суббота, 22 октября 2011 г.

Diktatorların aqibəti Qəzzafi kimi olur


"Klintonun I müavini ilə görüşdə məmurlara sanksiya barədə danışıldı"
Leyla Yunus: "Diplomatlar deyir ki, bəli, sizdə vəziyyət çox pisdir. Ancaq biz desant göndərib hərbi əməliyyatlara başlaya bilmərik. Sizin vətəndaşlar öz hüquqları uğrunda mübarizə aparmalıdır"

Bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam Börns vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus da görüşdə iştirak edənlər sırasında olub və ölkədə insan haqlarının durumu ilə bağlı dövlət katibinin müavininə geniş məlumat verib. Görüş barədə təəssüratlar və digər məsələlərlə bağlı hüquq müdafiəçisinin fikirləri ilə tanış olduq.
Vətəndaşlar cinayətkar hakimiyyət qarşısında tamamilə müdafiəsizdi
- Dövlət katibinin müavini Uilyam Börnslə görüşdə hansı məsələlər müzakirə olundu və sizin təqdim etdiyiniz faktlara onun reaksiyası necə oldu?
- Söhbətin mövzusunu o təklif etdi. Dedi ki, Azərbaycandakı vəziyyəti yaxşı bilir, ayrıca qanun pozuntuları faktlarını sadalamağa ehtiyac yoxdur. Mənimlə salamlaşanda dedi ki, evinin sökülməyindən xəbərim var və prezidentlə görüşdə bu barədə danışmışam. O, bunu hüquq-müdafiə təşkilatlarının fəaliyyətinə mane olan qanunsuzluq kimi qiymətləndirdi. Əsasən insan haqları və demokratik islahatlardan danışmışıq. Mən dedim ki, Azərbaycanda təkcə avtoritar və polis rejimi deyil, cinayətkar-mafioz rejim hökm sürür. Hər gün vətəndaşların konstitusion hüquqları, praktiki olaraq bütün qanunlar pozulur. Ədalətli məhkəmə, işgəncələrdən müdafiə, sərbəst toplaşmaq və söz azadlığı yoxdur. Cinayətləri hakimiyyətdə təmsil olunanlar törədir. Azərbaycan vətəndaşları cinayətkar hakimiyyət qarşısında tamamilə müdafiəsizdi. Əsasən siyasi məhbuslardan danışdım. Əgər bu ilin əvvəlinə təxminən 60 siyasi məhbus var idisə, təkcə 2011-ci ildə onlara daha 20-si əlavə edilib. Bunlar gənc fəallar, sərbəst toplaşmaq hüququndan istifadə edib mitinqdə iştiraka görə həbs olunan Ictimai Palatanın fəalları, söz azadlığı hüququndan istifadə edən Mövsüm Səmədovun başçılığı altında Islam Partiyasının üzvləridir. Bildirdim ki, Mövsüm Səmədov partiyanın toplantısında ölkə başçısı Əliyevi kəskin tənqid edib, bundan iki gün sonra həbs olunub. Həmçinin onun diqqətini Azərbaycanda cəmiyyətin, vətəndaşlarımızın bölünməsinə səbəb olan mənfi tendensiyanın formalaşdığına yönəltdim. Vətəndaş cəmiyyətinin bütün fəalları Azərbaycanda siyasi məhbus probleminin olduğunu etiraf edir. Beynəlxalq təşkilatlar onların əksəriyyətini vicdan məhbusu kimi qəbul edir. Ancaq demokratik müxalifətin fəallarının işi üzrə ədalətli məhkəmə tələbi ilə çıxış edən həm Vaşinqton, həm Brüssel, həm Strasburq həbs olunan islamçılar barədə heç nə demir. Eyni zamanda həbs olunan Islam