пятница, 19 апреля 2013 г.

Azad olmayan ölkənin "Azad qadın"-ı.

Əvvəla bir qısa arayış verim ki, bu yazı tam reallığa əsaslanır. Müşahidə etdiyim bir xanımın bir neçə gündə başına gələn hadisələrdən bəhz edəcəyəm.

 Xanımın adı Sevil-dir. 27 yaşı var. Bu yazını yazmaq üçün təbii ki, həmin xanımdan icazə aldım. Xanımın iki övladı var. Bir oğlan, bir qız. Daha hamilə ikən Sevilə həyat yoldaşı çox mənəvi və fiziki əzablar verir, xanımı vəhşicəsinə alçaldırmış. Səbəbi isə qaynanasının (yoldaşının anasının) Sevilin ikinci hamiləliyinə narazı olması imiş.
  Sevil ikinci dəfə hamiləliyində oğlan uşağına hamilə imiş. Bu gözü götürməyən yoldaşının bacıları və anası Rasimi (Sevilin yoldaşı) öz yoldaşının üstünə qaldırır o isə iradəsizcəsinə öz yoldaşına əl qaldırır və döyürmüş.
Hətta hamilə ikən Rasim Sevilin qarnına belə təpik vurmaqdan çəkinmirmiş. Rasim isə iradəsiz və aciz içki düşkünün biridir. O bütün gün içir, çəkir restoranlarda keflənir evə içkili vəziyyətdə gələrkən isə anası, subay və boşanmış bacıları onu qızışdırır, o isə utanmazcasına öz yoldaşını döyürmüş. Bu azmış kimi qaynatası da oğlunun "ailə sevgisindən" istifadə edib öz gəlininə əl qaldırır və döyürmüş. Hətta qaynatasının ayağına düşüb yalvaran Sevilə acımayaraq ayağı ilə təpik də vururmuş. Sevil hətta gecələr belə çöldə gecələmək məcburiyyətində qalırmış.
  Təsəvvür edin. Hamilə qadın gecəni hətədə donaraq keçirdir...Buna doğulmuş övladına və doğulacaq övladına görə dözən Sevil uzun müddət dözür.Övladı dünyaya gəlir. Nəhayət yeni ümidlər yaranır. Bəlkə hər ey yaxşı olacaq deyə. Amma təəssüf ki, bu ümid olaraqda qalır... Rasimin anası gəlinin bir kənara çəkərək ya boşanacaqsan, ya da sənə gün verib işıq verməyəcəm bu evdə deyir, başqalarının yanında isə müqəddəs görkəm alırmış. Normal ailə münasibətlərin olmayacağını anlayan Sevil boşanmaq qərarına gəlir.
  Onlar boşanırlar. Oğlanın atası hakimlərə pul verərək Sevili fahişə kimi qələmə verib uşaqları ondan aldırtmağa çalışırmış. Maraqlıdır qaynatana gəlininə fahişə iftirası atır. Oğulu da təsdiqləyir... Hakimə rüşvət verərək oğlunun maaşını az yazdırıb ki, Sevilə aliment az düşsün. Buna ad vermirəm.
  Təbii ki, ailənin dağılmasını istəməyən Sevilin valideyinləri qızlarının boşanmağına da pis münasibət göstəriblər. Bu sıxıntılardan, rişxəndlərdən bezən Sevil Bakıya üz tutur. İnternetdən özünə kirayə ev tapır. Üzərində olan az miqdarda pul ilə dolanmaq qərarına gəlir.
  Bu arada Sevil də çox istedadlı bir xanımdır. Rus dilini mükəmməl bilir, tərcümələr edir, toxuculuq bacarır, modelyer-dizaynerdir, ibtidai sinif müəlliməsidir. Təbii ki, işsizdir. İstedadına güvənən Sevil iş tapmaq arzusundadır. O düşünür mən ideal bir cəmiyyətdə yaşayıram. Bakıya gedirəm iş tapıram, işləyirəm, hər şey yaxşı olacaq, başımı aşağı salıb işə, işdən də evə gələcəm. Övladlarını bağçaya həvalə edir və iş axtarışına çıxır.
