суббота, 14 мая 2011 г.

"Eurovision" - Azərbaycanla bağlı yeni qalmaqal




Rusiyanın birinci kanalında yayımlanan "Pust qovoryat" verilişində Azərbaycan bayrağı ilə bağlı buraxılmış səhv qalmaqal yaradıb. ANS TV-nin məlumatına görə, verilişdə "Eurovision-2011" müsabiqəsinin final mərhələsi ərəfəsində Eldar və Nigarın çıxışı barədə məlumat verilərkən Azərbaycan bayrağı əvəzinə Ermənistan bayrağı efirə verilib. Bu səhv sonradan da düzəldilməyib. Maraqlıdır ki, Böyük Britaniya təmsilçilərinin çıxışının nümayişi zamanı da efirə yenidən Ermənistan bayrağı verilib.

ANS TV-nin əməkdaşları məsələyə Düsseldorfda aydınlıq gətirməyə çalışıblar. Rusiyanın birinci kanalında müsabiqənin final mərhələsini aparacaq Yana Çurikova baş verən hadisəni televiziyada baş verməsi mümkün olan texniki səhv adlandırıb.

"Yəqin ki, bu, xoşagələn hadisə deyil. Burada kiminsə hissləri təhqir oluna bilər və bunu hamı hiss etdi. Düşünürəm ki, hər bir televiziyada efirə nə isə tələsik verən insanlar var. Ona görə də, mən hesab edirəm ki, buna insancasına yanaşmaq lazımdır. Düşünmürəm ki, burada hansısa gizli məna var. Mən isə yarışmada çalışacam ki, heç kimin xətirinə dəyməyim. Bu gün axşam efirdə bunun hamısını, "bağışlayın, belə olur" kimi təqdim edəcəm", deyə Y. Çurikova bildirib.

Xatırladaq ki, 2009-cu ildə də Rusiyada keçirilən “Eurovision" mahnı müsabiqəsində Ermənistana aid videobaşlıqdan Qarabağda yerləşən heykəl təsvir olunmuşdu. Müsabiqənin təşkilat komitəsi Azərbaycan tərəfinin müraciətindən sonra Ermənistana aid videobaşlıqdan Qarabağda yerləşən heykəlin təsvirini çıxartmışdı. Amma bundan sonra müsabiqənin final mərhələsində hər bir ölkədə səsvermənin nəticələri elan edilən zaman Ermənistan tərəfinin aparıcısı Surişo balları elan edərkən əlində tutduğu bloknotu iki-üç dəfə qəsdən yuxarı qaldırmışdı. Bloknotun arxa tərəfində isə videobaşlıqdan çıxarılan həmin heykəl təsvir olunmuşdu.

Комментариев нет:

Отправить комментарий

Forum