суббота, 14 мая 2011 г.

Gəncədə 13 yaşlı qızın toyunun qarşısı alınıb




Gəncə polisi 13 yaşlı qızın ərə verilməsinin qarşısını alıb. ANS TV-nin məlumatına görə, özündən təxminən 20 yaş böyük olan Kamal adlı Beyləqan rayon sakininə ərə verilən qıcığazın iki ay bundan öncə cəmi 13 yaşı tamam olubmuş.

Gəncə şəhər Polis İdarəsinin rəisinin müavini İlqar Balakişiyevin sözlərinə görə, toyun qarşısını almaq üçün dərhal profilaktiki tədbirlər keçirilib.“Hər iki tərəf çağırılıb, belə bir halın qanunla yolverilməzliyi izah olunub.

8-ci sinif şagirdi olan qız ailə quracağı kişini cəmi bir neçə gündür ki, tanıyırmış. Ərə getməyə etiraz etmədiyini bildirən azyaşlı gəlin anasının təkidi ilə razı olduğunu deyib. Qız mayın 2-də nişanlandığını, ondan öncə ərə gedəcəyi şəxsi görmədiyini bildirib.

“Mənimlə, böyüklərimizlərlə də danışdı razılaşdı. Mən də razı oldum. Məni evimizdə görmüşdülər. Dayımqızına baxmağa gəlmişdilər, sadəcə məni bəyəndilər”, deyə 13 yaşlı yeniyetmə bildirib.

Qızın söylədiklərindən də belə məlum olur ki, ona müştəri düşənlər sanki mal bəyənirmişlər, qızı görən kimi xoşlayıb, elə sövdələşməni də yubatmayıblar.

Atası bir neçə il bundan öncə vəfat edən qızın anası Farmoza Orucova bir neçə gün öncə tanıdığı ailəyə körpə övladını ərə verməyə qıymasını özünün xəstə olması ilə əlaqələndirib. Qızının təhsil aldığı məktəbdə qapıçı işləyən Farmoza Orucova özünün də 13 yaşda ərə getdiyini və burada bir qəbahət olmadığı söyləyib.

“13 yaşında ərə getmişəm. İndi də canım xəstədir, səhhətimə etibarım yoxdur, atasız uşaqdır. Bir qızım var, o da köçüb. Öz əmri, xahişi, istəyi ilə olub. Həm şəkərəm, həm də təzyiqim var. Ona görə də məsləhət görmüşəm ki, uşağım sabah ortada, əldə qalmasın”, deyə qız anası bildirib.

Qeyd edək ki, qadın özü 13 yaşında ərə getsə də uzun müddət sonsuzluqdan əziyyət çəkdiyinə görə 40 yaşından sonra dünyaya iki uşaq gətirib. Polis öz övladına da bu aqibəti rəva bilən 54 yaşlı F.Orucovanın qızını satmaq istəməsi ehtimalını da istisna etmir.

Belə ki, cəmi 40 nəfərlik tələsik toy edən ailələr toyun sabahı günü evliləri bal ayı adı ilə Türkiyəyə yollamaq niyyətində olub. Bunun üçün artıq aviabiletlər də alınıbmış. Qızın toydan öncə həkim müayinəsindən keçirilməsi, həmçinin bakirəliyinə dair arayışın da alınması bir daha belə bir şübhəyə düşməyə əsas verir.

Polis tərəfindən saxlanılan qız artıq ailəsinə təhvil verilib. Onun anası Farmoza Orucovadan, eləcə də ailə həyatı qurmalı olduğu, özündən 20 yaş böyük Kamal adlı şəxsin izahtaları alınıb. Yetkinlik yaşına çatmayan yeniyetmə ilə ailə həyatı qurmaq istəyən Kamal öz izahatında bildirib ki, evlənəcəyi qızın 13 yaşı olduğundan xəbərsiz olub. Giya ona həmin qızın 18 yaşında olduğunu deyiblər. Qızın anası Farmoza Orucova isə 13 yaşlı yeniyetmənin bakirəliyi haqqında arayışın alınmasını qızının səhhətinin tibbi müayinədən keçirilməsi ilə izah edib.

Bunlara baxmayaraq Gəncə Şəhər Polis İdarəsində əldə olunmuş faktla bağlı araşdırma aparılır. Çünük qızın satılaraq başqa bir ölkəyə göndərilməsi ilə bağlı versiya hələ də qüvvədədir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə, nigah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyən olunub. Azyaşlı şəxslə cinsi əlaqədə olmaq isə cinayət məsuliyyəti yaradır.

Комментариев нет:

Отправить комментарий

Forum