понедельник, 1 апреля 2013 г.

Gileylənir, gileylənir, Vallah hamı gileylənir...

Əvvəla uzun müddətdir bloq yazmadığım üçün hər birinizdən üzr istəyirəm. Daha sonra onu qeyd etmək istəyirəm ki, son zamanlar ölkədə siyasi arenada baş verənlərə laqeyid qala bilmədim. Susa bilmədim, vicdanım yol vermədi susmağa yazacam, ölsəmdə, qalsamda yazacam. Həbs olunsamda yazacam. Bəlkədə bu mənim son blog yazımdır. Ona görə daha geniş və ətraflı yazacam.
  Hər gün evdən şəhərə gələrkən, şəhərdən evə gələrkən müşahidə etdiklərimi yazıb sizinlə bölüşəcəm.
-Evdən çıxıram xeyli yol piyada getmək məcburiyyətindəyəm. Ona görə kimlərləsə yol-yoldaşı oluram. Hər kəs danışır. Ay qardaş belə ölkədə yaşamaq olmaz. Soruşuram niyə? Cavabı isə çox uzun olur. Qardaş filan universitet bitirmişəm. Filan dərəcələrim var indi heç kim diplomuma baxmır. Tikintidə işləyirəm. Fəhlə işləyirəm. Yenədə vicdanım təmizdir halal zəhmətimlə pul qazanıram. Amma narazıyam bu hökumətdən. Harasa işə düzəlmək üçün kiməsə gərək rüşvət verim, ya da gərək yaxşı day-dayım olsun.
Digərləri deyir. Qaçqınam şikayət ərizələrimə heç kim baxmır. Evim başıma uçur. Prezidentə yazmışam baxmırlar.
Kimlərsə deyir. Yollar bərbad gündədir. Hər gün maşınımı təmir etdirməyə imkanım yoxdur. Taksi sürüb ailəmə bir tikə çörək qazanıram yarısını Nəqliyyat Deportamenti əlimdən alır yarısın da  texniki avadanlıqlara verirəm evimə gündə bir çörək güclə alıram qardaş. Narazıyam bu hökumətdən. Heç olmasa əvvəl zavodlar, fabriklər vardı dolanırdıq. Nə olsun ki, müstəqilik, neynirik belə müstəqil olub. Müstəmləkədə olaq amma bir tikə çörəyimiz olsun.
 Daha sonra marşruta minirəm. Sərnişinlər...
 (Bəziləri) Axı bu necə sürücülərdir. Camaatı bel-belə mindiriblər. Utanmırlar. Hələ bir marşrutu çala-çökəkə də salıb bizi öldürürlər burda. Bir tikə çörək qazanmağa yer tapmışıq onu da bu marşrutlarda gecikə-gecikə itiririk. İşdən çıxardırlar bizi. Gah probka, gah filan...
(Digər sərnişinlər) Allah bu hökumətin evin yıxsın. Əvvəl Elektiçkalar vardı, Trolleybuslar, tranvaylar vardı rahat gedib gəlirdik. İndi özlərindən Amerika kəşf ediblər. Marşrutlar bel-belə minir. İnsanlar marşrutlarda bel-belə minir. Sürücüləri qınamıram. Onlar da rahat maaş alsalar belə bir vəziyyət olmaz. Onlar üzün də ayrıca alternativ yollar olsa hər şey qaydasınca olar. Heç kəs bir-birindən narazı qalmaz. Bu ölkədə yaşamaq olmur. Qaçıb gedib başqa ölkədə həyat yaşamaq lazımdır və s.
 Sürücülər. Ay qardaş Vallah yaşamaq olmur. Heç olmasa Sovetlərdə adam kimi yaşayırdıq. Bir tikə çörəyimiz vardı. Allah evin yıxsın bunların. Bizi dilənçi kökünə salıblar. Hər gün ondan-bundan söz götürməkdən artıq bezmişik. Bilmirik axşam plan verək, bilmirik marşrutun təmirinə pul verək, bilmirik də evimizə çörəkpulu aparaq. Səhərdən axşama kimi rol arxasında oluruq. Evimizə elə olur 3 manat pul aparırıq olmaz belə. Məcburuq çox adam götürək marşruta ki, heç olmasa axşam plana verəndən sonra bizədə pul qalsın. Güya bizim xoşumuza gəlir camaatı bel-belə mindirmək? Axı bizdə bu xalqın övladıyıq. Bizimdə valideyinlərimiz var. Bizim də öz qayğılarımız var. Allah bəlaların versin. Bir yönlü yollar da yoxdur ki, bir təhər edib vaxtında çatdırasan. Probkaya düşürük 5 qəpik pul alırıq oda zəhər olur.

