суббота, 14 мая 2011 г.

Sağlam qidalanmanın 10 qızıl qaydası

Sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Odur ki, sağlam bəslənmənin 10 qızıl qaydasına ciddi şəkildə əməl etmək vacibdir:

1 .Qəbul etdiyiniz qidalar çoxçeşidli olmalıdır. Hər gün eyni qidanı yemək insanın yeməkdən aldığı həzzi azaldır, iştahını öldürür, həm də qidalanma vərdişinə qarşı mənfi təsir göstərir. Son nəticədə zərər görən yenə də orqanizm olur. İnsan fərqli təamları dadmağa vərdiş etməlidir. Tanrının bizə bəxş etdiyi çoxçeşidli meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından fərqli şəkildə istifadə etmək insanın daha nikbin və sağlam yaşamasına kömək edir.

Qarşıdan hər şeyin bol olduğu yay fəsli gəlir. Ona görə də, bu bolluqdan orqanizmin xeyrinə daha çox istifadə etmək lazımdır. Təkrara yol verməmək üçün həftə ərzində hansı tərəvəzlərdən və meyvələrdən istifadə edəcəyinizi əvvəlcədən planlaşdırsanız yaxşı olar.

Hər bir insanın gündəlik qida rasionunda meyvə və tərəvəzdən istifadə etmək vərdişi olmalıdır. Lakin hər meyvə və tərəvəz öz mövsümündə yeyilməlidir. Təbii üsulla yetişdirilmiş məhsullara üstünlük vermək lazımdır. Süni şəraitdə yetişdirilən və konservləşdirilmiş qidalar vitamin və minerallar baxımından çox kasad olur, orqanizm üçün təhlükə mənbəyinə çevrilir.

2. Qəbul edəcəyiniz qidanın kalori miqdarına ciddi fikir verilməlidir. Orqanizm özünə nə qədər kalori götürəcəyini yaxşı bilir. Lazım olduğundan çox qida istehlak etdikdə artıqlar piy şəklində bədəndə toplanır. Həmin ehtiyat həddindən çox olduqda orqanizmdə piylənmə prosesi gedir. Bu da gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına yol açır.

Ümumiyyətlə, hər kəs öz iş rejiminə görə qida qəbul etməlidir. Bütün günü aktiv həyat tərzi sürənlər və daha çox hərəkətdə olanlar, təbii ki, daha çox kalori itirirlər. Oturaq həyat tərzi keçirənlər və həmişə formada olmaq istəyənlər isə hər bir qidanın enerji dəyərini bilməli, planlı şəkildə bəslənməlidirlər.

3. Gün boyunca qida qəbulu hissələrə bölünməlidir. Aclıq hissini daha yaxşı idarə etmək və çox yeməmək üçün gündə qidalanma ən az 3-6 paya bölünməli, hər payda az-az yeyilməlidir. Yay fəslində günün uzun olması bu payları artıra bilər.

Yediyiniz hər bir loxma yaxşıca çeynənməlidir. Sağlam həyat tərzi sürmənin üsullarından biri də budur. Çeynəmək vərdiş halını almalıdır. Tələsə-tələsə yemək həzm sisteminin işinə mənfi təsir göstərir. Unutmayın, doyma refleksi mədədə deyil, beyindədir. Pay sayını artırdığınız üçün mədə müəyyən fasilələrlə işləyəcək və doyma refleksi erkən yarandığından yediyiniz qida kökəlməyə səbəb olmayacaqdır.

4. Kifayət qədər zülal (protein) qəbul edilməlidir. Hər kiloqrama orta hesabla 0.9 qram zülal qəbul etmək lazımdır. 60 kq çəkidə olan bir qadın üçün bu 54 qram, 80 kq olan kişi üçün isə təxminən 72 qram zülal deməkdir.