partiyasının fəallarını Tehranda müdafiə edirlər. Ancaq Ictimai Palatanın həbs olunan fəalları barədə Tehranda heç nə demirlər. Bu, düzgün deyil. Digər tərəfdən, Islam partiyasının fəallarının dəstəyi daha çoxdur. Çünki Azərbaycan dilində olan “Səhər” televiziyasında terror, silah saxlanılması, dövlət çevrilişi maddələri ilə həbs olunanlar barədə ətraflı söhbət açılır. Ictimai Palata nümayəndələrinin isə belə bir imkanı yoxdur. Çünki hətta “Azadlıq” radiosunu FM tezliyində dinləmək olmur. Dedim ki, vətəndaş cəmiyyətinin fəalları üçün Azərbaycan cəmiyyətinin birliyi, bütün vətəndaşların qanun qarşısında bərabərliyi çox vacibdi. Qanun hamı üçün birdi. Əgər vətəndaş qanunu pozmayıbsa, ona hökm çıxaran hakimlər cinayət törədib. Ona görə Arif Hacılıya, Mövsüm Səmədova, gənc fəallara, AXCP və Müsavat fəallarına hökm çıxaran hakimlər həbsdə oturmalıdır. Biz isə bütün siyasi məhbusların siyahısını hazırlayırıq və birliyin olmasını tələb edirik. Azərbaycan cəmiyyətini inanclı və qeyri-inanclı əlamətlərinə görə bölmək çox təhlükəlidir. Bizim hakimiyyət Harvardda təhsil alan Bəxtiyar Hacıyevlə islamçıları eyni tərzdə həbs edir. Ancaq bir şey aydındır ki, cinayətkar hakimiyyət cəmiyyətdə ekstremizmin artmasına səbəb olur. Bu da Azərbaycan üçün təhlükəlidir.
Görüşdə iştirak edən Şahin Hacıyev ölkədə demokratik islahatların həyata keçirilmədiyindən danışdı. Prezidentin ilin əvvəlində korrupsiya ilə mübarizə aparacaqları haqda söylədiklərinin Azərbaycan rəhbərliyinin ərəb inqilabları qarşısında qorxusu və bu qorxudan doğan reaksiyası olduğunu dedi. Bizim institutun Prezident Administrasiyasına Kərəm Həsənov, Hacıbala Abutalıbovun iri miqyaslı korrupsiyalar, iqtisadi cinayətləri barədə təqdim etdiyi məlumatlar tamamilə diqqətdən kənarda qaldı. Ona görə də korrupsiya ilə mübarizə barədə deyilənlər sadəcə sözlərdir. Mübarizə iki-üç manat ala bilən tibb bacıları ilə aparılır. Ancaq adını çəkdiyim məmurlarla mübarizə aparılmır. Rövnəq Abdullayevin fiziki şəxs Rufan Kazımovun hesabına nə vaxt nə qədər pul köçürdüyünü, bu pulların Hacıbala Abutalıbovun tapşırığı ilə köçürüldüyünü yazıb Prezident Administrasiyasına, prokurorluğa göndərmişəm. Bunların heç biri araşdırılmır.
Börns bir neçə dəfə məndən nə qədər pulun, necə köçürüldüyünü soruşdu. Abutalıbov Rövnəq Abdullayevə Kazımovun bank hesabına altı milyon manat köçürülməsi barədə göstəriş verib. Börns soruşdu ki, Kazımov kimdi? Dedim dəqiq bilmirəm, deyəsən sürücüdü. Börns də soruşur ki, Rövnəq Abdullayev altı milyon manatı onun hesabına köçürür? Dedim, hə. Soruşdu ki, siz deyin görüm Abutalıbovun Rövnəq Abdullayevə göstəriş verməyə səlahiyyəti çatırmı? ARDNŞ BŞIH-nin tabeçiliyindədir? Xeyr. Onda niyə belə edirlər? Iri iqtisadi cinayətlər barədə ətraflı danışdım. