вторник, 3 мая 2011 г.

MÜXALİFƏTSİZ AKSİYA QƏRARI MÜSBƏT QARŞILANIR Arzu Səmədbəyli: “Dünyada bu proseslərin önündə gənclər gedir” Fuad Qəhrəmanlı: “Bu, Azərbaycan gəncliyinin müstəqil addım ata bildiyini göstərir”

Sosial şəbəkələrdə aktiv şəkildə təşkilatlanan gənclər yenidən etiraz aksiyalarına hazırlaşır. Martın 11-dən başlanan gənclik hərəkatı may ayında daha kütləvi xarakter alacaq. Artıq gənclər Facebook sosial şəbəkəsində növbəti mitinqlərlə bağlı müzakirə və çağırışlara başlayıb. 11 mart aksiyasının təşkilatçılarından olan və barəsində cinayət işi açılan Elnur Məcidli Facebook-da bəyan edib ki, İctimai Palatanın (İP) mitinqlərlə bağlı hansı qərar verməsindən asılı olmayaraq gənclər etiraz aksiyalarını davam etdirəcək.

Müsavat”a açıqlamasında bildirdi ki, belə aksiyalar insanların öz hüququdur: “Bu hüquqdan istifadə edərək gənclər aksiyalar keçirdə bilərlər. Burada qeyri-adi heç nə görmürəm. Belə etirazları çox normal qarşılayıram”.
Arzu Səmədbəyli “Belə aksiyalar müxalifəti kölgədə qoya bilərmi” sualına belə cavab verdi: “İndiki halda dünyanın bütün ölkələrində baş verən proseslərdə gənclər öndə gedir. Əgər Azərbaycanda gənclər fəallaşacaqsa, önə çıxacaqsa, meydanlarda olacaqsa, buna yalnız sevinmək lazımdır. Gənclik nə qədər ayaq üstə olsa, öz hüquqları uğrunda fəal mübarizə aparsa, bunun ictimai-siyasi proseslərə də müsbət təsiri olar”.
Gənclərlə birgə aksiyaya gəldikdə A.Səmədbəyli bunun gənclərdən asılı olduğunu bildirdi: “Bu onların istəyindən asılıdır. Çünki onlar müstəqil düşünməlidirlər”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da gənclərin müstəqil aksiyalarını dəstəklədiyini bildirdi: “İctimaiyyətdə yanlış bir fikir formalaşıb ki, mitinq və kütləvi aksiyaların keçirilməsi müxalifətə aid olan məsələdir. Bu, kökündən yanlış yanaşmadır. Əgər cəmiyyətin hansısa bir kəsimi ölkədəki problemlərin həllinə ictimai diqqət yönəltmək, etiraz səsini qaldırmaq istəyirsə, onlar müxalifəti gözləmədən aksiyalara başlamalıdır. Bu baxımdan aksiyaların başlaması, qərarın qəbul olunması, regionda daşqınlarla bağlı aksiyaların keçirilməsi kütləvi siyasi fəallığın artmasına səbəb olan amillərdəndir. Ölkədə güclü demokratik dəyişikliklərə nail olmaq istəyiriksə, mitinqlərin keçirilməsi müxalifətlərin hüdudlarından aşmalıdır. Ayrı-ayrı gənclər klubları, əhalinin narazı təbəqələri bu cür aksiyaların sayını artırmalıdır. Biz də bu cür aksiyaların keçirilməsinə, insanların sərbəst toplaşmasına dəstək verməyə hazırıq. Əhalinin nə qədər böyük təbəqəsi belə proseslərə cəlb olunarsa, qarşıda duran hədəflərə daha tez çatmaq olar. Bu proseslər artıq Azərbaycan gəncliyinin müstəqil addım ata bilmələrini göstərir. Bu, çox müsbət bir haldır”.
Bildirək ki, gənclər sosial şəbəkələrdə fəallığı artırıb və yaxın günlərdə Bakıda növbəti etiraz dalğası gözlənilir. Sosial şəbəkələrdə başlanmış müzakirə və məsləhətləşmələr də onu deməyə əsas verir ki, etirazçı gənclik tezliklə mitinq vaxtını təyin edəcək. Çox güman ki, bu, may ayının ilk ongünlüyündə dəqiqləşəcək.
Onu da yada salaq ki, Azərbaycan hakimiyyəti Elnur Məcidli ilə bağlı İnterpola axtarış verdirib və gənc fəala qarşı dövlət çevrilişi ittihamı irəli sürüb. Qeyd edək ki, İP-in aprelin 29-da keçirilən növbəti sessiyasında mayın 15-də mitinq keçirməklə bağlı təklif İP üzvləri tərəfindən dəstəklənməyib. İP-in yığıncağında qərara alınıb ki, mitinqlə bağlı Koordinasiya Şurası yaxın günlərdə keçirəcəyi toplantısında fikirlərini qətiləşdirsin.

Комментариев нет:

Отправить комментарий

Forum