 Nəhayət marşrutdan düşürəm və metroya daxil oluram.
 Metroda əksər vaxt sıxlıq olur. (Hamı bildiyi kimi) Metroya daxil olursan yazılır "İçərişəhər". Minirsən metroya səni "Dərnəgül" stansiyasına aparır. Hər kəs söyə-söyə geri qayıdıb yenidən yoluna davam edir. Axı bu ölkədə nə vaxt nəysə düzgün işləyəcək? "Dərnəgül" yazılanda minirsən metroya "İçərişəhər"-ə aparır, "İçərişəhər" yazılanda minirsən "Dərnəgül"-ə aparır. Bütün gün inkişafdan dəm vururlar. Metroların xarici görünüşün dəyişsələr də eramızdan əvvəlin qatarları hələdə hər kəsin həyatına təhlükədir. Hələ metroda başqa-başqa problemlər də var onları dərinliyə kimi qeyd etmirəm.

Gəlirəm Universitetə. Dekan.
-(Xatırladım ki, dekanla çox yaxın hətta dost münasibətim var) Ay qardaş bu necə olan işdi yuxarıdan gündə bir söz deyirlər. Qalırsan belə. Hələ deyirlər ki, uşaqların adına kəsir yazılıb ona görə bir gün deyirlər həll edin getsin bir gün deyirlər 555 manat yığın uşaqlardan. Kimə də pul deyirsən elə adama zəng eliyir ki, üzdən-gözdən olursan. Alınmır qardaş bu işlə rektor özü məşğul olmalıdır. Bəsdir həyatımızı 200 manat maaşa görə təhlükəyə atdıq. Bunlar onsuzda cinayətkar insandılar. Sabah bürüsü gün nəsə olsa bizim yaxamız əldə qalacaq. Onsuzda dilənçi kökünə salıb bu rejim bizi. Qardaş açır aydın az qala əl açıb dilənirik. Gedib fəhlə işləsək günü 10 manata daha çox maaş alarıq nəinki burda. Sadəcə ayıbıma gəlir ali təhsilli ağsaqqal adam gedim fəhlə işləyim. Çökəcək bu rejim Vallah çökəcək qardaş. Bu çox uzun çəkməyəcək.
Müəllimlərim. Oğul bilirəm enerjili gəncsən ged özünə iş tap peşə tap. Səni də bu quldurlar oğurlayacaqlar. Ailənə problem yaratma. Başını sal aşağı diplomunu al ged işini qur yaşa nəyinə lazımdır?
-Susuram. Başımı aşağı salıb. Müəllim davam edir.
Oğul bir bəri gəl. Bax bilirsən əslində mən səni istəyib deyirəm bunları. Bilirəm ölkə qarışıb. Səni də araya salıb aparacaqlar. Başını sal aşağı. Bax mən ali təhsilli müəlliməm. BDU, AZİ və s. yerlərdə dərs demişəm professoram. Amma gör qədr qiymətimi bilən varmı? İki yerdə işləyirəm indi ümumi maaşım 450 manatdır. Ay qardaş bax mən bunla Bakıda necə ailə saxlayım hə? Bilirəm səni də başa düşürəm, susmaq istəmirsən. Sənə əhsən deyirəm. Amma oğul Vallah sən bu quldurlara bata bilməyəcəksən. Sənin kimi 10-20 gənc var onlar üçün hazır yemsiniz. Məndə sizin vaxtınızda belə edirdim. Birdə ayıldım ki, iş tapmaq evlənmək lazımdır. Gec oldu. İndi 450 manat maaşa ağsaqqal adam onun-bunun day-daylı uşağıyla söyüşürəm. Daha ağsaqqal da saymırlar. Az qalırlar başımıza çıxalar. Hələ bunlar cəhənnəm qınamıram gəncdilər bax bu bizi bu kökə salanlar utansınlar. Ali təhsil nədir bilmirlər. Biz ölkənin gələcəyini qoruyan tələbələr yetişdirməliyik. Bizi elə bir vəziyyətə salırlar ki, az qalırıq küçələrə düşüb dilənək. Ay oğul bu ölkədə qədir qiymət bilinmir. İstedadlı uşaqsan. Get imkan varsa buralardan həyatını yaşa. Qardaş sən bacaran iş deyil.

Evə qayıdarkən yenə eyni ssituasiya yaşanır. Hər kəs, hər kəs bu rejimdən narazıdır. Zaman gələcək heç bizim də heç nədən xəbərimiz olmadan bu narazı olan etirazçı kütlə öz haqlarını tələb etmək üçün meydanlara axışacaqlar. Haqlarını tələb edəcəklər. Bu olacaq, gec-tez olacaq. Hər kəs meydanlara axışacaq. O zaman nə polislər, nə ordu, nədə kimsə o kütlənin qarışısında dura bilməyəcək. Bu rejim devriləcək...

-Oxuduğunuz üçün təşəkkürlər.