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “Azinko” şirkətini yaradıb, bu şirkətə “Avroviziya” üçün bütün tikintiləri həyata keçirmək tapşırılıb. Bu şirkət evləri sökülən insanlara ev verir. Bunun üçün də heç bir rəsmi sənəd yoxdur. Iqtisadi cinayətlər barədə bütün məlumatları, bu cinayətlərdə əli olanların adlarını çəkdik. Hesablara pul köçürüldüyünü, bunun təxminən 900 milyon manat olduğunu dedim. Mən deyəndə ki, Abutalıbov 1987-ci ilin dövlət planına istinad edir, Börns üç dəfə soruşdu - nə vaxt? Dedim Sovet vaxtı. Şahin Hacıyev korrupsiya ilə bağlı ətraflı danışdı. Söz azadlığının olmadığını dedi. 2011-ci ildən Metyu Brayza vətəndaş cəmiyyəti fəalları ilə görüşlər keçirir. Hakimiyyətlə vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqa nail olmaq kimi xoş niyyəti var. Əgər ilin əvvəlində bu dialoqun mümkünlüyü ilə bağlı nikbinlik çox idisə, indi bu minimuma enib. Əsasən də son həbslərdən sonra buna ümid yoxdu. Orada fikir səsləndi ki, bu hakimiyyətlə hansı mövzuda danışmaq olar. Hansı mövzuda danışanda hakimiyyət az hirslənər və eyni zamanda bu danışıq nəticə verər. Brayzanın fikrincə, bu, mülkiyyət məsələsi ola bilər.
“Hakimiyyət nümayəndələrinə qarşı sanksiyalar müsbət nəticə verə bilər”
- Bir müddət əvvəl Obama Dövlət Departamentinə öz ölkələrində insan haqlarını pozan məmurların siyahısını hazırlamağı tapşırıb. Bu şəxslərin ABŞ-a girişi qadağan oluna bilər. Azərbaycandan bu siyahıya kimlərin düşə biləcəyi ilə bağlı təklifləriniz oldu?
- Börnslə görüşdə bu barədə Eldar Namazov ətraflı danışdı. O, Rusiya, Belarus nümunəsinə istinad etdi. Bildirdi ki, əgər məmurların ABŞ-a, Avropa Birliyi ölkələrinə girişi qadağan olunsa, onların bank hesabları dondurulsa, bu, çox böyük effekt verərdi. Ilk növbədə müxalifət fəallarına hökm çıxaran hakimlər, onlara cinayət işi açan prokurorlar qeyd olundu. Eldar Namazov hakimiyyətlə iş təcrübəsinə istinad etdi və hakimiyyət nümayəndələrinə qarşı sanksiyaların müsbət nəticə verəcəyini dedi.
“Hər diktator elə düşünür ki, bu əqibət onu gözləmir”
- Ərəb ölkələrində baş verənlər digər avtoritar rejimlərə dərs olmayıb. Bəs Qəzzafinin aqibəti başqa diktatorlara dərs olacaqmı?
- Tarixçi kimi deyə bilərəm ki, tarix heç nəyi öyrətmir. Biz tarixi proseslərin şahidiyik. Hər diktator, öz vətəndaşlarını öldürən hər cinayətkar düşünür ki, bu əqibət onu gözləmir. Ancaq bunun üçün o daha qəddar olmalıdı, daha çox öldürməlidir, qan tökməlidir. Bu, bütün vaxtlarda baş verib. Çox nadir halda avtoritar hökmdarların hakimiyyətdən öz xoşu ilə getməsini görmüşük. Bunlar, adətən, o qədər də çox cinayət törətməyən diktatorlardı. Diktator xalqına, insanlığa qarşı nə qədər çox cinayət törədibsə, o qədər çox hakimiyyətdə qalmağa çalışır və axırı da Qəzzafi kimi olur.