  Şəhərdə kimsəsiz bir tənha qadın...Hara gedir cəmiyyətimizin xarakteristikası ilə rastlaşır. Mənimlə bölüşdüyü bir neçə hadisələri bölüşmək istərdim. ( İstərdim o hadisələri Sevilin dilinən sizə çatdırım).
O deyir: 
- "Hər gün şəhərə iş axtarmaq üçün çıxırdım. Yol ilə gedərkən bir day-day bəlkədə atamdan da böyük olardı. Maşını saxladı mənə müştəri gözü ilə. 
-Görürəm yeni gəlmisən bəlkə səni aparım hara lazımdır?
-Yox çox sağolun.
Maşını arxamca sürdü hiss edirdim ki, maşınla məni divara tərəf sıxmağa başlayır. Yolumu dəyişdim. Hər dəfə də o yolu getmək məcburiyyətində idim. Hər dəfə də mənə baxırdı. Fikir vermirdim. Artıq məni orda yeni görən sürücülər də ilişməyə başlayırdı. Yol ilə gedərkən yanımda maşın da saxlayırdılar. Hələ bu nədir ki, iş yerlərinə gedirdim müdirlər mənə yuxarıdan aşağı baxırdılar, bəzən onlara yaxınlaşırdım söz soruşmağa onlar dəyqələrlə telefonu qulaqlarında saxlayıb mənə cava vermirdilər. Amma mən işsiz idim buna görə dözürdüm. Bəlkə bir həftə ərzində yüzə yaxın "iş yeri"-nə daxil oldum. Amma təəssüf ki, maaş çox az idi. Təbii ki, Bakıda o maaşa nəinki kommunal xərcləri ödəmək, heç sağ qalmaqda olmaz. Saat 6-ya kimi uşaq bağçada olur. İş isə 200 manata səhər saat 9-dan, axşam saat 9-dək. Qane etmirdi. Bu qədər istedadım ola - ola necə belə çarəsiz qaldığımı heç başa düşə bilmirdim. Həyat heç də mən düşünən kimi deyilmiş...
  Sonra iş agentliklərinə rast gəldim internetdə. Getdim danışdım. Müqavilə bağladıq. Pulum azalırdı nə etmək olar müqaviləyə 5 manat verməli idim, əvəzində isə onlar məni vakansiya olan iş yerlərinə göndərməliydilər. Getdim bir neçəsinə alınmadı.Buna iş demək olmaz, bu sadəcə insan istismarıdır. Daha sonra bir dənə də agentlik tapdım. Çarəsiz idim son ümidlərim idi. üzərimdə çox az pul qalmışdı. 5 manatda burada müqaviləyə verdim. ona yaxın iş yerinə getdim yenə uğursuz alındı. Mənə insan kimi yox, hansısa bir istismara buraxılmış texnika kimi baxırdılar. Amma bu mənim son ümidlərim idi. Yenə alınmadı. Amma alınmasa da heç vaxt vicdanımı pula görə satmadım. Bir şey düşündüm. Ac ölərəm amma heç vaxt vicdanımı, namusumu satmaram. Heç vaxt da satmayacağam. Lap tək qalsam da, hər nə olsa da, işsiz olsam da namusuma, vicdanıma ləkə gətirmərəm.
  Xeyli düşündüm bu qədər istedadım ola-ola mən niyə iş axtarıram ki? Qərar verdim ki, Rus dilindən Azərbaycan dilinə kitab tərcümə edim və boş vaxtlarımda toxuculuqla məşğul olum.Bu arada anam məni nə qədər qınasa da, bəzən xətrimə dəysə də, atam hər zaman mənə dəstək olub. O yenə də mənə dedi ki, sənə dəstəyəm hər zaman. Çətinliyim bir neçə aya kimi olacaq, gecələr yatmayacağam, tərcümələr edəcəm, bacarığımla, istedadımla halal zəhmətimlə pul qazanacağam.