Orqanizmin öz-özünə yığdığı ehtiyatdan zülal ifraz etmək qabiliyyəti yoxdur. Ona görə də, zülalın qida yoluyla alınması önəmlidir. Ancaq qəbul edilən zülalın da miqdarı normada olmalıdır. Cəmi enerji qaynağımızın 10 faizinin zülal ilə təmin edilməsi sağlam bəslənmək üçün əhəmiyyətlidir. Sağlam qidalanma baxımından həftədə 2 pay ətli yemək zülal ehtiyatı üçün yetərli olacaq. Çox istehlak edilən zülal dərhal yağa çevrilib orqanizmdə yığıldığı üçün çox yeməkdən qaçmaq lazımdır.

5. İstehlak edəcəyiniz yağ miqdarına nəzarət edin. Quru yeməklərdə yağ faizi daha çox olur. Qızartma, sous, kolbasa, sosiska, əlüstü yeməklərdən mütəmadi olaraq tez-tez istifadə etmək orqanizm üçün zərərlidir. Quru və sulu xörəklər bir-birini tarazlamalıdır.

Oturaq həyat tərzi keçirənlər xüsusilə yağlı yeməklərdən qaçmalıdırlar. Çünki, onlarda piylənmə riski daha çox olur.

6. Hər gün təzə meyvə, tərəvəz və taxıl məhsullarından istifadə etməyi vərdiş halına gətirin.
Təbii məhsullarda vitamin və minerallar kifayət qədər bol olur. Vitamin həbləri heç vaxt orqanizmin ehtiyacını tam ödəyə bilməz. Meyvə, tərəvəz və taxıl məhsullarında sağlam həyat üçün yetərli olan maddələr və minerallar vardır.

7. Qəbul etdiyiniz şəkər miqdarına nəzarət edin. Şəkər orqanizmdə tez bir zamanda yağa çevrilir. Şirniyyat məhsullarından normada qəbul etmək lazımdır. Şirnilər və şəkər əvəzediciləri keyfiyyətsiz karbohidartlardır. Sağlam olmaq istəyənlər gərəksiz yerə bu qədər karbohidratın yağa çevrilərək orqanizmdə yığılmasını istəməz.

8. Məhsulların keyfiyyətinə zərər vermədən yeməklərinizi hazırlayın. Yeməyin necə hazırlanması və bişirilməsi çox önəmlidir. Yeməkləri çox qaynatmaqdan və qızartmaqdan çəkinmək lazımdır. Çünki bu zaman məhsulun tərkibində olan vitamin və minerallar ölür. Ümumiyyətlə, tərəvəzlərin bişmə xüsusiyyətini bilmək lazımdır. Tərəvəzli yemək hazırlayarkən tərəvəzləri xırda-xırda doğramaqdan və əzməkdən çəkinmək lazımdır. Meyvələr üçün də bu keçərlidir. Üyüdülməmiş düyü və kimyəvi proseduradan keçməyən taxıl məhsullarını yemək xeyirlidir. Çünki bu qidalar əsl vitamin və mineral anbarıdır.

Hazırlanmış yeməyin təzə olması çox önəmlidir. Yeməkləri yeyə biləcəyiniz qədər bişirin. Təkrar isidilən yeməyin kalori dəyərində itki olmur, amma vitamin və mineralların keyfiyyəti aşağı düşür.

Buxarla bişirilən yeməklər ağır yeməklərdir. Yeməklərin suyunu tökməyin. Çünki vitamin və minerallar xörəyin suyunda toplanır.

9. Su yaşamaq üçün önəmlidir. Su aldığımız hava qədər vacibdir. Suyun tərkibi minerallarla çox zəngindir. Orqanizmdə gedən reaksiyalarda su həlledici rol oynayır. Bədən temperaturunu tənzimləyir, həzmə, zərərli maddələrin orqanizmdən ixrac olunmasına kömək edir.

Gündə ən az 2-3 litr maye qəbul etmək lazımdır. Səhər yataqdan qalxan zaman 1 stəkan su içməkdə fayda var. Yeməkdən yarım saat əvvəl su için, yemək əsnasında və yeməkdən dərhal sonra su içməyin. Yeməkdən ən erkən yarım saat sonra su içməniz əhəmiyyətlidir.