“Ilham Əliyev özünü vətəndaşların ona imkan verdiyi kimi aparır”
- Bəs Ilham Əliyev bundan hansı nəticə çıxarmalıdır?
- Ilham Əliyevdən əvvəl Azərbaycan vətəndaşları barədə danışmaq lazımdır. Mən ölkəmizdəki situasiyanı müşahidə edəndə daha çox o nəticəyə gəlirəm ki, “hər xalq öz rəhbərinə layiqdir” aforizmi doğrudur. Çünki Ilham Əliyev və hakimiyyətdə olanlar özlərini vətəndaşlar onlara imkan verdiyi kimi aparır. Yanıma gələn vətəndaşlar deyir ki, Vaşinqton günahkardı, bunlara imkan verir. Ancaq görüşlərdə diplomatlar deyir ki, bəli, sizdə vəziyyət çox pisdir. Ancaq biz desant göndərib burda hərbi əməliyyatlara başlaya bilmərik. Bu sizin vətəndaşlardı. Onlar özləri öz hüquqları, uşaqlarının gələcəyi uğrunda mübarizə aparmalıdır.
- Azərbaycan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına qoşuldu. Bundan sonra hansı istiqamətdə dəyişikliklər gözləmək olar? Azərbaycana qarşı şərtlərin sərtləşəcəyini gözləmək olarmı?
- Ötən il Bakıda Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində öhdəliklərlə bağlı görüş oldu. Bu il isə noyabrın 24-də Brüsseldə görüş olacaq və bu məsələlər müzakirə olunacaq. Avropa Birliyindən məndən hesabat tələb ediblər. Həm işgəncələr, həm siyasi məhbuslar, həm də mülkiyyət hüquqları ilə bağlı hesabat hazırlamışam. Çünki birinci görüşdə mənim evimin sökülməsi ilə bağlı məhkəmə qərarı barədə danışanda Prezident Administrasiyasının nümayəndəsi dedi ki, Azərbaycanda Inzibati-Iqtisad Məhkəməsi yoxdu, siz nədən danışırsız? Ya bu adam açıq-aşkar yalan danışır, bu da dəhşətdir, ya da o qədər savadsızdı ki, 2011-ci ildən Azərbaycanda bu məhkəmələrin fəaliyyətə başladığını bilmir. Ona görə də bizim məmurlarla görüşməyə hazırlaşan AB-nin nümayəndəsi məndən bütün faktları istəyir. Tam aydındır ki, bizim nümayəndələrə AB-nin suallarına cavab vermək çətin olacaq. Onlar nəinki qanun pozuntularına, həm də cinayət faktlarına istinad edəcək. Hacıbala Abutalıbov, Kərəm Həsənov cinayət törədib. Onların hamısı həbsxanada oturmalıdır. Ona görə də mən yalnız qanun pozuntuları barədə yazmıram, həm də cinayət məcəlləsinin pozulan maddələrini göstərirəm.
- AŞ PA prezidenti Çavuşoğlunun fəaliyyət müddəti bitdi. Onun yerinə gələn fransalı nümayəndədən nə gözləyirsiniz?
- Onu tanımıram. Çavuşoğlunu tanıyırdım, onun prezidentliyinin necə olacağını da ehtimal edirdim.
- Çavuşoğlunun prezidentliyini necə qiymətləndirirsiniz?
- AŞ PA-da Çavuşoğlu, britaniyalı diplomat Maykl Heneken kimi tamamilə qeyri-obyektiv adamlar var. Onların Azərbaycandakı vəziyyətlə bağlı verdiyi qiymət də ədalətsizdir. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətində fəal adamlar azdı. Onların işini analiz edib seçicilərinə və jurnalistlərə təqdim etmək yaxşı olardı.
Fizzə Heydərli

