среда, 26 октября 2011 г.

Azərbaycan və "Demokratiya".

"Demokrat" Gənclər Təşkilatı "Demokratiya nədir? - Azərbaycanda demokratiya" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada çıxış edən Gənclər təşkilatının sədri Rövşən Əsədov deyib ki, demokratiya xalqın hakimiyyəti və xalqın azadlığıdır. Amma Azərbaycanda bunların heç biri yoxdur. Onun sözlərinə görə indiki rejim demokratiyanın qurulmasına maneədir. "Azadlıq" qəzetinin yazarı Xaliq Bahadır ölkə başçısı İlham Əliyevin demokratiyadan uzaq olduğunu, demokratik prinsiplərə dəyər vermədiyini xatırladıb. Köşə yazarı Ərəb ölkələrindəki baş vermiş proseslərin tezliklə Azərbaycana keçəcəyini ümid edərək, bunun üçün gənclərin fəal şəkildə iş aparmasının vacib olduğunu bildirib.
Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə demokratiya cəmiyyətdəki hakimiyyət bölgüsü sayılan icra, qanunverici və məhkəmə hakimiyyətinin bir-birinə nəzarət mexanizmidir. Bu sistemlər bir-birinə nəzarət etdiyi halda ölkədə normal demokratik cəmiyyət qurula bilər. Bunun üçün isə ictimai şüur formalaşmalıdır. Demokratiyanın kökündə qanunun aliliyi, hüquqi dövlət və güclü vətəndaş cəmiyyəti dayanır. Oruclu da bu təməl prinsiplərin formalaşması üçün çağdaş gənclərin fəallaşmasının gərək olduğunu deyir.
Öz növbəsində AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli ölkədə demokratik cəmiyyətin qurulması üçün ədalətli bərabərlik prinsiplərinə söykənən seçki prosesinin vacib olduğunu vurğulayıb. O, güclü demokratik dövlətin formalaşması üçün insan hüquqları və azadlıqlarının təmin olunmasının başlıca amil olduğunu deyib. "Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil "-deyən Nurəddin Məmmədli cəmiyyətin buna hazırlanması üçün demokratik islahatların aparılmasının da vacib olduğunu önə çəkib.
 Keçmiş siyasi məhbus Rövşən Kəbirlinin fikrincə Azərbaycanda demokratiyanın formalaşması üçün siyasi iradənin və demokratiyanın təməl prinsipləri olan söz azadlığına, ifadə azadlığına hörmət edilməsi önəmli məsələdir. Bunun üçün Azərbaycanda kağız üzərində qalan demokratik qanunlar icraya yönəlməlidir.

Комментариев нет:

Отправить комментарий

Forum