четверг, 5 мая 2011 г.

Pənah Hüseyn Koordinasiya Şurasından istefa verdi

O, bu qərarını İctimai Palatanın sessiyasında açıqlayacaq

“Mən İctimai Palatanın Koordinasiya Şurasından istefa vermişəm. Bu qərarımı İctimai Palatanın növbəti sessiyasında açıqlayacam”. Bu sözləri “Demokrat”ın əməkdaşlarının da iştirak etdiyi söhbətdə KŞ-nin üzvü Pənah Hüseyn söyləyib. P. Hüseyn deyib ki, İctimai Palatanın tərkibində qalacaq. O, KŞ-dən istefasının səbəbi kimi bu qurumda təmsil olunanlar arasında “səmimi münasibətlərin” olmamasını göstərib və qeyd edib ki, İP rəhbərliyinin tərkibinin və formasının yenidən seçilməsinə ehtiyac duyur: “Həm KŞ-nin, həm də İctimai Palatanın digər strukturlarının legitimləşməsi üçün əlavə tədbirlər görülməlidir”.

P. Hüseynin dediklərindən məlum olub ki, KŞ-nin son sessiyasında onunla KŞ-nin digər üzvü Köçəri Nağıbəyli arasında mübahisə yaranıb. Həmçinin növbəti mitinqin gününün təyin olunması məsələsi ətrafında ciddi fikir ayrılığı yaranıb. P. Hüseyn İP-nin sessiyasında mitinqlərlə bağlı qəbul olunan və etirazlara səbəb olan qərar layihəsinin onun özü tərəfindən hazırlandığını da etiraf edib. Həmçinin qeyd edib ki, KŞ-də mayın 15-nə, yaxud 22-nə mitinqin təyin olunması təklifi irəli sürülsə də, əksəriyyət buna qarşı çıxıb: “İki nəfərdən başqa bu təklifə israr edən olmadı. Mitinq barədə qərarların verilməsi üçün həm Müsavatın, həm də AXCP-nin eyni mövqedən çıxış etməsi, hesab edirəm ki, vacib şərtdir. Əgər bu yoxdursa, KŞ-nin digər üzvlərinin hansısa qərarı keçirməyə cəhd göstərməsi doğru olmazdı”.

P. Hüseyn İP-nin mübarizəni səngidəcəyi haqda rəylərin də yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə narahatçılıq üçün heç bir əsas yoxdur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, KŞ-nin indiki tərkibinin formalaşmasında P.Hüseynin də önəmli rolu olub.