Qəzzafinin aqibəti diktatorlara dərs olacaqmı?

«Tarix göstərir ki, diktatorlar başqa diktatorların taleyindən heç vaxt nəticə çıxarmır»


Zəfər Quliyev: «Postsovet məkanındakı avtoritar rejimlər üçün diktatorların aqibətindən nəticə çıxarmaq hələ gec deyil»


Ərəb ölkələrində inqilablar baş qaldırandan sonra bütün ölkələrdə hadisələr təxminən eyni ssenari ilə gedirdi. Nəticə də oxşar oldu. Artıq üç ölkədə xalq diktatura rejiminə son qoymağa nail olub. Lakin diktatorların aqibəti fərqli oldu. Əgər Tunis prezidenti Ben Əlinin ciddi müqavimət göstərmədən hakimiyyətdən getməsi Misir prezidenti Hüsnh Mübarəki də geri çəkilməyə məcbur etdisə, Liviya diktatoru Müəmmər Qəzzafinin ciddi müqavimət göstərməsi, xalqının qanını tökməsi Suriya prezidenti Bəşər Əsədi də bu yolla getməyə həvəsləndirdi. Ancaq Qəzzafinin aqibəti artıq bəllidir. 42 illik diktator qətlə yetirildi. Bəs onun bu aqibəti Bəşər Əsəd və hələ də müqavimət göstərən Yəmən prezidenti Salehə dərs olacaqmı?
Politoloq Zəfər Quliyevin sözlərinə görə, tarix göstərir ki, diktatorlar başqa diktatorların taleyindən özləri üçün heç vaxt nəticə çıxarmır. Onlar, hətta müasir dünyadakı dəyişikliklərlə hesablaşmır: “Dəfələrlə bunun şahidi olmuşuq ki, bir ölkədə diktatura darmadağın olur, diktatorlar cəzalandırılır. Lakin qonşu ölkədəki diktator bundan dərs götürmür. Hesab edir ki, onu belə aqibət gözləmir. Çalışır axıra qədər müqavimət göstərsin. Bunu ərəb ölkələrində də gördük. Tunisdə proseslər nisbətən sakit keçdi, Bin Əli hakimiyyətdən getməli oldu. Ancaq ondan sonra Misir özü üçün heç bir nəticə çıxarmadı. Hüsnü Mübarək hakimiyyəti saxlamaq üçün bir çox imkanlardan istifadə etməyə çalışdı. Yalnız görəndə ki, ordu ona tabe olmur, son məqamda getməyə məcbur oldu. Bundan sonra Liviyada nə qədər qan töküldüyünü gördük. Bütün dünya Qəzzafiyə qarşı ayağa qalxdı. O da bütün şanslardan istifadə edərək, xalqının qanı hesabına hakimiyyətdə qalmağa çalışdı. Axırda aqibəti bəllidir. Nə ordu, nə də milyardlar kömək etdi. Adam heç kəsə belə tale arzulamazdı. 42 il hakimiyyətdə olan insanın cəsədini küçələrlə sürüdülər, insanlar onun üzünə tüpürürdü”.
Ekspert bu dəhşətli hadisələrdən sonra Bəşər Əsədin bir nəticə çıxaracağına da şübhə ilə yanaşır: “Diktaturanın mahiyyəti bundan ibarətdir. Onlar bilir ki, hakimiyyətdən könüllü getsələr də, keçmiş cinayətlərinə görə cavab verməli olacaqlar. Pullarını itirə, məhkəmə qarşısında dura bilərlər. Buna görə ümid bəsləyirlər ki, bəlkə bu tale gözləmir, bəlkə onlar hakimiyyəti axıra qədər saxlamağı bacararlar”.
Z.Quliyevin fikrincə, Yəməndə, Suriyada yalnız hakimiyyətin müqavimət taktikası dəyişə bilər. Bəşər Əsəd vaxt udmaq üçün hansısa danışıqlara gedə bilər. Lakin onun tam şəkildə ciddi islahatlar aparacağı şübhə doğurur. Eyni zamanda könüllü şəkildə hakimiyyətdən getməsi də inandırıcı deyil.
Ekspert hesab edir ki, postsovet məkanındakı avtoritar rejimlər üçün diktatorların aqibətindən nəticə çıxarmaq hələ gec deyil: “Ərəb ölkələrindən fərqli olaraq postsovet məkanında yerləşən avtoritar rejimlərin əlləri o qədər də qana batmayıb. Bəşər Əsəd artıq 3 min adam öldürüb. Ona görə gedə bilmir. Postsovet məkanındakı diktaturaya meylli avtoritar rejimlərin isə demokratik islahatlara başlamaq şansları var. Onlar artıq başa düşməlidirlər ki, dünya dəyişir. Belə rejimlər uzun müddət qala bilməz. Xalqla, beynəlxalq ictimaiyyətlə dialoqa girməklə, əslində, bu cür aqibətdən qaça bilərlər”.
                                                                                                                                                                           Fizzə

Ağdam rayonu Döyüş Şöhrəti muzeyi.