Yay fəslində daha çox tərləmə halları olduğu üçün içilən suyun miqdarına fikir vermək lazımdır. Hamam və saunaya gedərək tərləmək sağlamlığa xeyirdir. Bu zaman maye qəbuluna fikir vermək lazımdır. Tərləyəcəksinizsə, bol su için.

Maye dedikdə mineral sular, meyvə və tərəvəzlərin tərkibində olan su, ayran nəzərdə tutulur. Süni dadlandırılmış limonad və nektar suları elə də sağlam deyil. Spirtli içkilər maye demək deyil. Həddindən artıq spirt istehlakı boş kalori olduğundan sağlamlığa zərərlidir. Sağlam və balanslı bəslənmək mənasında gündə ən çox 25 qram saf spirt qəbul etmək qan dövranını yaxşılaşdırar. Bu bir stəkan şəraba, 300 ml pivəyə və bir qədəh viskiyə bərabərdir.

10. İdman və məşq. Hər gün idmanla məşğul olmaq, yeməkdən sonra 20 dəqiqə gəzintiyə çıxmaq sağlamlıq üçün çox önəmlidir. İdman orqanizmi tarazlayır, qan dövranını tənzimləyir, stressdən uzaqlaşdırır. Sağlam bəslənmə baxımından üzmək, qaçmaq, velosiped sürmək çox yaxşıdır. Ağır idman növləri ilə məşğul olanlar yüngül hərəkətlər edərək bədəni məşqə öyrəşdirməlidirlər. Birdən-birə ağır idman hərəkətləri etmək sağlamlığa zərərlidir. İstiləşmə hərəkətləri etməyi bir vərdiş halına gətirmək lazımdır.

Meşədə, təmiz havada gəzməyi, Günəş vannası qəbul etməyi də unutmaq olmaz. Sağlam olmaq üçün siqaretdən də çəkinmək lazımdır.

Bunlar sağlam olmağın ilkin üsulları idi. Bir şeyi unutmamaq lazımdır: hər şeyi qədərində istifadə etmək yararlıdır.

OBAMA BİN LADENİN CƏSƏDİNİN ŞƏKİLLƏRİNİ GÖSTƏRMƏYƏ BAŞLAYIR Amerikalılar “əl-Qaidə” liderinin 20 yaşlı oğlunu əldən buraxıb; Həmzə terrorçunun əsas varisi sayılır

Amerika administrasiyası “əl-Qaidə” terror şəbəkəsinin lideri Üsamə bin Ladenin öldürüldüyünə dair çoxsaylı fərziyyələrin irəli sürülməsinə baxmayaraq onun cəsədinin şəkillərini yaymağa hazırlaşmır. Bununla belə, prezident Barak Obama fotoşəkilləri senatorlara göstərməyə hazır olduğunu ifadə edib.

Senatın Daxili Təhlükəsizlik Komitəsinin rəhbəri Co Liberman deyib ki, o və daha bir neçə senator şəkillərə baxmağa hazırdır. C.Liberman israr edir ki, ictimaiyyəti bin Ladenin öldürüldüyünə əmin etmək üçün bundan əvvəl onun cəsədinin şəkillərini yaymaq lazımdır. Xəbərə görə, Senatın Təhlükəsizlik və Kəşfiyyat Komitəsinin üzvləri bin Ladenin cəsədinin şəkillərinə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xüsusi otağında baxa bilərlər. C.Libermanın həmkarı Cek Rid isə deyib ki, onun şəkillərə baxmağa həvəsi yoxdur, çünki bin Ladenin öldürüldüyünə şübhə etmir.
Elə bin Ladenin uşaqları da atalarının öldürüldüyünə şübhələri yoxdur. İndi onlar Amerikanın bin Ladeni öldürməsini “cinayət” adlandırır və hesab edirlər ki, ABŞ prezidenti Barak Obama buna görə cavab verməlidir. “Əl-Qaidə” liderinin uşaqları beynəlxalq normalar haqda danışaraq islamçı saytlardan birinə deyiblər ki, onların atası heç bir məhkəmə və istintaq aparılmadan öldürülüb. Açıqlamanın müəlliflərindən biri bin Ladenin Ömər adlı oğludur. O, əslən Britaniyadan olan qadınla evlənib və dəfələrlə deyib ki, atasının terrorçu fəaliyyətinə dəstək vermir.
Digər xəbərə görə, bin Ladenin 20 yaşlı oğlu Həmzəni amerikalılar əldən buraxıb. O, “əl-Qaidə” liderinin əsas varisi hesab edilir və uşaq yaşlarından terror düşərgələrində hazırlıq keçib. Həmzənin Pakistanın keçmiş baş naziri Bənazir Bhuttoya qarşı sui-qəsddə əlinin olduğu da bildirilir. O, bin Ladenin qaldığı evdə olub, lakin amerikalılar əməliyyat zamanı nəyə görəsə onu aşkar edə bilməyiblər. Hazırda Həmzənin yeri bilinmir.

