вторник, 9 апреля 2013 г.

Sizə bir sözüm var...

      Artıq hər birimizə bu hakimiyyətin nə etmək istədiyini, nələrə qadir olacağını gördük. Onlar da birmənalı olaraq heç nəyi düşünmürlər. Həm gənclərin gənclik illərini, həm onların gələcəyini, həm də xalqımızı rifahını. Yetər ki, onlar hakimiyyətin təhlükəsizliyini təmin etsinlər. Çünki bu gənclər onların hakimiyyəti üçün çox təhlükəlidir. Onların özünü dərk etməsi və ölkəmizdəki vəziyyəti düzgün dəyərləndirməsi və digər insanlarla təmasda olaraq onları da demokratik bir mühitə səsləməsi demək olar ki, onların hakimiyyəti üçün tam təhlükədir. Artıq hər kəs həqiqəti görməyə, oyanış mərhələsinə qədəm qoymaq üzrədir, artıq xalqımız onlara qarşı olunan saymamazlığa, haqsızlığı dözüm gətirməmək ərəfəsindədir. Bu isə rejimi ciddi şəkildə narahat edir. Sadəcə onlar bu prosesi bir müddətlik ləngitməyə nail olacaqlar. Bu həbslər, bu hədələr, bu istintaqa çağırılıb, oğurlanmalar bizi aqressivləşdirir, sıralarımızı genişləndirir, bizim daha da tez birləşməmizi təmin edir. Artıq hər kəs ayılır. Sıralarımız sıxlaşır. Sadəcə bir müddətlik bu prosesi ləngitməyə nail olsalar da bu proses davam edir. Elə düşünməsinlər ki, onlar nələrisə dayandıra bilməyəcəklər. Tükənsək də, bitsək də mübarizəmiz davam edəcək. Daha ciddi, daha aqressiv, daha sərt...Repressiyalar kimi...
         Mən də gəncəm. Mən bu ölkənin gələcəyiyəm. Mənim kimi yüzlərlə, minlərlə gənclər var. Hər gün daha da sayları artır bu gənclərin. Biz maariflənirik. Biz gəlmək üçün maariflənirik. Biz yenilik üçün, demokratiya üçün, azadlığımız və rifahımız üçün maariflənirik. Biz nida qoymaq üçün maariflənirik. Və zaman gələcək siz bizim qarşımızda çox aciz görünəcəksiniz. Dostlarımızı həbs etdiyiniz zindanları bir gün əllərimizlə sökəcəyik. Bir gün biz qalib gələcəyik. O zaman siz məğlub olub rüsvay olacaqsınız. 
        Gənc olaraq əksəriyyətimizin günü məhkəmə önündə, İstintaq İdarəsi önündə, polis bölmələri qarşında keçir siz buna görə cavab verəcəksiniz. Əminəm lap  siz bizim hər birimizi həbs etsəniz də, öldürsəniz də, dərimizi soysanız da, AzTv-yə məcbur edib çıxarsanız da bu prosesslər bir gün sizin əleyhinizə işləyəcək. Damarınızda qanın işlədiyi sürətlə işləyəcək...Bir gün məndə azad olacam, bir gün hər kəs, bütün gənclik, bütün Azərbaycan azad olacaq. Bir gün bizim ölkəmiz azad günlər görəcək, rüşvətsiz, qanunların hakim olduğu ölkədə yaşayacağıq. 
       Bilirəm hər birimizin həyatı təhlükədədir. Sizin nələrə qadir olduğunuzu da bilirəm. Utanmazcasına gəncləri oğurladığınızı, işgəncə verib etmədiklərimizi etiraf etdirməyi də bacarırsınız. Bəlkədə hər birimizi həbsə atacaqsınız, hamımızı, gəncli, orta yaşlı, qocalı, körpəli, səsini çıxarda biləcək hər kəsi həbsə atacaqsınız ona görə də sizə bir neçə deyəcəklərimi ünvanlamaq istəyirəm.
-Əslində istəyərdim ki, bütün blog yazan dostlarım bu mövzuda bir blog yazsınlar.
       Əgər mən həbs olunsam.
-Əgər mən həbs olunsam bu rejimə, bu hakimiyyətə qarşı olan nifrətim daha da artacaq. Yəni hədsiz dərəcədə artacaq. Hər nə qədər müddətlik həbs olunsam həmin müddətdə dayanmadan kitablar oxuyacam. Daha da kamilləşəcəm. Mütaliəmi artıracağam. Daha da savadlı olacam. Sizin 100-lərlə rüşvətxor rektorlarınızın verdiyi analoqu olmayan təhsildənsə həbsdə oturub kitab oxumaq daha da əlverişli və rahatdır. Məsələn orda imtahana pul istəyən olmayacaq, orda marşrutda probkaya düşmək olmayacaq, orda qanunsuzluqlar olmayacaq. Bəzən barmaqlıqlar arxası olsa da belə azadlıqdan daha əlverişlidir. Hər gün sizin bizə bəxş etdiyiniz "AZADLIQ" -dansa birmənalı olaraq həbsdə azad olmaq ondan gözəldir.  Kifayət qədər məlumatlı olacam hər bir sahədən. Elmi kitablar oxuyacam. Hətta bəlkə orda yazılar da yazdım. Məhbəsdən məhbəsə adında yazacam Gözəl addır o ad. Əgər həbs olunsam heç kefinizi pozmayın. Əgər həbs olunsam heç fikir eləməyin. Düşünün ki, statuslarınızı like edən bir nəfər azalıb. Amma mübarizənizdə mətin olun. Bir şeyi qəbul edin. Bizi bu yolun sonunda qalibiyyət gözləyir, buna tam əmin olun.  Həbs olunsam Adeledən, Halil Sezaidən həftədə-ayda bir dəfə mahnı paylaşarsınız. Yada düşsəm paylaşarsınız.Bir az gülməli olsa da N!DA yazılan profil şəklimi paylaşarsınız ;) . Ən önəmli məsələ həbs olunsam profilimi şikayət edib bağlamayın. Profilim tam güvənli və etibarlı insandadır. =)
      Amma əgər həbs olunmasam yenədə bacardığım qədər bu rejimin iç üzünü hamıya, hər kəsə çatdıracağam. Hər kəsi ciddi şəkildə bu rejimin iç üzü ilə tanış edəcəm. Gəncləri həbs etməsini, insanlara qarşı, müəllimlərə, həkimlərə, ölkənin təhsilinə vurduqları amansız zərbələrdən bəhz edib hər kəsin "Allah filankəsin canın sağ eləsin" fikirlərində dönüş ayaradacağam. Artıq tam əminliklə deyə bilərəm ki, fikirlərində dönüş yaratdığım insanlar kifayət qədərdir. Və mən həmin insanları bu yuxudan ayıltdığım üçün, onların gözlərini açdığım üçün fəxr edirəm. Yenə də mübarizəyə davam, yenə də işimizə davam. 
      Sonda onu da qeyd etmək istəyirəm ki, heç nədən qorxmuram, çəkinmirəm. Həbslər də qətiyyən məni narahat etmir. Bayaq qeyd etdiyim kimi, bir ölkədə "AZAD" yaşamaqdansa, 4 divar arasında AZAD olaram.