воскресенье, 27 декабря 2015 г.

ANS-in qalxıb enən təsbehi...

ANS - zamanın keşməkeşli yollarını keçərək, bu günümüzə sür-sümüyü gəlib çatan telekanal. Bəzən özlərinin, bəzən camaatın – yəni bizlərin, bəzən də mərhum telejurnalist Çingiz Mustafayevın adı və peşəkarlığı nəticəsində, hərdən fədakarlıqla, hərdən də başqa mətbuatı məhkəməyə verməklə bu günə qədər ayaqda qalmağı bacarsa da, eh... Bu gün reytinq xatirinə nələrə əl atmırlar ki?.. Əvvəlcə tənqidi mövqe tutan telekanal zaman-zaman köpük kimi əridi, təsbeh qalxdı-endi, bir az da əridi, əriyə-əriyə artıq köpükləri də qalmadı... 

Bu gün isə cəmiyyətə yararlı verilişlər təqdim etmək adı ilə insanların heysiyyatı ilə oynayır, efir xatirinə görüntü yaradır. Kaş ki, danışdıqları kimi olsalar, kaş ki, qəliz cümlələr qurub özlərini ifadə etdikləri kimi də reallıqları olsa... 

Söhbəti çox dərinlərdən salmaq istəmirəm. Çünki onların artıq dibi görünür, çox dayazlaşıblar. Əsas məsələdən, ANS telekanalında yayımlanan "5 barmaq" verilişindən bəhs etmək istəyirəm. 

Prioritet 5 BARMAĞI tapmaqdır. Prodüsserləri Aynur xanım Əliyeva isə bu işin öhdəsindən çox məharətlə gəlir. Sosial şəbəkədə “insan ovuna” çıxan bu xanım aktiv profillərə yazır, bir az da necə deyərlər, dilinin şirin yerinə salır. Nəhayət “şikarını ovladıqdan” sonra onu  efirə dəvət edir. Veriliş başlayır, aparıcı Ülvira Qarayeva həmişəki işindədir... Özündən razı və iddialı şəkildə müxtəlif hərəkətlər, mimikalar və jestlərlə danışır, sanki özünü reklam edirmuş kimi bütün vəchlə məharətini sərgiləyir... Mövzu isə insan haqlarıdır. İnsan haqlarından danışır, ekspertlərə gənc məktəblilərin xatirə dəftərinə məxsus suallar ünvanlayır, arada isə əlində qələm sanki onların dediklərini qeyd edirmiş kimi görünür. 40 dəqiqəlik verilişdə 5 barmaqda suallar yaranır, beynində sualları vur-tut, götür-qoy edir, özlərini suala hazırlayırlar. Lakin yenə...

Suallarımızın olduğunu bildirsək də, dəfələrlə barmağımızı aparıcının gözləri arşısında gəzdirsək də, o bizim barmaqlarımızı görməzdən gəlir... Nəhayət, məsələnin kuliminasiya nöqtəsinə gəlib çıxırıq. Vaxtın qısa olmasını bəhanə edən Ülvira xanım qəfil tamaşaçılarla xudahafizləşir. “Suallarımız necə oldu?” deyə gözlərimizi döyürük. Amma nə fayda? Kimisi kameranı yığışdırır, kimisi isə paltarındakı mikrofonları çıxarır. “İnsan ovçusu” olan prodüsserə iradımı bildirsəm də, heç bir cavab vermir. Çox adamın olduğunu nəzərə alıb dinmirəm. Növbəti dəfə özümü ANS-in həyətində sınayıram. Prodüsserlə həmsöhbət olmağa cəhd edirəm. O isə şablon üz siması alır. Sanki üzgün imiş kimi xəfif gülüşlə dilucu üzr istəyir, güya böyük bir jestmiş kimi bu üzrü qəbul etməyimizi gözləyir, bizi ovutmağa başlayır. İnsan hüquqlarının aliliyini xatırladanda isə üz ifadəsi bir anda dəyişir. Prodüsser xanım sanki çox üzgün imiş kimi “axı, mən üzr istədim” deyə bir az da qəmgin görünməyə çalışır. Çox təəssüf... Açığı, mən onların məqsədini öncədən anlamışdım. Amma bununla belə şans vermək üçün rəhbərlikdən icazə alıb çəkilişə qatılmaq istədim. “Bəlkə düzəlmiş olarlar, bəlkə təsbehin qalxıb-enməsi onlara bir dərs olar” deyə düşündüm. Amma deyəsən bu təsbehlər hələ çox qalxıb - enəcək...