"Eurovision" - Azərbaycanla bağlı yeni qalmaqal




Rusiyanın birinci kanalında yayımlanan "Pust qovoryat" verilişində Azərbaycan bayrağı ilə bağlı buraxılmış səhv qalmaqal yaradıb. ANS TV-nin məlumatına görə, verilişdə "Eurovision-2011" müsabiqəsinin final mərhələsi ərəfəsində Eldar və Nigarın çıxışı barədə məlumat verilərkən Azərbaycan bayrağı əvəzinə Ermənistan bayrağı efirə verilib. Bu səhv sonradan da düzəldilməyib. Maraqlıdır ki, Böyük Britaniya təmsilçilərinin çıxışının nümayişi zamanı da efirə yenidən Ermənistan bayrağı verilib.

ANS TV-nin əməkdaşları məsələyə Düsseldorfda aydınlıq gətirməyə çalışıblar. Rusiyanın birinci kanalında müsabiqənin final mərhələsini aparacaq Yana Çurikova baş verən hadisəni televiziyada baş verməsi mümkün olan texniki səhv adlandırıb.

"Yəqin ki, bu, xoşagələn hadisə deyil. Burada kiminsə hissləri təhqir oluna bilər və bunu hamı hiss etdi. Düşünürəm ki, hər bir televiziyada efirə nə isə tələsik verən insanlar var. Ona görə də, mən hesab edirəm ki, buna insancasına yanaşmaq lazımdır. Düşünmürəm ki, burada hansısa gizli məna var. Mən isə yarışmada çalışacam ki, heç kimin xətirinə dəyməyim. Bu gün axşam efirdə bunun hamısını, "bağışlayın, belə olur" kimi təqdim edəcəm", deyə Y. Çurikova bildirib.

Xatırladaq ki, 2009-cu ildə də Rusiyada keçirilən “Eurovision" mahnı müsabiqəsində Ermənistana aid videobaşlıqdan Qarabağda yerləşən heykəl təsvir olunmuşdu. Müsabiqənin təşkilat komitəsi Azərbaycan tərəfinin müraciətindən sonra Ermənistana aid videobaşlıqdan Qarabağda yerləşən heykəlin təsvirini çıxartmışdı. Amma bundan sonra müsabiqənin final mərhələsində hər bir ölkədə səsvermənin nəticələri elan edilən zaman Ermənistan tərəfinin aparıcısı Surişo balları elan edərkən əlində tutduğu bloknotu iki-üç dəfə qəsdən yuxarı qaldırmışdı. Bloknotun arxa tərəfində isə videobaşlıqdan çıxarılan həmin heykəl təsvir olunmuşdu.

Gəncədə 13 yaşlı qızın toyunun qarşısı alınıb




Gəncə polisi 13 yaşlı qızın ərə verilməsinin qarşısını alıb. ANS TV-nin məlumatına görə, özündən təxminən 20 yaş böyük olan Kamal adlı Beyləqan rayon sakininə ərə verilən qıcığazın iki ay bundan öncə cəmi 13 yaşı tamam olubmuş.

