır, mitinqə çıxanlar heç bir əsas olmadan təzyiq və zorakılığa məruz qalır. Bizim heç bir tələbimiz yerinə yetirilməyib. Biz öz haqlı tələbimizi səsləndirməkdə davam edəcəyik. Şübhə etmirəm ki, aparılan həbslərə və qanunsuz davranışlara rəğmən növbəti aksiyada da kütləvilik olacaq”.
Qeyd edək ki, İP-in növbəti iclası aprelin 29-da keçiriləcək. Məhz bu iclasda növbəti mitinqlə bağlı geniş müzakirələrin aparılacağı, aksiyanın vaxtı və yeri haqda qərarın konkretləşdiriləcəyi gözlənilir.

E.PAŞASOY