R.Məmmədov adına Ağdam Döyüş Şöhrəti muzeyi 1990-cı ildə təsis olunmuçdur.1764 ekspanat vardır.Əksər hissəsini 1992-95- ci illər döyüş meydanından əldə edilən təkrar olunmaz ekspanatlar təıkil edir.Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın bütün bölgələrindən Şəhid olanlar barədə məlumatlar, bədənindən çıxarılan, qurumuş qan ləkəli qəlpələr, güllələr, şəhidlərimizin şəxsi,hərbi və mülki əşyaları muzeyin ən qiymətli ekspanatlardır.Muzey Ağdam rayonunun hal-hazırda cəbhə xətti olan Mahrızlı kəndində yerləşir.1993-95-ci illər arası N saylı hərbi hissənin kəşfiyyat rotası muzeydə yerləşmişdir.İşçi personal on nəfər.Direktor Ə.İntiqam müəllim ali təhsilli tarix müəllimi rus,ərəb,fars dillərini mükəmməl bilir.3 il 3 ay Qarabağ müharibəsi iştirakçısı,müharibə veteranıdır.1990-ildə Gürcüstan Respublikasında sərgi açmış həmin ilin avqust-sentyabr aylarında Ukraynanın İvano-Frankovsk şəhərində 20 yanvar 1990-cı il Qanlı yanvar faciəsinin video görüntüsünü  nümayiş etdirmiş,sərgi təşkil etmişdir.1992-ci ilin sentyabr ayında yenə həmin şəhərdə "Xocalı faciəsi" video görüntülərini nümayiş etdirib şərh vermış,şəxsi əlaqələri vasitəsi ilə bir milyard manatlıq hərbi tibbi ləvazimatın Azərbaycana gətirilməsini təşkil etmişdir.


















“Bu üzücü hadisənin arxasında duranlar hiss etməlidirlər ki, uca türk xalqını usandırmaq və öz əzmindən döndərmək olmaz”

Azərbaycan Xalq Cəbhəsi Partiyası
Türkiyədə  PKK  terrorçu dəstəsinin hərbçilərə xain hücumu nəticəsində 24 əsgər şəhid olub, 18 əsgər yaralanıb. Azərbaycan  Xalq  Cəbhəsi  Partiyası bu xain hücumda həyatını itirənlərin yaxınlarına- bütün türk xalqına baş sağlığı verib və olayla  bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Xalq Cəbhəsi Partiyası baş verən terror hadisəsini insanlıq adına ən böyük ləkə sayır  və hesab edir ki, istər Türkiyədə istərsə də Azərbaycanda və dünyanın hər yerində bu qaniçən təşkilatın havadarları və təmsilçiləri aşkarlanaraq ədalətə təslim edilməlidirlər.  Bütün dünyanın gözü qarşısında bir qrup silahlı cinayətkarın  bir dövlətə və millətə bu qədər ziyan vurmasına, uşaq böyük ahıl insanları qətl etməsinə, dövlətin rəsmi təmsilçilərinə qarşı terror işləməsinə heç kim göz yummamalıdır. Özünü demokratik dünyanın təmsilçisi sayan hər bir dövlət və siaysi xadim  bu hadisəni lənətləməli onun havadarlarına əl uzadanların əli kəsilməlidir” Daha sonra AXCP bəyan edir ki, bütün bu baş verənlər Türkiyə xalqının bir yumruq kimi birləşməsinə- tək ürək, tək düşüncə olmasına səbəbiyyət yaratmalı və terrora qarşı dirənişi daha ağıllı, daha  sərrast və dərindən  yürütməyə təkan verməlidir. Bu iyrənc  hadisənin arxasında duranlar hiss etməlidirlər ki, uca türk xalqını usandırmaq və öz əzmindən döndərmək olmaz. Bu kədər nəinki yüz milyonlarla dünya türklərinin, içində insanlıq hissi daşıyan hər kəsin kədəridir. Və hər kəsi üzür.  Daha sonra bilidirilir ki, Partiya şəhidlərə rəhmət yaxınlarına isə tanrıdan səbr diləyir, haqqın qələbə çalacağına əminliyini ifadə edir.