  İndi mənim heç də aciz olmadığımı görən Rasimin valideyinləri evimizə adamlar göndərir ki, barışaq. Özü də bilirsən nə deyirlər? Deyirlər ki, gəlsin üzr istəsin onu bəlkə bağışladıq sonra barışaq.Sanki onların mənə etdiklərin, mən onlara etmişəm. Mən heç vaxt ounla barışmaram. Acından ölərəm amma heç vaxt barışmaram.Amma mən heç ölməyi də seçmirəm. Əziyyət çəkəcəm, tərcümələr edəcəm, paltar toxuyacam amma övladlarıma halal zəhmətimlə qazandığım çörəyi yedizdirəcəm."
   Yol ilə keçən bütün xanımla yatmaq xəyalı quran insanların sayı zənnimcə artıb, bu insanların sayı nə qədər artsa cəmiyyətimiz o sürətlə də məhvə doğru yuvarlanır. Zənnimcə bundan daha önəmli insanlıq hissləri vardır. Mən Sevili dinləyərkən çox pis hisslər keçirdim. Doğurdanmı cəmiyyətimiz bu qədər çirklənib?
  •    Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, cəmiyyətimiz çox acınacaqlı şəkildə çirklənib, insanların beyinləri tamamilə çirklənib. İndi hər kəsin beynində (istisnalarla/qocalı, cavanlı) bir şey var. Qız tutmaq, gəlinlə tanış olmaq və s. Heç bir kəsdə mərhəmət, insanlıq deyilən hisslər yoxdur. Mərhəmət deyərkən bəlkədə çoxları çöldə, bayırda əl açıb dilənən dilənçiyə 20 qəpik verməyi nəzərdə tutsa da bu mərhəmət deyil. Əsl mərhəmət, əsl insanlıq fikrimcə tam başqadır. 
  Əsl insanlıq hissi, mərhəmət hissi qəlblərdə olmalıdır, davranışda olmalıdır, əxlaqda olmalıdır, xasiyyətdə olmalıdır. Əgər sən ailənin, ata, ananın yanında özünü normal aparırsansa çıxıb bayırda dilənçiyə 20 qpik verib, yolla keçən başqa bir qıza söz atırsansa, tərbiyəsiz sözlər deyirsənsə, əxlaqsız təklif edirsənsə, əlinə telefon nömrəni yazıb qıza reklam edirsənsə, kağıza nömrəni yazıb qıza verirsən almayanda "qəhbə" sözünü həmin qıza eşitdirirsənsə sən əsl tərbiyəsiz, ləyaqətsiz, mənəviyyatsız, əxlaqsız, ailə qədri bilməyən bir insansan.
  Əxlaq, tərbiyə yalnız ailəyə nümayiş etdirmək üçün deyil. Sən ictimaət içərisində də əxlaq qaydalarına, nitq mədəniyyətinə fikir verməlisən.Cəmiyyətimizin ən böyük qüsuru onun tərbiyəsizliyidir zənnimcə.Və bu tərbiyəsizlik bir zaman ölkəmizi də uçuruma yuvarladacaq.Və bu tərbiyəsizlik normal, sivil yaxud elit bir cəmiyyət kimi formalaşmasında böyük bir nameəyə çevriləcəkdir.
  Sevillə söhbətim zamanı bir şeyi dəqiq anladım ki, cəmiyyətimiz istər xanımların, istərsə də bəylərin pozğun yollara düşməsinə elverişli mühit və şərait yaradır. Məlum məsələdir ki, bu kimi xüsusiyyətlərin qurbanı olan vətəndaşlarla heç bir birlikdən, heç bir demokratiyadan, heç bir azadlıqdan söhbət edə bilmərik. Düşünürəm ki, insanlar ilk öncə özlərinə, hisslərinə sahib olmağı bacarmalıdırlar.
  Bu arada Sevil kimi qadınların, vicdanlı namuslu, əyilməyən, sarsılmayan, satılmayan, övladına halal zəhmətinin məhsulunu yedizdirən, övladlarını sevən qadınların daha çox olmasını istəyərdim. Sevil kimi cürətli qadınlarla və Sevillə qürur duyuram və onu bloqumun qəhrəmanı kimi Azad olmayan ölkənin "Azad qadın"-ı adlandırıram.