вторник, 3 мая 2011 г.

İSA QƏMBƏR İSTİNTAQDA İKİNCİ DƏFƏ DİNDİRİLDİ Müsavat başqanı bildirib ki, ortaya çıxan yeni sualları ona yönəltmək istəyiblər


Müsavat Partiyasının başqanı, İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü İsa Qəmbər İP-in aprelin 2-də Bakıda keçirdiyi mitinqlə bağlı başlanan cinayət işinin istintaqında şahid qismində ifadə vermək üçün dünən yenidən Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindirilib. Saat 11:08-də BŞBPİ-nin binasına daxil olan İsa Qəmbər 15:23-də oradan çıxdı.


Bu dəfə də İsa Qəmbər BŞBPİ-yə daxil olarkən polis əməkdaşları onun üzərini yoxladılar və mobil telefonu içəri aparmasına icazə vermədilər.

Dindirmədən qayıdan İsa Qəmbər “Yeni Müsavat”a açıqlamasında istintaqa çağırmaqla İP-ın dünən keçirilən sessiyasında iştirak etməyinə mane olduqlarını dedi: “2 aprel mitinqi ilə bağlı cinayət işi açıblar. Bu sifarişli, qurama bir cinayət işidir. Bununla bağlı ikinci dəfə məni istintaqa dəvət etmişdilər. Yenə də 2 aprel mitinqi və İctimai Palatanın fəaliyyəti ilə bağlı çoxlu suallar oldu. Onların suallarına cavab verdim və bu dəfəlik yekunlaşdırdıq. Sadəcə olaraq İctimai Palatanın sessiyasında iştirakıma mane oldular. İmkan vermədilər ki, sessiyada iştirak edək”.
İsa Qəmbər bildirdi ki, bu dəfə də onu Bakı şəhər prokurorunun 1-ci müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev və digər bir müstəntiq dindirib.
Müsavat başqanı dindirilməsi ilə bağlı “Mediaforum” saytına da danışıb. Müsavat başqanının sözlərinə görə, ikinci dəfə ifadəyə çağırılmağın səbəbini istintaqçılar belə izah ediblər ki, aparılan istintaq nəticəsində bir sıra suallar yaranıb: “İstintaqın gedişində yaranan bəzi suallar var. Həmin sualları mənə yönəltmək istəyiblər”.
İ.Qəmbər “İstintaq qrupu Müsavat Partiyasının qərargahında axtarış apararaq bir sıra sənədlər götürüb. Həmin sənədlərə yeni xüsusatlar ortaya çıxıbmı” sualına belə cavab verib: “Müsavat Partiyasının qərargahından götürülən sənədlərin hamısı mətbuatda dərc olunub. Həmin sənədlərdə hüquq-mühafizə orqanlarını maraqlandıracaq məqamlar olmamalıdır. Əksinə, mediada dəfələrlə dərc olunan həmin sənədlər hakimiyyətin ciddi marağına səbəb olmalıdır, iqtidar həmin sənədləri ciddi öyrənib nəticələr çıxarmalıdır”.
İsa Qəmbərin sözlərinə görə, istintaqçılar ona birlikdə nahara çıxmağı təklif ediblər: “Mən əvvəlcə təklifi qəbul etmədim və söhbəti davam etdirməyi istədim. Lakin təkid etdilər. Belə çıxdı ki, təklifi qəbul etməsəm, onlar da nahar etməyəcəklər. Ona görə də istintaq otağında birlikdə nahar etdik”.

Комментариев нет:

Отправить комментарий

Forum