Gəncə şəhər Polis İdarəsinin rəisinin müavini İlqar Balakişiyevin sözlərinə görə, toyun qarşısını almaq üçün dərhal profilaktiki tədbirlər keçirilib.“Hər iki tərəf çağırılıb, belə bir halın qanunla yolverilməzliyi izah olunub.

8-ci sinif şagirdi olan qız ailə quracağı kişini cəmi bir neçə gündür ki, tanıyırmış. Ərə getməyə etiraz etmədiyini bildirən azyaşlı gəlin anasının təkidi ilə razı olduğunu deyib. Qız mayın 2-də nişanlandığını, ondan öncə ərə gedəcəyi şəxsi görmədiyini bildirib.

“Mənimlə, böyüklərimizlərlə də danışdı razılaşdı. Mən də razı oldum. Məni evimizdə görmüşdülər. Dayımqızına baxmağa gəlmişdilər, sadəcə məni bəyəndilər”, deyə 13 yaşlı yeniyetmə bildirib.

Qızın söylədiklərindən də belə məlum olur ki, ona müştəri düşənlər sanki mal bəyənirmişlər, qızı görən kimi xoşlayıb, elə sövdələşməni də yubatmayıblar.

Atası bir neçə il bundan öncə vəfat edən qızın anası Farmoza Orucova bir neçə gün öncə tanıdığı ailəyə körpə övladını ərə verməyə qıymasını özünün xəstə olması ilə əlaqələndirib. Qızının təhsil aldığı məktəbdə qapıçı işləyən Farmoza Orucova özünün də 13 yaşda ərə getdiyini və burada bir qəbahət olmadığı söyləyib.

“13 yaşında ərə getmişəm. İndi də canım xəstədir, səhhətimə etibarım yoxdur, atasız uşaqdır. Bir qızım var, o da köçüb. Öz əmri, xahişi, istəyi ilə olub. Həm şəkərəm, həm də təzyiqim var. Ona görə də məsləhət görmüşəm ki, uşağım sabah ortada, əldə qalmasın”, deyə qız anası bildirib.

Qeyd edək ki, qadın özü 13 yaşında ərə getsə də uzun müddət sonsuzluqdan əziyyət çəkdiyinə görə 40 yaşından sonra dünyaya iki uşaq gətirib. Polis öz övladına da bu aqibəti rəva bilən 54 yaşlı F.Orucovanın qızını satmaq istəməsi ehtimalını da istisna etmir.

Belə ki, cəmi 40 nəfərlik tələsik toy edən ailələr toyun sabahı günü evliləri bal ayı adı ilə Türkiyəyə yollamaq niyyətində olub. Bunun üçün artıq aviabiletlər də alınıbmış. Qızın toydan öncə həkim müayinəsindən keçirilməsi, həmçinin bakirəliyinə dair arayışın da alınması bir daha belə bir şübhəyə düşməyə əsas verir.

Polis tərəfindən saxlanılan qız artıq ailəsinə təhvil verilib. Onun anası Farmoza Orucovadan, eləcə də ailə həyatı qurmalı olduğu, özündən 20 yaş böyük Kamal adlı şəxsin izahtaları alınıb. Yetkinlik yaşına çatmayan yeniyetmə ilə ailə həyatı qurmaq istəyən Kamal öz izahatında bildirib ki, evlənəcəyi qızın 13 yaşı olduğundan xəbərsiz olub. Giya ona həmin qızın 18 yaşında olduğunu deyiblər. Qızın anası Farmoza Orucova isə 13 yaşlı yeniyetmənin bakirəliyi haqqında arayışın alınmasını qızının səhhətinin tibbi müayinədən keçirilməsi ilə izah edib.

Bunlara baxmayaraq Gəncə Şəhər Polis İdarəsində əldə olunmuş faktla bağlı araşdırma aparılır. Çünük qızın satılaraq başqa bir ölkəyə göndərilməsi ilə bağlı versiya hələ də qüvvədədir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə, nigah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyən olunub. Azyaşlı şəxslə cinsi əlaqədə olmaq isə cinayət məsuliyyəti yaradır.